AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bakı qrupu xalçaları

Nümunənin reyestr kodu : SD0101010001

Azərbaycan xalçalarının Bakı qrupuna Xəzər dənizinin qərb sahilində – Bakı-Abşeron bölgəsində toxunan xalçalar daxildir. Bu ərazidə xalça istehsalı ilə, əsasən, Novxanı, Nardaran, Xilə (Əmircan), Bülbülə, Suraxanı, Görədil, Fatmayı, Qala, habelə Xızı rayonunun Xızı, Gədi, Giləzi və Fındığan kəndlərində məşğul olmuşlar.

Abşeron bölgəsində hazırlanan xaçalarda qala qoyun cinsinin yunundan istifadəyə üstünlük verilmişdir. Yumşaq və parlaq quzu yunundan toxunan bu xalçalar nəfis elementləri, zərifiyi və inçəliyi ilə seçilmişdir.

Bakı xalçaları texniki xüsusiyyətlərinə görə Quba və Şirvan xalçalarına oxşasa da, bədii cəhətdən onlardan nəzərə çarpacaq dərəcədə fərqlənir. Bakı xalçaları daha yumşaq olması, rəng intensivliyi, naxış incəliyi və yüksək ilmə sıxlığı sayəsində naxışların daha dəqiq təsvirinin verilməsi ilə fərqlənir. Kiçik ölçülü “Novxanı”, “Suravanı” və “Fatmayı” xalçalarında ilmələrin sıxlığı 38x38 sm-dən başlayaraq, 40x40, 42x42, 38x45, 45x45 sm-ə qədər, nisbətən iri “Görədil”, “Fatmayı”, “Xilə-Buta”, “Xilə-Əfşan” xalçalarında isə 130x350 sm, 120x300 sm-ə qədər çıxır.

Bakı xalçalarında Abşeronun spesifik təbiətindən irəli gələn sakit rənglər, həzin yarım tonlar daha geniş yayılmışdır. Rəng kimi isə memarlıqda istifadə olunan kaşı bəzək üslubunun mavi sürməyi rənglərinə və şəkəri, sumağı tonlara üstünlük verilmişdir. Xalçaların bəzədilməsində istifadə olunan sakral və ezoterik işarələr, zoomorf təsvirlər, nəbati elementlər bölgə sakinlərinin dini-mifoloji, əxlaqi görüşlərini əks etdirir. Məsələn, Bakının Əmircan kəndində toxunan “Xilə-buta” xalçalarındakı klassik “buta”, “Xilə-Əfşan” xalçasına məxsus “sacayaq” elementləri atəşpərəstliklə bağlı olub odu, mifoloji quşlar Tanrı ilə yer arasında əlaqə yaradan ilahi varlığı simvolizə edir, müxtəlif üçbucaq formalı asmalar isə göz və nəzərin qaytarılması ilə bağlı elementlərdir. “Novxanı”, “Fatmayı”, “Bakı”, “Suraxanı” xalçalarının bədii strukturunun əsasını təşkil edən pilləli və ya altı, səkkiz bucaqlı “göllər” kainat, fəza cisimləri ilə bağlıdır. Bu göllərin içərisini bəzəyən sxematik əyri və sınıq xətli işarələr arxaik inancların, bədiiləşmiş dil ilə tərənnüm edilən müsbət enerjinin daşıyıcılarıdır.

Bakı xalçalarının çoxu, bir qayda olaraq, toxunduğu ərazinin adı ilə tanınır. Bəzi hallarda isə toxunduğu məkanı bildirən yer adlarının yanında kompozisiyanın quruluşunu və ya əsas elementləri anladan ifadələrdən də istifadə edilir. Məsələn, “Xilə-Əfşan”, “Xilə-buta” xalça adlarında xalçanın toxunduğu kəndlə yanaşı, fərqləndirici əlamət kimi kompozisiyanın adı da qeyd olunur.

Bakı xalçaçılıq məktəbi “palaz”, “kilim”, “zili” kimi xovsuz xalça növləri ilə də məşhurdur. Əsasən Qobu kəndində toxunan “Ciyi” palazları zəngin naxış sistemi ilə seçilir. Onların bəzədilməsində Qobu palazları üçün xarakterik olan alabəzək zolaqlar üzərində toxunan sınıq xətlər, romblar, xaçabənzər və çarpaz “X” elementlərindən geniş istifadə olunur. Xızı bölgəsində toxunan zililər isə xüsusi kompozisiya quruluşuna və naxışlara malikdir. Üfüqi zolaqlar üzərində toxunan həndəsiləşmiş “kilimgülü” elementi ilə məşhur olan Bakı kilimləri isə isti koloriti, yunun zərif emalı və toxunuşu ilə seçilir.

Abşeron məişətində geniş yayılmış çul, xurcun, heybə, duz torbası, xaral, ləmi qabağı, məfrəş kimi xalça məmulatları cecim və kilim xovsuz xalçalarının texnoloji üslubunda hazırlanır. Tünd-sumağı, mavi, sürməyi, şəkəri, açıq-qəhvəyi rəng çalarları və incə toxunuş bu əşyaları digər bölgələrə məxsus nümunələrdən fərqləndirir.

XIX əsrin ortalarına qədər fəallığını qoruyub saxlayan bu xalçaçılıq mərkəzlərində istehsal neft sənayesinin inkişaf ilə əlaqədar XIX əsrin sonlarından etibarən zəifləmiş, bir sıra kəndlərdə isə xalça istehsalına demək olar ki, son qoyulmuşdur.