Görədil xalçası
Nümunənin reyestr kodu : SD0101010003
Bakıdan 20 km şimalda yerləşən kəndin adını daşıyır. “Görədil xalçası”nın ara sahəsini bəzəyən medalyonun mərkəzindəki kiçik medalyon “Köşək ayağı” adlanır. Bəziləri bunu Günəşin rəmzi sayır. “Köşək ayağı” adlanan həmin medalyon 12 ədəd kiçik medalyonlarla əhatə olunub. Həmin kiçik medalyonları kimi 12 imamın, kimi ilin 12 ayının, kimi də 12 bürcün rəmzi hesab edir. Ara sahənin künclərində pilləli düzbucaqlılar yeləşib ki, bunlardan da mərkəzə doğru diaqonal xətlər uzanır.
Bu xalçanın haşiyə zolağında Abşeron zonası üçün xarakterik olan quyu elementi işlənib. Quyudan su, sonralar isə neft çıxarmaq üçün istifadə edilən çarxın, quyu qazmaq üçün istifadə olunan alətlərin də təsvirini burada görmək olar: Xaçşəkilli element çarxı, mərkəzdəki kvadrat quyunu, bir az aşağıda trapesiya formalı element vedrəni (quyu qazarkən torpaq onun vasitəsilə çıxarılırdı), gözləri olan kəllə (kəlləbaşı) isə quyu qazanın rəmzidir. Bəzən neft quyularında qazıntı işləri fəhlənin tələf olması ilə nəticələnirdi ki, bu da təsviri sənətdə öz əksini tapmışdı. Bəzən çarxın yuxarı hissəsində quş təsvirləri verilir. Bütün Şərqdə bu, suyun rəmzidir.
Xalçanın ara sahəsi və ana haşiyəsi Bakı məktəbinə xas olan sürməyi rəngdədir. Əsas medalyonlar qırmızı, bala haşiyələr və medalyonun mərkəzi elementi isə ağ rəngdə tərtib edilib. Altıbucaqlı medalyonların arasında sağ və sol tərəfdən nisbətən kiçik ölçülü altıbucaqlı medalyonlar, qalan ara sahədə isə kiçik doldurucu elementlər – gül təsvirləri yerləşdirilib.
Bakı xalçaları incə toxunuşu və isti koloriti ilə səciyyələnir. Bu xalçalar orta və kiçik ölçülü, dördkünc, bəzən də uzunsov formada toxunur. Bir kvadrat desimetrə düşən ilmələrin sıxlığı 40x50, 45x55, 50x50 ilmə arasında dəyişir. Bu ərazinin xalçaları xüsusən zərif olması və incə ilmələri ilə seçiliblər.
Bakı xalçaçılıq mərkəzi Bakı şəhərini, Abşeron və Xızı rayonlarını əhatə edir. Bu ərazilərdə insanlar hələ paleolit dövründən məskunlaşmışlar. Bakıdan 60 km aralıda – Qobustanda aşkar edilmiş qayaüstü təsvirlər bunun əyani təsdiqidir. Regionun rifahı əsrlər boyu onun xammal potensialı (balıq və kürü, duz, zəfəran, quru meyvə, habelə neft) və əlverişli coğrafi mövqeyi ilə bağlı olmuşdur. Bölgənin coğrafi mövqeyi ona Şərq və Qərblə, habelə Cənubla Şimal arasında beynəlxalq ticarət maqistrallarında önəmli rol oynamasına imkan verirdi. Bakı həm də Şirvanşahlar dövlətinin (VIII-XVI əsrlər) əsas şəhərlərindən biri olmuşdur.
Xalça və xalça məmulatlarının istehsalından savayı bu bölgədə daş üzərində bədii oyma və zərgərlik sənətləri də tarixən yüksək səviyyədə olmuşlar. Xalçaçılıq yerli bədii ənənələr sırasında ayrıca mövqeyə malikdir. Bu sənətlə şəhər ətrafındakı bir çox yaşayış məntəqələri məşğul olmuşdur. Bu mərkəzdə “Bakı”, “Suraxanı”, “Görədil”, “Fındığan”, “Xilə-Əfşan”, “Xilə-Buta”, “Novxanı” və s. kompozisiyalı xalçalar toxunur.