AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Heybə

Nümunənin reyestr kodu : SD0104000005

Məlumdur ki, çox qədimlərdən insanlar əldə etdikləri məhsulları, zəruri məişət əşyalarını qucaqda, əldə, beldə, başda, çiyində daşımışlar. Buna görə də sadə yük daşıma vasitələri nəqliyyatın ən qədimi hesab olunur. Piyada nəqliyyat növü insan qüvvəsi ilə müxtəlif adlı və təyinatlı məişət yüklərinin yerdəyişməsi ilə səciyyələnir. Bu baxımdan insanın özünün ən qədim nəqliyyat vasitəsi hesab edilməsi heç də təsadüfi deyildir. Zaman keçdikcə yükün ağırlığını bərabər bölüşdürmək, onu uzaq məsafələrə daha rahat daşımaq üçün müxtəlif vasitələrdən istifadə zəruri ehtiyaca çevrilmişdir. Xalqın empirik biliklərinin nəticəsi olaraq meydana çıxan müxtəlif ölçülü səbət, eləcə də, bağlama, şələ, boyun torbası, çiyin ağacı (düşəli) və xurcun uzaq məsafələrə yük daşımaq üçün daha rahat idi. Bunların içərisində heybənin də xüsusi yeri olmuşdur.

İnsanlar həftəbazarına alış-verişə getdikdə, qonşu kəndlərə və yaxın şəhərlərə yola çıxdıqda, adətən, heybədən istifadə edirdilər. Çiyindən aşırılmış heybə ağırlığı tənzimləyir və beləliklə də yolçunu az yorurdu. Heybə, bir qayda olaraq, xovsuz (ilməsiz) toxunuşlu palaz məmulatından hasilə gətirilirdi. Palaz məmulatı yalnız əriş və arğac iplərinin müəyyən qaydada çarpazlaşdırılıb bir-birilərinin arasından keçirilməsi yolu ilə toxunub hazırlanırdı. Toxuma texnikasına, bəzək-nəqş tərtibatına görə palaz məmulatı saya və güllü olmaqla iki tipoloji növdə toxunurdu. Heybə, adətən, güllü və zolaqlı palaz məmulatından toxunur, bu cür məişət müxəlləfatının (məfrəş, çuval, xurcun, heybə) hazırlanmasında spesifik toxuma texnikasından istifadə olunurdu.

Heybənin materialını “dirək” adlanan hanada toxuyurdular. Onu tikərkən materialı iki qatlayıb ortasından, piyada adam üçün tikiləndə adamın çiyni enində, at üçün hazırlananda atın beli enində açıq hissə saxlanılırdı. Sonra hər iki tərəfini qatlayıb çiyin və ya bel yeri saxlamaqla, yanlarını tikir, ağız hissəsini açıq saxlayırdılar. Heybənin ağzını büzüb bağlamaq üçün onun hər iki gözünün yuxarı hissəsində ilgəklər düzəldilir, bu ilgəklərdən yun toxunuşlu rəngli ip keçirilirdi. İplərin qurtaracağı, adətən, qotazla tamamlanırdi. Bundan əlavə, yəhər üçün nəzərdə tutulmuş heybələrin hər iki tayının arasında, yəhərin qaşına keçirmək üçün xüsusi yarıq da qoyulurdu. Heybəni bəzən cecimdən də hazırlayırdılar. Belə heybələrin ağız hissəsi bədii tikmələr, əksər hallarda bafta və s. ilə bəzədilirdi. Heybə öz formasına görə xurcuna bənzəsə də, ölçüləri baxımından ondan iki dəfə kiçik düzəldilirdi. Heybədən istifadə edən yolçular onun içərisinə bir günlük ərzaq, yol üçün gərəkli olan digər xırda əşyalar (bıçaq, taxta qaşıq, namaz vaxtı istifadə olunan canamaz, möhür, su qabı və s.) da qoyurdular.

Bəzək-naxış elementlərinə gəldikdə, heybənin yaraşıqlı görünməsi üçün üzərində həndəsi və nəbati təsvirlər, quş rəsmləri, astral və kosmoqonik təxəyyülə əsaslanan ornamentlər toxuyurdular. Araşdırmalar göstərir ki, əgər qədimdə bir sıra quş obrazları dini ayin və mifik təsəvvürlərlə əlaqədar tətbiq olunurdusa, orta yüzilliklərdə onlar daha çox xalq nağılları, rəvayətləri, təmsilləri ilə, bir sözlə, folklorla bağlı olmuşdur. Zolaqlı toxunuşlu heybələrin ancaq ağız hissəsinə naxış elementləri salınırdı. Bəzi heybələrin ağızlığına 5-6 sm enində naxışlı parça materialından köbə tutulurdu. Belə köbə yəhər üçün nəzərdə tutulmuş heybələrin yarıqlarının ağzına da salınırdı. Köbəni bəzən qurama üsulunda düzəldirdilər. Bəzək-naxış elementləri ilə yanaşı, bəzən heybənin üzərində ərəb və ya fars stilli yazılara da rast gəlmək olurdu.

Məişət əşyası olan heybə materialına görə palaz və cecim toxunuşlu olmaqla iki qrupa bölünürdü. Bundan əlavə, heybələr ölçülərinə, bəzək-naxış elementlərinə və təyinatına (çiyində daşınan və yəhərə keçirilən) görə də fərqlənirdi.

Heybənin hörmə toxuculuğunun meydana gəldiyi Neolit dövründən (miladdan əvvəl VII-VI minilliklər) məişətə daxil olduğunu güman etmək olar. Sonralar dəzgah toxuculuğunun meydana gəlməsi ilə əlaqədar material çeşidi artmış, daha rəngarəng və çeşidli heybə nümunələri yaranmışdır. Bütün orta əsrlər boyu yolçuların, dərvişlərin, səyahətçilərin, bir sözlə, səfərə hazırlaşan hər bir kəsin heybəyə ehtiyacı olmuşdur. Qeyd edək ki, keçmişdə heybə türk xalqları arasında geniş istifadə edilmişdir. Heybədən yaxın zamanlaradək istifadə edilsə də, artıq onun palaz və cecim toxunuşluları məişətdən çıxmış, indi heybə əvəzinə çiyin çantası gəzdirmək dəbə düşmüşdür.