AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalçaçılıqda ölçmə və yoxlama vasitələri

Nümunənin reyestr kodu : SD0402000013

Xalçaçılıqda ardıcıl olaraq özünü göstərən təkmilləşmə ölçmə və yoxlama vasitələrinin üzə çıxmasında özünü göstərmişdir. Azərbaycan xalçalarında en və boy sıxlığı əsasən bərabər olur, buna görə də hesablama və nəzarət asanlaşır. Tarixən 25x25-100x100-ə qədər müxtəlif sıxdıqlarda xalı, xalça və digər məmulat toxunmuşdur. Xalçaçılıq sənətində 25x25-40x40 aşağı, 40x40-50x50 orta və 50x50-70x70 yüksək sıxlıq hesab olunur. Normalar pozulduqda artıq material işlədilir, sıxlıq pozulur və s. nöqsanlar baş verir.

Xalça-palaz toxuculuğunun hər bir mərhələsində ənənəvi olaraq ölçmə və yoxlamalara böyük önəm verilir. Məsələn, kücü ağacının başlanğıc nöqtəsinin düzgün təyin edilməsi, kücünün eyni sıxlıqda götürülməsi, xalçanın ilmə sıxlığının düzgün müəyyənləşdirilməsi zamanı xətkeş vasitəsi ilə kücü ağacı üzərində ərişlərin başlanğıc nöqtəsi nizamlanır, kücünün başlanacağı yer dəqiq təyin edilir. Bundan başqa kücü üzərində ilmə sıxlığının pozulmaması üçün yoxlamalar aparılır. Ərişləri bir-birindən yaxşı ayırmaq və kücügötürməni asanlaşdırmaq üçün onların arasına ağac salmaq, hər bir ərişi götürərkən onun dolaşıb-dolaşmadığına, tək, yaxud cüt gəldiyinə, öz yerində düzgün durub-durmadığına, kücü saplarının bərabərləşdirilməsinə diqqət yetirilir. Çeşnilər isə rənginin, naxışının sayına, həndəsi və ya nəbati ornamentlərdən istifadə olunmasına və toxunacaq xalçanın sıxlığına görə bir neçə mürəkkəblik dərəcəsinə bölünür.

Müasir dövrdə xalçaçılıq sənətində bir sıra ölçmə və yoxlama vasitələri, o cümlədən xətkeşlər, sıxlıqölçən, xovölçən və s. işlədilir. Bu xalçaçılıqda baş verən texnoloji təkmilləşmə ilə yanaşı, xalça məhsullarının keyfiyyətinə olan tələblərin artması ilə bağlıdır.

Müasir xalçaçılıqda istifadə edilən, uzunluğu 10-60, 100, 150 və 200 sm olan müxtəlif xətkeşlərlə xalçanın yatı, sıxlığı yoxlanır, sahəsi ölçülür. Xalı və xalçanı yerə sərməklə onların ölçüsünü, qüsurlu və ya qüsursuz olduğunu bilmək üçün sabit ölçmə vasitələri vardır.

Xovölçən xətkeşin (10 sm) hər iki üzündə millimetr bölgüləri və bir məhdudlaşdırıcı vardır. Xalça dəzgahda olanda və ya yerdə olarkən xətkeş xova daxil edilərək sona qədər yeridilir, məhdudlaşdırıcı xova çatana kimi sürüşdürülür, sonuncu bölgü qeydə alınır. Sıxlıqölçən sadə və mürəkkəb növlərə ayrılır. Sadə sıxlıqölçən kvadrat formalı və bükülən formalı olur. Sadə sıxlıqölçənlərdən ən çox fabrik və emalatxanalarda, mürəkkəb sıxlıqölçənlərdən isə xalçaçılıq labaratoriyalarında və muzeylərdə istifadə olunur. Sadə, kvadrat formalı sıxlıqölçən 90 dərəcə bucaq altında birləşdirilmiş 10 sm-lik dörd metal xətkeşdən ibarətdir. Bükülən növlər isə iki xətkeşin 90 dərəcə bucaq altında birləşməsindən əmələ gəlir. Sıxlıqölçən xalçanın arxa üzündən ilmələrin və ya çinlərin istiqamətində qoyulur və 10 sm-də onların sayı müəyyənləşdirilir. Xətkeş xalçanın arxa üzündə, beş müxtəlif yerdən təkrarən çəpinə qoyulur, alınmış orta rəqəm əriş və arğacın ümumi sıxlığını göstərir.

