AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Quba qrupu xalçaları

Nümunənin reyestr kodu : SD0101070001

Quba xalça qrupu Azərbaycanın şimal-şərqində yerləşən xalçaçılıq mərkəzlərindən biridir. Quba, Şabran və Qonaqkənd xalçaçılıq ocaqlarını və onlara daxil olan xalçaçılıq məntəqələrini əhatə edir. Elmi ədəbiyyatda həmin ocaqlar yerləşdiyi coğrafi şəraitdən asılı olaraq dağlıq, dağətəyi və ovalıq bölgələr kimi də səciyyələndirilir. Dağlıq hissədə xalça istehsalı, əsasən, Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Xan, Salmasöyüd kəndlərində, dağətəyi hissədə Fındığan, Əmirxanlı, Əlixanlı, Xəlfələr, Gəndo, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Sumaqoba, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi, Sabətlər kəndlərində, ovalıq hissədə isə Şabranın aran zonasında, onun Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsinli Qaraqaşlı, Sarvan, Dəvəçi, Mollakamallı və s. kəndlərində mərkəzləşmişdi. Qusar rayonu bu qrupa daxil olmasa da, onun Hil, Yəsab, İmamqulukənd və Zeyxur kimi məşhur xalçaçılıq məntəqlərinə Quba xalçaçılıq sənətinin böyük təsiri olmuşdur.

Quba qrupu xalça məmulatları ilmələrinin sıxlığı, dekor zərifliyi, kolorit incəliyi ilə səciyyələnir. Həndəsi naxışlardan ibarət ornamentlər əsasən stilizə edilmiş bitki, bəzən isə heyvan motivləri üslubundadır. Medalyonvari kompozisiyaların geniş yayıldığı Quba xalçaları içərisində “Qədim minarə”, “Qımıl”, “Pirəbədil”, “Köhnə Quba”, “Alpan”, “Xırdagül-çiçi”, “Alçagül-çiçi”, “Qımıl”, “Qaraqaşlı”, “Şahnəzərli”, “Pirəbədil”, “Orduc”, “Afurca”, “Yerfi”, “Qırız” xalça çeşniləri daha çox şöhrət qazanmışdır. “Alpan”, “Quba”, “Hacıqayıb” xalça çeşniləri isə məhz bu zona üçün səciyyəvi xalçalardır. Quba xalçaçılıq qrupuna aid bu nümunələr 30-dan artıq çeşninin saysız imitasiyadından alınan sənət əsərləridir. Tək-tək xalçalarla yanaşı, burada “dəst xəli-gəbə”lər də istehsal olunur.

Xovlu xalçalardan əlavə bu zonanın bir çox kəndlərində xovuz xalça və xalça məmulatları da istehsal olunur. Mürəkkəb toxunma üsuluna malik onlarca müxtəlif bədii tərtibatlı sumax çeşnilərinin istehsalı bu ərazidə geniş yayılmışdır. Məişətdə geniş istifadə olunan xalça məmulatlarından xurcun, məfrəş, heybə, xaral, çanta, çul və s. toxunma texnikası və bədii tərtibatına görə Quba məktəbinin bədii ənənələrini əks etdirir.

Texnoloji cəhətdən Bakı və Şirvan xalçalarına yaxın olmasına baxmayaraq, Quba xalçaları ornament cəhətdən onlardan fərqlənir. Quba qrupuna daxil olan xalçalarda daha mürəkkəb kompozisiyalardan istifadə olunur. Zərif və parlaq yunu, yüksək sıxlığı, rəngarəng bədii tərtibatı, ecazkar naxışları onlara hələ orta əsrlərdən dünya şöhrəti qazandırmışdır. Nar və qoz qabıqları, heyva, tut ağacının yarqalarından, palıd ağacının kökündən, sumax və sair bitkilərdən alınan rənglər davamlığı və şəfafflığı ilə bu xalçaları daim canlı və təravətli göstərmişdir.

Bölgədə xalçaçılıq sənəti aparıcı yer tutduğu üçün Quba rayonu Qafqaz Kustar Komitəsinin daim nəzarəti altında olmuşdur. 1905-1906-cı illərdə Komitə tərəfindən Quba xalça toxucularına xalça naxışlarının təsvir olunduğu damalı kağızlar verilmiş və həmin çeşnilər əsasında toxunan xalçalar 1913-cü ildə Peterburqda keçirilən sərgidə uğur qazanmışdır.

XIX əsrin ortalarında Quba zonasında xalça istehsalı əmtəlik xarakteri daşıyırdı. Bir çox xalçaçılar sifarişlə işləyirdilər. Xalça alverçiləri kəndlərdən aldıqları xalçaları şəhərlərdə, xüsusən də Quba xalçalarının yüksək qiymətləndirildiyi Bakı şəhərində satırdılar. Məhz buna görə də Quba xalçalarının keyfiyyətli yundan və təbii boyalardan istifadə edilərək toxunması və xalça möhtəkirlərinin əlinə keçməsinin qarşısının alınması məqsədilə 1912-ci ildə Quba qəzasında və İmamqulu kəndində alqı-paylama məntəqəsi təşkil olunmuşdur. Görülən bu işlər nəticəsində Quba xalçaları öz dövrünün əsas ixrac məhsuluna çevrilmişdir.