"Balıq" xalçası
Nümunənin reyestr kodu : SD0101050002
Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalçaçılıq məktəbinin dağlıq və aran zonalarında inkişaf etmişdir. Yalnız yerli usta və xalçaçılar deyil, həm də xarici sənətşünaslar bu xalça növünü “Balıq” adlandırmışlar. Xalçanın öz adını Urmiya qəzasında (Cənubi Azərbaycanın indiki Rezayya şəhəri) yerləşən Balıq qəsəbəsinin adında götürdüyü ehtimal olunur. Cənubi Azərbaycanda bu xalçalar “Moxi” (“Maxi-balıq”) adı ilə tanınır.
XVIII-XIX əsrlərdə Azərbaycanın ən böyük müəssisələrində “Maxi” (“Balıq”) xalçaları və xüsusilə də, çoxlu sayda yüksək kateqoriyalı uzunsov xalçalar istehsal olunurdu. “Əraq”, “Bicar”, “Müstofi” kimi məşhur xalçalar “Balığ”ın təsvirləri əsasında toxunurdu. “Balıq” xalçası sərbəst quruluşa malik deyil, o, “Əfşan” xalçalarının kompozisiyası əsasında qurulur. “Əfşan” xalçalarının kompozisiyası böyük məsafəli rapport spirallarından ibarətdir. “Balıq” xalçalarının kompozisiyası da bu prinsipə əsaslanır, lakin onun spiralları kiçik məsafəli rapportlarda yerləşir.
“Balıq” xalçaları, bir qayda olaraq, böyük və uzunsov ölçüdə toxunur. XIX əsrdə Qarabağda, xüsusilə Şuşa və Bərdə şəhərlərində toxunan balıq kompozisiyalı xalı-gəbə dəstləri indiyədək çox məşhurdur. “Balıq” xalçalarında bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 40x40 ilməyə qədərdir. Bir kvadrat metrdə ilmələrin sayı isə 90-160 min arasında dəyişir. “Balıq” xalçalarında xovun hündürlüyü 7-9 mm-dir.
X əsrdən başlayaraq Qarabağın dağlıq zonası yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınırdı. Yerli qoyun cinslərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları yüksək sıxlığa, yumşaq xova malikdir və parlaq koloriti ilə seçilirlər. Qarabağ xalçaçılıq məktəbinin əsas kompozisiyalarından olan “Balıq” xalçaları da bölgənin bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – Bərdə şəhəri olmuşdur. Şuşanın Qarabağın inzibati mərkəzinə çevrilməsi ilə əlaqədar bu xalçalar XVIII əsrin II yarısından etibarən Şuşada da istehsal olunmağa başlamışdı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i “Balıq” tipinə aid idi. Keçən əsrin 70-80-ci illərindən kimyəvi boyaq maddələrinin meydana çıxması ilə əlaqədar bu xalçaların istehsalı tənəzzül edir. Bunun əsas səbəbi açıq bazarlar, fərdi satış, yeni xalçaçı dükanlarının yaranması, həmçinin xalçaların topdan satışının onların pərakəndə satışı ilə eyni səviyyədə inkişaf etməsi idi.