Qarmaqlı bıçaq
Nümunənin reyestr kodu : SD0402000011
Azərbaycanda xalça-palaz məmulatı istehsal texnikasına görə xovlu (ilməli) və xovsuz (ilməsiz) olmaqla iki qrupa ayrılır. Dik hana vasitəsi ilə xalça-palaz məmulatı toxumaq üçün toxucuların sayına uyğun olaraq həvə və ya toxmaq, kirkid və ya daraq, qayçı, bıçaq, qarmaqlı bıçaq kimi əmək alətlərindən istifadə olunur. Həvə və ya toxmaq xalça, palaz toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (heyvan buynuzundan, metaldan və s. hazırlanır) ucu kəsik, dişli alətdir. Kirkid (və ya daraq) xalça toxuyarkən toxunmuş ilmələri sıxlaşdırmaq üçün işlədilən alətdir.
Xalçaların xovunun hamarlığını əldə etmək, xovları xüsusi alətlərlə təmizləyib hamarlamaq “pardaqlamaq” adlanır. Xalçanın xovu “pardaq darağı” vasitəsi ilə təmizlənir, kəsilməyə hazır vəziyyətə gətirilir, “pardaq bıçağı” ilə kəsilib normaya salınır və qayçı vasitəsilə pardaqlanır. Xalça toxunub qurtardıqdan sonra istifadəyə və satışa çıxarmaq məqsədi ilə qırxım və pardaqlama əməliyyatından keçir. Bu əməliyyat üçün “pardaq darağı”, “pardaq bıçaqı” və “pardaq qayçı”sından istifadə olunur.
Xalçaçılıq sənətinin inkişafının ilk dövrlərində ilmələrin bağlanması və xovun kəsilməsi barmaqlarla, heç bir qurğu olmadan həyata keçirilirdi. Bu isə xalçanın toxunuş keyfiyyətini aşağı salır, estetik səviyyəsinə təsir göstərirdi. Xalça toxuculuğunun inkişafı nəticəsində iplərin kəsilməsi üçün əvvəlcə sadə bıçaqlar tətbiq olunmuşdur. Adi bıçaqlar kənd yerlərində köhnə dəryaz, yəni kərəntidən hazırlanırdı.
Qarmaqlı bıçaq dedikdə, xalçanın simmetrik “türkbaf” ilmələrini toxumaq üçün istifadə edilən ucu əyri qarmaqlı bıçaqlar nəzərdə tutulur. Qarmaqlı bıçaqlar qarmaq, kəsən hissə və tutacaqdan ibarətdir və bıçağın qarmağından əriş ipliklərini tutmaq, ilmələrdəki səhvi düzəltmək, ilmələri açıb yenidən bağlamaq, ipliyi kəsmək üçün də istifadə olunur. Bu bıçaqlar ilmələrin bağlanması (toxuma bıçağı) və ilmələrin açılması (sökmə bıçağı) üçün olur. Xovlu ilmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalçaçılıqda əsas alət hesab olunur. İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlarla xalçalar bərpa olunur, toxunma zamanı ilmələrdə buraxılmış səhvlər düzəldilir.
Qarmaqlı bıçaq, toxuma bıçağı, sökmə bıçağından başqa, xalça toxuculuğunda və xalçaların bərpası zamanı bölgülü sapı (tutacağı) olan bıçaqlardan (dəstəyi ölçülü bıçaq) da istifadə edilir. Toxucular bu bıçaqlardan xovun uzunluğunu, xalçanın sıxlığını, eləcə də bəzək detallarını ölçmək üçün istifadə edirlər. Toxucu öz əlinin ölçüsündən asılı olaraq bıçaqların sapının (tutacağının) və tiyəsinin uzunluğunu müəyyənləşdirir.
İlk yaranan və geniş istifadə olunan yer hanası olmuşdur. Daha sonra təkmilləşərək şaquli şəklə salınaraq divar hanası adlanan əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivə formalı dəzgah şəklinə düşmüşdür. Qədimdə xalça toxumaq üçün yalnız yun ipdən istifadə olunurdu. Sonralar isə xalçanın əsasını təşkil edən əriş və arğac adlanan ipliklər pambıqla əvəz olunur. Xalça toxunuşunda zamanla ipək, qızıl və gümüş saplardan, qiymətli daş-qaşdan, ağac qabığı və budaqlardan və s. istifadə olunmuşdur. Əriş sapları şaquli istiqamətdə xalçanın eni boyda tarım halda hanaya çəkilir. Yun saplardan isə qarmaqlı bıcaq vasitəsilə və yaxud əllə ərişlərə “ilmə” adlanan düyünlər vurulur.
Yüzilliklər boyu xalça toxuculuğu zamanı ipliklərin kəsilməsi məqsədilə dəmirçilərin düzəltdiyi sadə bıçaqlardan istifadə edilirdi. Bıçaq əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır, iki və daha artıq tilə malik olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til qabarıq nəzərə çarpır. İpliklərin kəsilməsi üçün adi mətbəx və cib bıçaqları, XIX əsrin əvvəlində isə qarmaqlı bıçaqlardan istifadə edilməyə başlanmışdır.
-
Şamaxı xalçaçılıq sənətinin tarixindən
Nailə Ciddi
2016
- Tərtibçi və biblioqrafiya
-
Azərbaycan xalçaçılığının texnoloji üsulları
Cəfər Müciri
1987
-
Azərbaycanın İrəvan bölgəsində xalçaçılıq sənətinin inkişaf tarixindən
Vidadi Muradov
2014