AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xovlu xalça

Nümunənin reyestr kodu : SD0101000001

Düyünləmə, yaxud qullabı ilmə texnikası ilə əmələ gələn xovlu xalçalar Azərbaycan xalça sənətinin həm texniki, həm də bədii cəhətdən inkişafının ən yüksək mərhələsinin məhsulu sayılır. Hələ eramızdan əvvəl tətbiq olunan bu toxuma üsulu digər üsullardan fərqli olaraq mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmışdı. Yeni toxuma üsulunun inkişafı ilə əlaqədar yeni istehsalat alətləri də (dəmir qayçı, bıçaq) meydana gəlmişdi. Metal alətlərin, başlıca olaraq da qayçının meydana gəlməsi xalça sənətinin inkişafında mütərəqqi addım hesab olunur. Xovlu xalçaların istehsalında qayçının nə qədər əhəmiyyətli rol oynadığı həmin xalçaların Azərbaycanın bir çox bölgələrində ərəbcə qayçı anlamına gələn “miğrazi” adlanmasın​dan da görmək mümkündür.

Xovsuz xalçaların quruluşunu əriş, arğac və xov ipi təşkil edir. Bu xaçalar “türkbaf” adlanan ilməvurma – düyünləmə üsulu ilə toxunur. Bu üsul ilə toxunan xalçalarda ilməvurma xov ipinin cüt ərişlərə (alt və üst ərişlərə) dolandırılaraq düyün salınması ilə icra edilir. Bu üsul iki formada həyata keçirilir: dolama, yaxud yandansalma adlanan ilməvurma (ilmənin bir ucu iki ərişin arasından dolanıb keçirilir, digər ucu isə bir ərişin altından keçirilib üzə çıxarılır) və qullabı ilmə, yaxud aradansalma adlanan ilməvurma ilə (ilmənin iki ucu iki ərişin arasından dolanıb keçirilir) toxunur. Xovlu xalçaları səciyyələndirən cəhət ilmələrinin sıxlığı (yüksək sıxlıq 60x60, orta sıxlıq 40x40, aşağı sıxlıq 25x25), xovun hündürlüyüdür (qısa 3 mm-dən 6 mm-dək, hündür 6 mm-dən 12 mm-dək).

Xovlu xalçalar içərisində xalça, gəbə, dəst xalı-gəbə, puştu, namazlıq kimi döşəmə və divar xalçalarını, pərdə, taxtüstü kimi istifadə olunan xalça növlərinin adını çəkmək olar.

Xalça – orta ölçülü, uzunluğu isə adətən 2-2,5 metr, eni isə 1,00-1,5 metr olur. Xalça Azərbaycanın bütün xalçaçılıq mərkəzlərində toxunmuşdu.

Gəbə – Xovlu xalçaların nisbətən böyük növünə verilən addır. Uzunluğu orta hesabla 2,5-3,5 metr, eni isə 1,5-2,5 metrə bərabərdir. Tədqiqatçıların fikrincə “gəbə” “qaba” sözünün təhrif olunmuş variantıdır, bu da digər xovlu xalçalarla müqayisədə gəbələrin qalın və bir qədər kobud toxunması ilə əlaqədardır.

Dəst xalı-gəbə – böyük otaqlarda döşəməni örtmək üçün nəzərdə tutulmuş xalça dəstidir. Dəst üç, dörd, bəzən də beş xalçadan ibarət olur. Dəstə otağın mərkəzi hissəsinə salınan enli və uzun ortalıq xalça, onun hər iki yanına döşənən nisbətən ensiz yanlıq gəbələr, bunların aşağı hissəsinə salınan ayaqlıq xalça və yuxarı hissəyə salınan başlıq xalça daxildir. Dəst xalı-gəbənin uzunluğu 4-5 metrdən 6-7 metrdək olur. Dəstin bu cür toxunması onların yuyulub çırpılmasını, daşınmasını asanlaşdırır. Dəst xalı-gəbələrin əsas istehsal mərkəzi Qarabağ, eləcə də Şirvan, Abşeron və Təbrizdir.

Püşti – soyuqdan, rütubətdən qorunmaq məqsədi ilə evin divarlarından asmaq üçün istifadə olunan və Cənubi Azərbaycan üçün xarakterik xovlu, kiçik ölçülü xalçadır.

Namazlıq – dini ayinləri icra etmək üçün istifadə olunan, ölçüləri 80x130-100x50 sm arasında dəyişən xalçalardır. Namazlıqlar adətən bir adam üçün nəzərdə tutulur, bəzən 2-3 və daha çox adamın eyni anda ibadət etməsi məqsədi ilə hazırlanan namzlıqlara da rast gəlmək mümkündür. Namazlıqların kompozisiyasının əsasını mehrab şəkli və Quran ayələri təşkil edir. Bu xalçaların ilk nümunəsi XVI əsrdə Təbrizdə toxunmuşdu. Namazlıq xalçalar Azəbaycanın bütün xalçaçılıq məktəblərində toxunsa da, onun daha kütləvi istehsalına Qazaxda rast gəlinir. Digər xalçaçılıq mərkəzlərinin heç birində Qazaxdakı qədər namazlıq kompozisiyalı xalça nümunələri meydana gəlməmişdi. Burada “Şıxlı”, “Dəmirçilər”, “Salahlı” kimi ənənəvi mehrablı xalçalarla yanaşı, namazlıq-xalçalar üçün məxsusi kompozisiyalar da işlənib hazırlanmışdı.