AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Borçalı xalçası

Nümunənin reyestr kodu : SD0101060002

Qazax qrupuna aid xalça kompozisiyasıdır. Qazax rayonunun şimal-qərbində yerləşən Borçalı rayon mərkəzinin (Gürcüstan ərazisindəki indiki Marneuli) adını daşıyır. Borçalı xalçalarında qırmızı rəngli ara sahədə əsas yeri ağ rəngli xaçşəkilli elementlə bəzədilmiş medalyon tutur, ara sahə doldurucu elementlərdən azaddır. Ara sahəni bəzəyən medalyon Azərbaycan dekorativ sənətinə xas 8 bucaqlı formada tərtib edilir, xalçanın yuxarı və aşağı hissəsində iki ədəd eyni formalı göl yerləşdirilir.

Borçalı xalçaları bir neçə variantda toxunur. Birinci variantda xalçanın ara sahəsi mərkəzi simmetriya oxuna şaquli yerləşən xaçşəkilli motivlərə malik göllər və gölün 4 tərəfində yerləşən ağac təsvirlərindən formalaşır. İkinci variantı Qazax rayonundan “Fəxralı” adını daşıyan xalçalar təşkil edir. Borçalıda bu xalçalar “Qurbağaoğlu” və ya “Qurbağalı” adı ilə tanınır. Bu variantın kompozisiyası “Əjdahalı” xalçalardan götürülmüş motivlərdən – medalyon şəklində verilən və palmetləri qoruyan əjdahalardan təşkil olunmuşdur. Bəzilərinin ara sahəsində bir-birinin ardınca sıra-sıra göllər yerləşir. Digərlərində bu göllərin birləşməsi uzunsov formalı fiqur əmələ gətirir. Borçalı xalçalarının 3-cü variantını “Ziynətnişan” və ya “Zeyvənişan” adları ilə tanınan xalçalar təşkil edir. Bunlar əsasən Borçalı rayon mərkəzinin şimal-qərbində yerləşən Qızılca və ya Qızılhacılı kəndində toxunur. Bu xalça digərlərindən ara sahənin mərkəzində yerləşən xaçşəkilli medalyona görə fərqlənir. 4-cü varianta “Ləmbəli” adlı xalçalar daxildir. Bu xalçaların kompozisiyasının əsasını bərabər tərəflərə malik xaç şəklinin daxil edildiyi 8 guşəli göllər – medalyonlar təşkil edir. Tez-tez ara sahədə eyni tipdə 3 gölün təsvir olunduğu xalçalara da rast gəlinir. Bu xalçaların 5-ci variantı da “Ləmbəli” adlanır. Bunlar 1-ci və 4-cü variantlarla oxşar olsalar da, onlardan ölçüləri və ara sahədəki göllərin rənginə, xüsusən də göllərin növbələşməsinə görə fərqlənirlər.

“Borçalı” xalçalarının ornamental motivlərində totem təsvirlərini və ya mifoloji inanclardan qalma izləri görmək mümkündür. Bir zamanlar dini-mistik xarakter daşımış bu motivlər zaman keçdikcə dini əhəmiyyətini itirmiş, adi dekorativ elementlərə çevrilmişlər.

“Borçalı” xalçaları müxtəlif ölçü və formatlarda toxunur. Ləmbəlidə nisbətən iri xalçalar toxunur. İlmələrin sıxlığı 30x30-dan 35x35-dək, xovunun hündürlüyü isə 8-12 mm olur.

Azərbaycandakı hər bir xalça nümunəsi məxsus olduğu regiona xas bədii-texniki xüsusiyyətləri özündə cəmləşdirir. Ərazisi əsasən dağlıq yerlərdən ibarət olan Borçalı regionunun xalçaları da iqlimin təsiri ilə formalaşmış, qalınlığı və yumşaqlığı ilə seçilmişlər. Bu xalçalardan məişətdə döşənəcək, divar örtüyü kimi istifadə edilmişdir. Onların əriş, ərğac və xov ipləri, bir qayda olaraq, yundan əyrilmiş, bu məqsədlə müxtəlif qoyun cinslərinin yunundan istifadə edilmişdir.

Borçalının əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Bəzi məlumatlara görə, bölgənin əhalisini Cənubi Azərbaycanın Sulduz rayonunun Böyük Bozçalı qəbiləsinə məxsus nəsillər təşkil edir. Həmin nəsillər Səfəvilər dövründə sərhədlərin etibarlı müdafiəsi üçün Bozçalıdan Qazaxın şimalına (indiki Gürcüstan ərazisinə) köçürülmüşlər. Ölkənin şimalına köçürüldükdən sonra onlar Qazax xalça məktəbinin təsiri altına düşmüş və onlardan ruhlanaraq xalçaçılıq ənənələrini daha da inkişaf etdirmişlər.