AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Gəncə qrupu xalçaları

Nümunənin reyestr kodu : SD0101040001

Gəncə xalça qrupu Kiçik Qafqazın şimal-şərq ətəyində, Gəncə-Qazax düzənliyində yerləşən xalçaçılıq mərkəzlərindən biridir. Gəncə, Gədəbəy, Goranboy, Şəmkir, Samux xalçaçılıq ocaqlarını və onlara daxil olan xalçaçılıq məntəqələrini əhatə edir. Gəncə ocağına – Gəncə şəhəri və ətraf kəndlər, Samux rayonu, Goranboy ocağına – Çaylı, Şadlı, Gədəbəy ocağına – Gədəbəy, Çıraqlı xalçaçılıq məntəqələri daxildir. Bu qrupa aid xalçalar texniki cəhətdən Qazax qrupu ilə eyniyyət təşkil etsə də, bədii xüsusiyyətinə və ölçüsünə görə onlardan fərqlənir. Gəncə xalçalarının ornament quruluşu Qazax xalçalarına nisbətən daha mürəkkəb, ölçüsü isə onlardan daha kiçik olur. Ümumiyyətlə, bu qrupa daxil olan xalçaların ölçüsü 3 kv. metrdən 10 kv. metr arasında dəyişir, ilmələrinin sıxlığı isə 25x25-dən 35x35-ə qədər olur. Bu xalçaların bir kvadratmetrinə 60.000-dən 120.000-ə qədər ilmə düşür. Kompozisiya xüsusiyyətlərinə gəldikdə isə, Gəncə qrupu xalçalarda kompozisiya Quba-Şirvana nisbətən sadə və seyrək, ornament elementləri isə daha çox həndəsiləşmişdir. Texniki xüsusiyyətlərinə gəldikdə isə, ilmələrinin seyrəkliyi və xovunun hündürlüyünə görə Quba-Şirvan zonası xalçalarından fərqlənir.

Gəncə xalçaları nisbətən uzunsoz, xovlarının hündür olmaları, seyrək ilmə sıxlığı və naxışlarının iriliyinə görə seçilir. Bu qrupa məxsus xalçalarda özünəməxsus fərdi kolorit həlli vardır. Belə ki, Gəncə xalçalarında daha çox şux çalarlar izlənilməkdədir. Ən çox istifadə edilən rənglər isə göy, yaşıl, sarı, mavi, qara, qırmızı və şəkəri tonlardır. Gəncə qrupunun “Gəncə”, “Qədim Gəncə”, “Gədəbəy”, “Çıraqlı”, “Samux”, “Çaylı”, “Şadlı”, “Faxralı” kompozisiyaları daha məşhurdur. Burada toxunan “Samux”, “Çaylı”, “Faxralı” çeşnilərinin ara sahəsi göllərlə bəzədilmiş qapalı tipli bədii tərtibata malikdir.

Bədii quruluşu ilə seçilən “Qədim Gəncə” xalçası, əsasən, Gəncə və ətraf kəndlərdə, Gəncədən şimal-şərqdə yerləşən Şəmkirdə toxunur. Spesifik bədii quruluşa malik olan bu xalçanın ara sahəsini sıra ilə ardıcıl və ya diaqonal şəkildə düzülmüş sərbəst buta elementləri bəzəyir. Bu naxışlar fərdi bədii quruluşu və rəng həlli ilə Bakı, Şirvan, Qarabağ xalçalarında istifadə olunan buta elementlərindən fərqlənir. Xalq arasında bu xalça “Gəncə”, “Gəncə-buta”, “Butalı Gəncə” adları ilə də tanınır.

Gəncə xalçaçılıq məktəbinin ən çox tanınan xalçalarından biri də adını Gəncədən 25 km. şimal-şərqdə yerləşən eyni adlı yaşayış məntəqəsindən alan “Faxralı” xalçalarıdır. Bu kənddə toxunan xalçalar Gəncə məktəbinin ən çox tanınan və fərdi bədii quruluşu ilə seçilən xalçalarıdır. Bir qayda olaraq bu xalçalar kiçik ölçüdə toxunmuş və namaz üçün nəzərdə tutulmuşdur. Ara sahənin yuxarı hissəsindəki məscid mehrabını xatırladan tağın təsvir olunması da onların təyinatından, hansı məqsədlə istifadə olunmasından xəbər verir. Buna görə bu xalçalar xalq arasında “Canamaz” adı ilə də tanınır.

Gəncə xalçalarının naxışları, əsasən, həndəsi formalı bəzək elementlərindən ibarətdir. Onların ətrafı isə pilləli göllər, qarmaqlı naxışlar, romb, üçbucaq təsvirləridir. Digər naxışlar isə gül forması və ya heyvan təsvirlərindən ibarət olub kiçik ölçüdə toxunduqları üçün xalçalarda aparıcı mövqe tutmurlar.

Gəncə ipəyinin, pambıq parçalarının və xalçalarının Yaxın Şərqdə yüksək qiymətləndirilməsi haqqında XI-XII əsrə aid tarixi mənbələrdə əks olunmuş məlumatlar, səyyah Övliya Çələbinin Gəncədə ipəkçiliyin inkişaf etməsi haqqında verdiyi məlumat ipəkçiliyin, toxuculuğun burada qədim tarixi olduğunu göstərir. Lakin istehsalın sənayeləşməsi, ipəkçilik və pambıqçılığın inkişafı ilə əlaqədar ənənəvi xalçaçılıq XX əsrdə burada tənəzzülə uğramış və fabrik üsulu xalça istehsalı ilə əvəz olunmuşdur.