AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça məmulatları

Nümunənin reyestr kodu : SD0104000001

Azərbaycan məişətində geniş istifadə olunan xalça məmulatı yüngül olması üçün, əsasən, xovsuz, nadir hallarda isə xovlu texnologiya üzrə hazırlanırdı. Onların toxunması prosesində ustalar həmin məmulatın növ müxtəlifliyindən asılı olaraq xovsuz xalçalara məxsus bütün spesifik üsullardan istifadə edirdilər.

Xalça məmulatına – məfrəş, müxtəlif ölçülü xurcun, heybə, qaşlıq, çul, yəhərüzü, çuval, duzqabı, xaral, örkən (yükü heyvanın belində bərkitmə üçün naxışlı xalça zolaqları), yolama (çadırların dövrəsinə çəkilən toxunma zolaqlar), qaşıqqabı, çömçədan və s. daxildir. Bu məmulat yun, pambıq və ipəkdən hazırlanır. Səciyyəvi kolorit xüsusiyyətləri olmasa da, aid olduğu bölgənin xovsuz xalçalarına xas palitra və rəng uzlaşmasını özündə əks etdirir. Məsələn, Bakı qrupunun zili texnikasında işlənmiş məfrəş və çullar kolorit xüsusiy​yətlərinə görə, Bakı zililəri ilə tamamilə eynidir. Digər zonalarda da eyni vəziyyət müşahidə olunur.

Röya Tağıyevanın yazdığına görə, xovsuz və xovlu xalça məmulatında istifadə olunan rənglər, onların uyarlığı, ahəngdarlığı və digər xüsusiyyətləri əsrlər boyunca məhz xovsuz xalçalar üzərində işlənib hazırlanmışdı. Xovsuz xalçalar üçün xarakterik olan müxtəlif rənglərin uzlaşdırılması nəticəsində alınan kontrastlığı, rəng ahəngdarlığını, ornament və kompozisiya ilə üzvü əlaqəni xalça məmulatında da görmək mümkündür. Azərbaycan xalçalarının əsas palitrasını təşkil edən qırmızı, göy və ağ rənglərin uzlaşması xalça məmulatında da öz əksini tapmışdı.

Xalça məmulatının hazırlanması ilə bağlı bütün proseslər (yunun yuyulub təmizlənməsi, daranması, əyrilməsi, yumaqlanması, kələflənməsi, boyanması və s.) hər bir evdə qadınlar tərəfindən görülür. Yalnız bir sıra çətin əldə edilən rənglər kənarda, küp boyaqxanalarında boyatdırılır.

Forma və ölçülərinin müxtəlifliyi ilə seçilən xalça məmulatından məişətdə müxtəlif məqsədlərlə istifadə olunur. Onların böyük bir qrupunu əşya və ərzağı saxlamaq məqsədilə istifadə olunan məmulat – məfrəş, çuval, xurcun, heybə, boxça (cecim kimi toxunan örtük), mələqan (uzunsov torba), bardan (xalça toxunuşlu böyük kisə) və s. təşkil edir. Məfrəş formaca sandığa bənzəyir. Ondan yorğan, döşək, paltar saxlamaq, habelə onları uzaq məsafələrə daşımaq üçün istifadə edilirdi. Bəzi bölgələrdə barxana adı ilə tanınan bu əşyanın ağzı cecimlə örtülür, kənarlarındakı ilgəklərə çatı keçirilməklə çarpaz çəkilib bağlanırdı. Məfrəş, adətən, cüt toxunur, bəzək​lərində həndəsi elementlər, nəbati motivlər, quş və heyvan təsvirləri üstünlük təşkil edirdi.

Xalça məmulatı içərisində at əsləhəsi adı ilə tanınan məmulat – çul (müxtəlif ev heyvanlarının belini örtmək üçün istifadə olunur), yəhərüstü, yəhəraltı, alınlıq, qaşlıq, bel və quşqun bəzəkləri də böyük bir qrup təşkil edir. Atın bəzədilməsinə xidmət edən bu məmulatın toxunuşunda yun və müxtəlif rəngli ipək iplərdən, bəzən qızıl-gümüş tellərdən istifadə edilirdi. Hökmdar və əyanlar üçün toxunan çulların bədii tərtibatında isə qiymətli daş-qaşlar da işlənirdi.

Corab, xirqə (palazdan toxunan dərviş geyimi), qurşaq (bel sarğısı), patava (ayaq sarğısı) və s. geyim məqsədilə istifadə olunan xalça məmulatıdır. Corab yun, pambıq və qarışıq xalça iplərindən toxunan gödək və uzunboğaz formalı ayaq geyimidir. Onun qızılgüllü, artma və qıyqacı (uzunboğaz) növləri vardır. Qarabağda qabarıq naxışlarla toxunmuş corablar artma, naxışları kobud olan yun corablar isə şaxlı corab adlanır.

Bundan əlavə, məişətdə qatma (yundan hörülən ip), örkən (yük heyvanlarının palanlanmasında, yükün sarınıb bağlanmasında, alaçıq və çadırların bağlanıb bərkidil​məsində istifadə olunan ip), çatı (ev heyvanlarını həyətə və ya örüşə bağlamaq, yükü çatmaq üçün istifadə olunan ip), rəşmə (keçi qəzilindən hörülmüş uzun çatı), sicimdən (yun və keçi qəzilindən əyrilmiş iplərdən toxunan qalın ip), həmçinin evi bəzəmək üçün ləməqabağı (qab-qacaq yığılan rəfin alt və üst hissəsini bəzəmək üçün xüsusi pərdə), pərdə (qapı örtüyü) və digər xalça məmulatından da geniş istifadə olunmuşdu.