Çaylı xalçası
Nümunənin reyestr kodu : SD0101040003
“Çaylı xalçası” Gəncə xalçaçılıq qrupuna daxil olan xovlu xalça nümunəsidir. Bu xalça öz adını Gəncə şəhərinin 20 km cənub-şərqində yerləşən Çaylı kəndinin adından götürmüşdür. “Çaylı xalçası” əvvəlcə Çaylı kəndində toxunmuş, daha sonra Gəncənin özündə (“Gəncə-şəhər” adı ilə) və Goranboy rayonunun xalçaçılıq məntəqələrində toxunmağa başlamışdır. Xalça ustaları arasında bu xalçalar “Qazaxça”, ”Gəncə-şəhər”, “Şirvan”, "Öysüzlü", "Qaraxanlı” adları ilə də tanınır.
“Çaylı xalçası” Şirvan xalçaçılıq məktəbindən olan “Qobustan” xalçaları və “Mərəzə” xalçalarının orta sahəsindən götürülmüş bəzi elementlərin bir qədər dəyişdirilərək “Gəncə” xalçalarının texniki xüsusiyyətlərindən istifadə edilərək toxunmuşdur. Gəncə xalçalarında daha çox səkkizbucaqlı və ya ulduz formalı naxışlara, həmçinin xalça boyunca sıra ilə düzülmüş həndəsi medalyonlara rast gəlinir. Bu xalçalar üçün ənənəvi olan rənglər göy, tünd göy və parlaq qırmızıdır. Qədim dövrlərə aid Gəncə xalçaları yundan toxunmuşdur. Bir qədər müasir xalçalarda isə pambıq və yun iplərdən istifadə olunmuşdur. Gəncə xalçalarının istehsal edildiyi ərazi Qazax və Qarabağ bölgələri arasında yerləşdiyindən Gəncə xalçalarında bu bölgələrin xalçaçılıq ənənələrinin də təsirini görmək mümkündür.
“Çaylı xalçası”nın orta sahəsində məhz bu xalçalara xarakterik olan və xalçanın əsas elementi sayılan uzunsov altıbucaqlı qırmızı yerlikli iri göl verilmiş və qara rəngli yerliyi olan ara sahənin sərbəst qalan yerləri “Bəndi rumi” adlanan torşəkilli naxışla bəzədilmişdir. “Bəndi rumi” adlanan torşəkilli naxışların oyuqlarında isə çiçək formasında naxışlar işlənmişdir.
“Çaylı xalçası”nın ölçüləri 120x180 sm-dən 150x250 sm-ə qədər dəyişir, bir kvadrat desimetrə düşən ilmələrin sıxlığı isə 33x33 ilmədən 40x40 ilməyə qədərdir. Bir kvadrat metrdə 108-160 min arası ilmə yerləşir. “Çaylı xalçası”nda xovun hündürlüyü 6-8 mm-dir.