AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalçaçı

Nümunənin reyestr kodu : DA0104000047

Azərbaycanın ənənəvi ornamental xalçaları bədii-texniki xüsusiyyətlərinə görə Quba, Şirvan, Bakı, Qarabağ, Gəncə, Qazax, Naxçıvan, Təbriz, Ərdəbil olmaqla, müxtəlif məhəlli qruplara ayrılır. Bu bölgələrə xas xalçalar ilmə sıxlığına, xovların uzun (hündür) və qısa (gödək) olmasına, habelə bəzək-nəqş motivlərinin səciyyəsinə görə bir-birindən seçilirdi. Məhəlli fərqlərə baxmayaraq, texniki əlamətlərinə görə, bunların bir qismi bir-birinə çox yaxın olub, bədii-texniki xüsusiyyətləri etibarı ilə vahid xalça istehsalı mərkəzi əmələ gətirmişdir. Bu cəhətdən Azərbaycanın xovlu xalçaları Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz olmaqla, dörd böyük istehsal mərkəzi üzrə qruplaşdırılmışlar. Xovlu xalça istehsalı mərkəzlərindən hər birinin “çeşni” adlanan özünəməxsus bəzək-nəqş kompozisiyası yaranmışdır.

Azərbaycanın ənənəvi xalça-palaz məmulatı bədii-texniki xüsusiyyətlərinə görə xovlu (ilməli) və xovsuz (ilməsiz) olmaqla iki tipoloji növdə hazırlanmışdır. Xovlu xalçalar istehsal texnologiyası baxımından palaz məmulatından xeyli dərəcədə fərqlənmişdir.

Nisbətən sadə toxuma texnikasına malik olan xovsuz xalçalar çox geniş çeşiddə – palaz, kilim, zili, vərni, sumax, şəddə, yəməni, xirsək, cecim, habelə heybə, xurcun, çuval, məfrəş, çul, ladı, duz torbası, çanta kimi məmulat növləri ilə təmsil olunurdu. Toxuma texnikasına, bəzək-nəqş tərtibatına görə palaz məmulatı saya və güllü olmaqla iki tipoloji növdə toxunurdu. Saya palazlar, bir qayda olaraq, əriş və arğacın bir-birinə bəsit keçirtmə (“çalkeçir”) üsulu ilə toxunurdu.

Əriş və arğac ipindən əlavə, “xov” və ya “ilmə” adlanan xüsusi bəzək ipi vasitəsi ilə, mürəkkəb dolama-bəndləmə üsulu ilə toxunan xovlu xalçaların ornamental və süjetli olmaqla müxtəlif tipoloji növləri və bunların hər birinin özünə məxsus çoxsaylı bəzək çeşniləri yaranmışdır. Xalı, o cümlədən, dəst xalı, xalça (gəbə), fərş, taxtüstü, namazlıq, yəhərüstü, çul, ladı və s. xovlu xalçaların texniki və əməli cəhətdən fərqlənən tipoloji növləri idi. Xovlu xalçalar arasında ölçü və forma etibarı ilə xalı tipoloji cəhətdən xüsusi yer tutmuşdur. Uzunluğu 5-6, bəzən isə 7 m-ə çatan, eni 1,5-2 m olan xalı düzbucaqlı formada toxunurdu. Bəzək-nəqş kompozisiyasına görə, Azərbaycanın ornamental xalçaları xonçalı və xonçasız olmaqla iki tipoloji qrupa bölünür.

Azərbaycanda xalça-palaz toxuculuğu miladdan əvvəl I minilliyə təsadüf etsə də, Şimali Azərbaycan ərazisində onun inkişafı erkən orta əsrlərin əvvəllərinə aid edilir. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqları (hana hissələri, xalça və palaz toxuması, yun ip qalıqları) antik dövrün sonu və erkən orta əsrlərin əvvəllərində Azərbaycan əhalisinin ev məişətində xalça-palaz məmulatının mühüm yer tutduğunu söyləməyə əsas verir.

Xalçaçılıq sənəti feodalizm dövrü və son orta əsrlərdə daha yüksək səviyyəyə çatmışdır. “Hüdud əl-aləm” əsərində X-XIII əsrlərdə Şirvan və Xorsan əyalətlərində “məxfuri” adlanan müxtəlif növ xovlu xalçalar və palazlar toxunduğu xəbər verilir. Azərbaycanda XVI-XVII əsrlərdən etibarən Təbriz xalçaları arasında gümüşü güləbətin qatışığı ilə ipək xalça istehsalı başlanmışdır. İngilis səyyahı A.Cenkinson 1562-ci ildə Şirvan bəylərbəyi Abdulla xan Ustaclının yay düşərgəsində olarkən onun çadırında zəngin bəzəkli xalçalar döşəndiyini və onların üzərinə qızıl və gümüş tellərlə toxunmuş kvadrat formalı bir xalça salındığını xəbər verir.

Azərbaycan Rusiya tərəfindən işğal olunana qədər Bakı qəzasında hər il 600 ədəd xalça, 1200 palaz toxunurdu. Abşeron xalçaları arasında Əmircan və Bülbülə kəndlərində toxunan xalçalar çeşni gözəlliyinə və texniki keyfiyyətinə görə, xüsusilə fərqlənirdi.

XIX əsrin 30-cu illərində Qubada hər il 850 xalça, 1700 ədəd palaz toxunurdu. Ən yaxşı palaz və sumaxlar İmamqulu kəndində, ən əla xalçalar isə Çiçi kəndində toxunurdu. Xalça, palaz, məfrəş, xurcun, heybə, demək olar ki, Quba qəzasının bütün kəndlərində toxunurdu. XIX əsrin sonu və XX əsrin başlanğıcında Quba qəzasından hər il xaricə 15420 ədəd xalça məmulatı ixrac olunduğu xəbər verilir.Təkcə Quba şəhərində bu işlə 200 ailə məşğul olur və ildə 300 ədəd xalça toxuyurdu. Bütövlükdə qəzada 1479 ailə bilavasitə xalça toxuculuğu ilə məşğul olurdu.

Yun məmulatı istehsalı Lənkəran qəzasında qoyunçuluqla məşğul olan dağ və dağətəyi mahallarda (Səbircan, Zuvand, Dırıq), qismən isə düzənlik ərazidəki Ərkivan mahalında yaxşı inkişaf etmişdi.

XIX əsrin 80-ci illərində müxtəlif çeşnili xalçaları Şirvanın hər bir kənd və köçəbə icmasında toxunurdu. Ən yaxşı xalçalar bölgənin Qarayazı, Zərdab, Mollakənd və Ərəbqədim kəndlərində toxunurdu. Yun toxuculuğu Şirvana qonşu olan Ərəş mahalı və Şəki qəzasında da geniş yayılmışdı. Burada xalça, palaz, cecim, çul, çuval, məfrəş, şal toxuculuğu ilə qadınlar məşğul olurdular. Yundan müxtəlif toxuma məmulatlarının hazırlanması Qarabağ bölgəsində, xüsusilə onun düzənlik ərazilərində tarixən geniş intişar tapmışdır.