AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Təbriz qrupu xalçaları

Nümunənin reyestr kodu : SD0101100001

Təbriz xalçaçılıq mərkəzi Təbriz və ətraf xalçaçılıq məntəqələrini – Xalxal, Urmiya, Zəncan, Maranus, Qaradağ, Marağa, Mərənd, Maku, Xoy, Heris, Əhər, Salmas yaşayış məntəqələrini əhatə edir. Burada toxunan “Təbriz”, “Ləçək-turunc”, “Ağaclı”, “Qərəcə”, “Əfşan”, “Ovçuluq”, “Dörd fəsil”, “Dərviş”, “Leyli və Məcnun”, “Sütunlu”, “Baxşayış” və digər xalçalar zərif gölləri, abstrakt, bəzən isə realist təsvirləri və sabit, ahəngdar rəng çalarları ilə seçilir. Təbrizlilərin tez-tez işlətdiyi “Təbriz xalçası nə köşkdə tacirin əlində qalar, nə də müştərinin evində iltifatdan kənarda olar” deyimi də əslində Təbriz xalçasına verilən qiymətin göstəricisidir.

İpək, qızıl və gümüş saplarla toxunan xalçaların, xalça toxunuşlu pərdələrin, iki üzlü xalçaların mərkəzi Təbriz şəhəri olmuşdur. Lətif Kərimovun yazdığına görə, Təbrizdə xalça istehsalında işlədilən alətlər İran şəhərlərinin xalça istehsalında işlədilən alətlərdən daha təkmildir, toxuma üsulu isə İran toxuma üsulundan əsaslı şəkildə fərqlənir. Araşdırıcı Təbrizin cənub hissəsində yerləşən Pənbəşalvar, Lalə, Livan, Xoca, Sərdəri və Təbrizin Şimal hissəsində yerləşən Omzeynəddin və başqa kəndlərdə istehsal olunan xalçaları da bu qrupa daxil edir.

Təbriz xalçaçılıq ənənələrinin miniatür sənətinin bədii xüsusiyyətləri ilə birləşməsi ecazkar sənət nümunələrinin meydana çıxmasına səbəb olmuşdur. Bir çox miniatürçü rəssam, o cümlədən miniatür sənətində öz dəsti-xətti olan Sultan Məhəmmədin yeni-yeni xalça kompozisiyalarının hazırlanmasında işitrak etmələri Təbriz xalçalarının bədii-estetik keyfiyyətlərinin zənginləşməsinə, onların bütün dünyada şöhrət tapmasına səbəb olmuşdur. Təbriz qrupu xalçalarında “islimi” (Avropada “arabesk” kimi tanınır), “xətai”, “spiral”, “göl”, “kətəbə”, “epiqrafik bəzək” elementlərindən geniş istifadə olunur.

Təbriz xalça qrupuna aid “Heris” xalçaları öz adını Təbrizin 65 km şimal şərqində yerləşən eyni adlı yaşayş məntəqəsindən alır. Həmin xalça nümunələri həm də Əhər, Dürnişanlı, Xanamrul (Xonamrud), Bilverdi, Qazur və digər yaşayış məntəqələrində də toxunur. Heris xalçaları öz qüsursuzluğu, naxışlarının cazibədarlığı, parlaq rəngləri və davamlığı ilə dünyada tanınır. Orijinal bədii tərtibata malik “Heris” xalçalarında “Ləçək-turunc” kompozisiya və qıvrım xətli nəbati naxışlar geniş yayılmışdı. Burada xalça toxunarkən hazır çeşnilərdən istifadə olunmur, xalçaçılar naxışları yadlarında saxladığı təsəvvürlər əsasında yaradırlar. “Heris” xalçalarının ölçüləri böyük olur, ilmələrinin sıxlığı bir kv.m.-də 50.000-dən 100.000 min ilməyə qədərdir, xovun hündürlüyü isə 10-15 mm-dir.

Təbriz karxanalarında müxtəlif ölçülərdə xalçalar toxunur ki, bunlar da müxtəlif adlarla tanınır. Ən kiçik ölçülü xalçalar püşti adlanır. Məişətdə onlar ayaq altına, stul üstünə, yastıq üstünə salmaq və xüsusilə divara söykənən adamı soyuq və rütubətdən qorumaq üçün istifadə edilir. Xalçalar isə iki ölçüdə toxunur. 75x125 sm ölçüdə toxunanlar zərçərək adı ilə tanınır və onlardan ceynamaz, döşək üzü, söykənmək üçün istifadə olunur. 125x175 sm ölçüdə toxunanlar isə xalça adlandırılır və onlar taxt üstünə salmaq, çarpayı dalına vurmaq və s. məqsədlərlə istifadə olunur. Yuxarıda qeyd edilənlərdən nisbətən böyük olanlara isə pərdə deyilir. Pərdə həm ölçüsü, həm də nazik və incə toxunuşu ilə xalçadan fərqlənir. Mürəkkəb kompozisiyaya və parlaq rənglərə malik pərdələr əla növ xammaldan toxunduğu üçün xüsusi sifariş əsasında istehsal olunur. Pərdələrdən məişətdə otaqların qapılarını, divarlarını bəzəmək, yük üzünü örtmək üçün istifadə olunur. Xalı isə ölçüsünə görə pərdədən də böyükdür və onun biri müxtəlif ölçülü otaqların, salonların, sarayların döşəməsini örtməyə kifayət edirdi. Təbriz karxanalarına istehsal olunan xalçaların ən sonuncusu isə uzunsov xalçalardır ki, onlar təkcə Təbrizdəki karxanalarda deyil, Arazın cənub sahilindəki xalça məntəqələrində də istehsal olunur. Əgər bir xalı döşəməni bütöv örtə bilmirdisə, bu məqsədlə bir neçə üzunsov xalça tələb olunur və onlar bir yerdə bir dəsti təşkil edirdi. Dəst otağın ortasına salınan fərş və ya xalıdan, xalının yanlarına salınan kənarələrdən, otağın yuxarı hissəsinə salınan kəlləyidən ibarət olurdu.