AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Naxçıvan xalçası

Nümunənin reyestr kodu : SD0101050003

Qarabağ xalçaçılıq məktəbinə aid “Naxçıvan xalçası” Naxçıvanın bütün xalçaçılıq məntəqələrində, o cümlədən, Şahbuz, Kolanı, Şərur, habelə Culfa və Ordubadda istehsal olunmuşdur. Bu xalçalar bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa ayrılır. Birinci qrupa müxtəlif dövrlərdə Naxçıvan ustaları tərəfindən yaradılan həndəsi naxışları olan xalçalar daxildir. İkinci qrupa isə XVII-XVIII əsrlərdə toxunan xalılar daxildir. Əsas istehsal mərkəzləri Naxçıvan, Bərdə, daha sonralar isə Şuşa şəhəri olmuşdur.

"Naxçıvan xalçası" hələ qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən yaxşı nümunələri hesab edilmişdir. Bu xalçalar böyük ölçülü olmuş, daha çox uzunsov formada toxunmuşlar. Onların ölçüləri 100x150-160x260 sm arasında dəyişir. “Naxçıvan xalçası”nda bir kvadrat desimetrə düşən ilmələrin sıxlığı 35x35 ilmədir, xovun hündürlüyü isə 6-8 mm-dir.

Naxçıvan coğrafi baxımdan Qarabağ və Təbriz arasında yerləşdiyi üçün burada toxunan xalçalarda həmin bölgələrin xalçaçılıq məktəblərinin də təsirini görmək mümkündür. Naxçıvanda nəfis zili, şəddə, vərni, kilim kimi xalça növləri toxunmuşdur. Onların naxış baxımından digər bölgələrin xalçalarından elə bir fərqi yoxdur. Xalçaların toxunuşunda daha çox həndəsi, antropomorf, zoomorf, nəbati naxışlardan istifadə edilmişdir.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da xalçalar bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür: ornamental və süjetli xalçalar. Ornamental xalçalar digər qrupa nisbətən çoxluq təşkil edir. Naxçıvanda xalçalar iki yolla toxunur: a) şəhər və kəndlərdə evlərdə qadınlar tərəfindən toxunan xalçalar, b) kustar sexlərdə, emalatxanalarda çeşnilər əsasında toxunan xalçalar (Bu xalçaların əksəriyyəti Təbriz və Qarabağdan gətirilmiş çeşnilər əsasında toxunmuşdur).

Naxçıvanda xalçaçılıq sənətinin hələ orta əsrlərdən inkişaf etdiyini göstərən mühüm qaynaqlar mövcuddur. Belə qaynaqlardan biri də qəbirüstü xatirə abidələrdir. Məlumdur ki, orta əsrlərdə qəbirüstü abidələrdə dəfn olunan şəxsin sənət və peşəsini əks etdirən kirkid, daraq, usta və sair təsvirləri verilirdi. Həmin təsvirlər arasında hana alətinə də rast gəlinməsi, xalçaçılığın Naxçıvanda hələ orta əsrlərdən geniş yayılmış bir sənət olduğunu göstərir.