AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Buynuz xalçası

Nümunənin reyestr kodu : SD0101050004

Qarabağ xalça qrupuna aid xalça kompozisiyasıdır. Xalçanın ara sahəsini “buynuz” adlanan üslublaşdırılmış bitki motivi təşkil edir. Buynuz təsviri güc, kişilik, mərdlik rəmzi sayılır. Bir çox xalqlarda buynuz həm də fantastik varlıqları tərənnüm etmişdir. Köhnə xalçaçılar bu xalçanı “Horadiz” adlandırırlar. Buynuz xalçaları Dağlıq Qarabağın müxtəlif xalçaçılıq məntəqələrində toxunub. Onların əsas istehsal mərkəzləri Füzuli rayonunun Horadiz yaşayış məntəqəsidir. Buynuz xalçalarının 19-cu əsrin 2-ci yarısından Gəncə xalçaçılıq məntəqəsində də toxunub. Müxtəlif variantda toxunan bu xalçalar bu bölgədə “Tapança”, “Gəncə” və s. adlarla tanınıblar.

“Buynuz” xalçası adətən tünd yerlikdə, uzunsov formada toxunurdu. Ara sahə tamamilə buynuz elementləri ilə, onların arası isə doldurucu elementlərlə bəzədilirdi. Doldurucu elementlər qırmızı, narıncı, sarı kimi isti rənglərdən istifadə edilərək ərsəyə gətirilirdi.

Xalçanın ara sahəsini bəzəyən elementlər ənənəyə görə bir-birinin ardınca düzülərək, üfüqi sıra yaradırlar. “Buynuz”ların asimmetrikliyi bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən xalçanı müxtəlif ölçülərdə toxunmasına imkan verirdi. İlmələrin sıxlığı 30x30-dan 35x36-dək olurdu. Xovun hündürlüyü 7-9 mm-dir. Dəst halında iri ölçülü ”Dəst-xalı-gəbə” və “Buynuz” xalça dəstləri də toxunurdu.