AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qarabağ qrupu xalçaları

Nümunənin reyestr kodu : SD0101050001

Qarabağ xalçaları Azərbaycanın Qarabağ iqtisadi regionuna daxil olan Bərdə və Ağcabədi rayonlarında toxunan xalça və xalça məmulatını əhatə edir. Bərdə rayonu, əsasən, “Bərdə”, “Xan-Qərvənd”, “Aran”, “Qoca”, “Buynuz”, “Dəryanur”, “Açma-yumma”, “Şabalıd-buta”, “Balıq” kimi xovlu xalçaları və şəddə, vərni, zili kimi xovsuz xalçaları ilə məşhurdur. Bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalçaları da Qarabağ xalça məktəbinə daxildir. Qarabağın aran hissəsində yerləşdiyi üçün xalça ustaları arasında bu xalçalar həm də “Aran xalçaları” adı ilə tanınır. Ağcabədidə isə “Ləmbəran”, “Xantirmə”, “Qarabağ” xovlu xalçaları və cecim çox geniş yayılmışdı. Ölçüsü 2 kvadratmetrlə 15 kvadratmetr arasında dəyişən bu xalçaların xovunun hündürlüyü 6 mm-dən 1 sm-dək, ilmə sıxlığı isə xalçaçıların naxışlara, çeşnilərə yaradıcı münasibətindən, mənsub olduğu tayfanın ənənəvi xalça çeşnilərinin toxunuş texnologiyasından asılıdır. Burada “Dəst xəli-gəbə” (üç hissədən ibarət uyğun kompozisiyalı xalçalara verilən ad) daha çox inkişaf etmişdi.

Bərdənin Ləmbəran, Seyid Yusifli, Quşçular, Kürdlər, Xoruzlu və Çələbilər kəndləri qədim zamanlardan bəri xovlu və xovsuz xalçaların, xalça məmulatının hazırlandığı yaşayış məntəqələridir. Bərdənin ən məşhur xalça çeşnilərindən olan “Çələbi” xalçaları rayonun eyni adlı kəndində formalaşmış, sonradan Dağlıq Qarabağda, Aranda, XIX əsrdən etibarən isə Qazax mahalında yayılaraq burada da məşhurlaşmışdı.

Qarabağ xalçaları xovlu və xovsuz texnika ilə toxunmasından asılı olaraq iki qrupa bölünür. Xovsuz texnika ilə toxunanlara həsir, çətən, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax və ladı adlı xalçalar, xovlu xalçalara isə xalı və xalçalar daxildir. Bərdə şəhərindən 30 km aralıda yerləşən Ləmbəranda toxunan “Həmyan”, “Saya cecim”, Ağcabədi, Xəlfərəddin kəndlərində “Obagəzər” adlı ipək cecimlər, Bərdədə istehsal olunan vərnilər bütün Qafqazda məşhur idi.

Qarabağın xovlu və xovsuz xalçalarının ölçüsü başqa bölgələrə nisbətən böyükdür. Bu bölgədə 2 kvadratmetrdən 20 kvadratmetrə, ölçüsü bəzən 25-30 kvadratmetrə çıxan xalçalar toxunur. Mürəkkəb kompozisiyası ilə seçilən Qarabağ xalçalarının ara sahəsinin bəzədilməsində bitki elementlərindən, məişət əşyalarının təsvirindən, insan və ya heyvan təsvirlərindən, müxtəlif formalı həndəsi elementlərin təsvirindən istifadə olunur. Ümumiyyətlə, Qarabağ xalçalarında həndəsiləşmiş bitki elementlərindən xalçanın bəzədilməsində geniş istifadə olunur. Rəng palitrası isə Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlərindən gələn şux və parlaq rənglərdən ibarətdir. Bu bölgədə qırmızı və çəhrayı rənglər boyaq bitkisindən, sarı və sarımtıl rənglər sarıçöp, sarıgüldən, noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından, sürməyi və göy rənglər isə təbii indiqodan alınır.

Qarabağ xalıları bədii xüsusiyyətləri və toxunma üsuluna görə Təbriz xalçaları ilə uyğunluq təşkil edir. Bu qrupa aid “Qarabağ”, “Balıq”, “Naxçıvan”, “Dəryanur”, “Xantirmə”, “Ləmbəran” və başqa xalçalar ağ, sarı, qırmızı, tünd göy, göy, çəhrayı, qara, mavi, tünd qırmızı, yaşıl, bənövşəyi və onların çalarlarını əks etdirir. Ara sahənin fonu üçün qırmızı, tünd göy, bəzi hallarda qara, yaxud ağ rənglərə, ara haşiyənin fonu üçün isə qırmızı və ağ rənglərə üstünlük verilir.

Qarabağda xalçaçılıq sənətinin tarixi qədimlərə gedib çıxır. X əsr ərəb müəllifi əl-Müqəddəsinin Bərdə şəhərinin bazarlarında rast gəldiyi Qarabağ xalçalarını “...misli bərabəti olmayan əl işləri” adlandırması, Nizami Gəncəvinin (XII əsr) “İsgəndərnamə” poemasında Bərdə hökmdarı Nüşabənin sarayının nəfis xalçalarla bəzədilməsi haqqında qeydlər bölgədə xalçaçılığın qədim tarixindən xəbər verir. Amma, təəssüflər olsun ki, xalçaçılıq sənətinin bu qədər qədim tarixinin olduğu bölgədə XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən yeni xalça çeşniləri yaranmır. Xalçalar, bir qayda olaraq, qədim çeşnilər əsasında toxunur.