Cəbrayıl qrupu xalçaları
Nümunənin reyestr kodu : SD0101020001
Cəbrayıl xalçaları Qarabağ qrupuna daxil olan digər xalçalarla texniki və bədii xüsusiyyətlərinə görə uyğunluq təşkil edir. Qarabağ məktəbi üçün xarakterik olan xüsusiyyətlər – ölçülərinin böyük olması, ilmələrinin orta və az sıxlığı, həndəsiləşmiş bitki elementlərinə geniş yer verilməsi və s. Cəbrayıl qrupuna da şamil olunur. Burada 2 kv metrdən 20 kv metrə kimi, bəzən 25, 30 kv metr ölçüsündə xalçalara da rast gəlmək mümkündür. Qarabağ xalçaları üçün xarakterik olan ilmə sıxılığı – 30x30-dan 40x40-a qədər bu qrup üçün də keçərlidir. Bir kvaradrat metrə 90.000-dən 160.000-nə qədər, bəzən də 200.000 min ilmə düşən xalçalara da rast gəlmək olur. Xalçaların kompozisiyası Gəncə-Qazax qrupu ilə müqayisədə daha mürəkkəbdir. Şux və əlvan rənglərin hakim olduğu bu xalçalarda daha çox qızılı-sarı, al-qırmızı, dəli-qırmızı, palıdı və çəhrayı rənglər işlədilir.
Qullabı ilmə toxunuşlu bu xalçalar çox vaxt böyük və uzunsov formada toxunur. Sıxlığının orta və az olmasına baxmayaraq, möhkəm, qalın və xeyli davamlı olurlar.
Cəbrayıl xalça qrupu daha çox “Muğan”, “Bəhmənli”, “Xanlıq”, “Kürd”, “Qaraqoyunlu”, “Qarmaqlı”, “Qasımuşağı”, “Qubadlı”, “Talış” xalça çeşniləri ilə məşhurdur. Xovsuz xalçalardan isə palaz və kilimi daha məşhurdur. Bu xalçalar ilmələrinin yüksək sıxlığı, xovunun orta hündürlüyü, incə toxunuşu və əsasən dördbucaq formada olması ilə seçilir.
Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran bölgəsində toxunan xalçalar da toxunma üsuluna, bədii tərtibatına görə Cəbrayıl xalça qrupunun ənənələrini davam etdirir. Lənkəran, Lerik, Yardımlı rayonlarında toxunan xalçalar yununun keyfiyyəti, rəng həlli, bədii quruluşuna görə digər toxuculuq məktəblərindən seçilir. Bu ərazidə istehsal edilən cecim və ladı xovsuz xalçalarından bu gün də məişətdə istifadə olunur. Qamışdan hazırlanan həsrlər isə ənənəvi olaraq yer xanasında sadə keçirtmə üsulu ilə toxunur.
Cəbrayıl qrupuna daxil olan “Xanlıq” xalçası öz adını Qubadlı rayonunu eyni adlı yaşayış məntəqəsindən alır. Qubadlıdan əlavə, XIX əsrdə Cəbrayılda, onun Mirzəcanlı, Əfəndilər, Daşkəsən və Süleymanlı kəndlərində də toxunmuşdur. “Ləçəkturunc” kompozisiyası əsasında qurulan “Xanlıq” xalçalarının iki variantı məlumdur. Bunlardan birinin ara sahəsinin tam mərkəzində böyük göl, onun aşağı və yuxarı hissələrində isə iki qübbə, ara sahənin dörd küncündə isə simmetrik olaraq dörd ləçək yer alır. Göl ilə ləçəklər arasındakı fon isə adətən saya və naxışsız olur. Yerli xalçaçılar arasında “Ağçiçəklər” adı ilə tanınan ikinci variantda isə ara sahənin fonu sanki dibçəkdən aşıb-daşan ağ güllərlə örtülür.
Cəbrayıl qrupuna aid edilən və “Əjdahalı” xalçaların motivləri əsasında qurulan “Qasımuşağı” xalçaları da özünəməxsusluğu ilə seçilir. Bu xalçalar Laçın rayonunun mərkəzindən 50-60 km şimalda, Hacısamlı nahiyəsinin inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının kəndlərində – Şamkənd, Kürdhacı, Yuxarı Çorman, Şəlvə, Daşlı kəndlərində yaşayan Qasımuşağı tayfasının adı ilə bağlıdır. “Qasımuşağı” xalçalarının mərkəzində haşiyələrlə əhatə olunmuş böyük medalyon, onun ortasında isə dördguşəli medalyon (xonça) yerləşir. Gölün yanlarından dörd bir tərəfə burulmuş budaqlar ayrılır. Orta sahənin yuxarı və aşağı hissəsində mərkəzi medalyondan çıxan, forma etibarilə budağa oxşar bir neçə böyük “göl” yerləşir. Bu göllərin arasında yalnız bu xalçalara xas olan və naxışın ümumi rəsmini harmoniyalaşdıran qubba yerləşir. Bu xalçalardan yarımköçəri həyat tərzi sürən Qasımuşağı tayfasının alaçıq, çadır və digər müvəqqəti yaşayış evlərinin təkcə daxilinin deyil, onun xarici görkəminin bəzədilməsində də istifadə edilirdi.
-
Qarabağ xalçaları. Kataloq
Elmi redaktoru Nailə Vəlixanlı
2013
-
Qarabağ bölgəsinin xalçaçılq tarixi
Vidadi Muradov
2015
- Biblioqrafiya və tərtibçilər