Xeyli əvvəllər toxunmuş, işlənib formasını dəyişən xalça və xalça məmulatının sıxlığı mürəkkəb sıxlıqölçənlərlə təyin olunur. Bu alət onun mərkəzində lupa və kiçik elektrik lapması olan 10 sm-lik dörd metal xətkeşdən ibarətdir, işlədilmə qaydası da sadə növlərdə olduğu kimidir. Bu ölçmə və yoxlama vasitələrindən başqa, xalça fabriklərində əriş və arğac açmaq üçün sadə çarxlar, itiləyici avadanlıq, nücügötürmə dəzgahı və digər alət və avadanlıqlar işlədilir. Yun, pambıq, ipək və s. xalçaçılıq materiallarının nömrə, qırılma və dartılma qabiliyyətlərini, eləcə də digər xassələrini yoxlamaq üçün labaratoriyalarda müvafiq aparatlar, ölçü vasitələri və alətlər vardır.

Azərbaycan xalçaçılığında ilmə uzunluğu bütün xalçalar üçün eyni ölçüdə olmur. O, xalçanın hansı xalçaçılıq məktəbinə aid olması, hansı sıxlıqda toxunması və digər göstəricilərlə əlaqədar dəyişir. Məsələn, Quba-Şirvan, Bakı və Qarabağda toxunan xalçalara nisbətən Gəncə-Qazax qrupunda ilmə uzunluğunun norması böyük götürülür. Bu qrupda xov daha qalın olur. Sıxlıq aşağı olanda ərişin diametri böyük götürülür, bu cür qalın ərişlərə dolandıqda ip çox işlənir və nəticədə ilmənin uzunluğu artır. Xalçanın qrup və sıxlığına görə ilmənin uzunluğunun hər iki hissəsində də dəyişiklik əmələ gəlir. Məsələn, 40x40 olan xalçada ilmə uzunluğu 26-28 mm olduğu halda, sıxlıq 35x35 götürüldükdə ilmə uzunluğu dəyişərək 32-34 mm olur. Sıxlıq 55x55, 60x60 və daha yüksək olan məmulatda, süjetli tematik xalçalarda xov qısa götürülür və nəticədə ilmə uzunluğu azaldılır. İlmənin dəqiq öyrənilməsi üçün onun hissələrə bölünüb ardıcıl izah olunmasının texnoloji və iqtisadi əhəmiyyəti vardır.

Sıxlıq isə xalçanın ilmələrinin və çinlərinin bir-birinə yaxın, yaxud uzaqlığını müəyyənləşdirən əsas göstəricidir. Əgər bir xalçanın sıxlığı 40x40-dirsa, deməli onun eninin hər 10 sm-də 40 ilmə (40 cüt əriş), uzunluğunun hər 10 sm-də isə 40 çin vardır. Yalnız sıxlıq hesablanıb müəyyənləşdirildikdən sonra çeşninin hazırlanması, nə qədər material, nə qədər iş saatı lazım olması, dəzgahın qurulması və s. məsələlər haqqında təsəvvür yaranır. Xalça toxunub qurtardıqdan sonra onun ölçüsünü və sıxlığını öyrənib dəqiqləşdirməklə məmulatın hazırlanmasına nə qədər material işlənməsi və s. müəyyənləşdirilir.