Xalçaçı Elbəniz Təhməzova
Otuz ildən çoxdur xalça toxumaqla məşğul olan Pirəbədil kənd sakini Elbəniz Təhməzova bu sənətin sirlərini anasından və nənəsindən öyrəndiyini bildirir. Uşaq yaşlarından xalça toxumağa başlayan E.Təhməzova vaxt keçdikcə bu peşənin bütün sirlərinə yiyələnib. Hazırda isə toxuduğu xalçalardan gələn gəlir ailə büdcəsinin formalaşmasında əsas rol oynayır. Xalçaçı bir il ərzində iki, bəzən isə üç xalça toxuyur. Onun toxuduğu xalçaların əsas özəlliyi ondadır ki, lazım olan boyaları təbii vasitələrdən özü əldə edir. Bəzi hallarda isə hətta xalçada istifadə olunan ipləri də özü əyirir.
Elbəniz Təhməzova bildirir ki, səbir və diqqət tələb edən xalçaçılıq həm də gəlirli sahədir. Təbii boyalarla rənglənmiş iplərdən toxunan xalçalar uzun müddət öz parlaqlığını və rəngini itirmədiyindən daha çox satılır. Kənd sakinləri toxuduqları xalçaları ölçüsündən asılı olaraq 800-1500 manata təklif edirlər.
Yerli xalça toxuyanlar Pirəbədil xalçasını üzərindəki naxışlara uyğun “Burma”, “Qırman”, bəzən isə “Qayçı” adlandırırlar. Bu xalçalar daha qədim tarixə malik olması ilə seçilir. Pirəbədil xalçasının əsas elementləri sol-sağ tərəflərində igidlik və ərlik rəmzi olan “qayçı” və “buynuz” təsviri, ortada isə “hindtoyuğu”, onun kənarlarında meyvə ağaclarının yarpaqları və səkkizguşəli təsvirin olmasıdır. Bu xalçaların əksəriyyətinin orta sahəsi adətən tünd göy, bəzən isə tünd qırmızı rəngdə olur.