AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şuşa qrupu xalçaları

Nümunənin reyestr kodu : SD0101090001

Şuşa xalçaları xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Azərbaycanda olan 1500 növ boyaq bitkisinin əksəriyyəti Qarabağda olmuş, burada toxunan xalçaların ipliklərinin boyanmasında onlardan istifadə olunmuşdur. Vidadi Muradovun yazdığına görə, Qarbağda, o cümlədən də Şuşada 35-dən artıq orijinal xalça çeşnilərindən istifadə olunmaqla xalçalar toxunmuşdur.

Bir qayda olaraq bu ərazillərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunmuşdur. Buna nümunə olaraq, eni 2 və uzunu 5-7 xan arşını (xan arşını 1,5 arşına bərabər gəlir) olan xalıları, eni 1 və uzunu 5-7 xan arşını olan cüt “kənarə”, “başlıq”, “ayaqlıq” kimi beş hissədən ibarət “xalı-gəbə” dəstlərini misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilmişdir. Qarabağ sənətkarlarının toxuduğu xalçalara verdikləri adlar bəzən onların ölçülərini də müəyyən edir. Məsələn, “gəbə” – xalı ilə kənarə arasındakı ölçüdə bir xalça, taxtüstü – 3x1 xan arşını ölçülü divar və ya taxt üçün nəzərdə tutulan xalça, “xalı balası” – 4x1 xan arşını ölçüsündə xalı və s.

Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanmışdır. İpək xalçalar, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya ixrac məqsədilə toxunurdu.

Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. Məsələn, “Bulud”, “Bağçada güllər”, “Saxsıda güllər” adlı məşhur Şuşa xalçalarının toxunmasına Azərbaycanın Rusiyaya ilhaqından sonra başlanılmışdır. XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın Ümumrusiya əmtəə tədavülünə qoşulması ilə əlaqədar Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, krujeva, “xoruznişan” dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları, həndəsi naxışlarla bəzədilmiş damalı kağızlara bükülmüş sabun və s. materiallar gətirilirdi. Şuşada istehsal olunan bir çox xalçalar da xalça sənətkarlarının həmin məmulatların üzərindəki təsvirlərdən ilham alaraq yaratdığı nümunələrdir. Şusanın “Bağçada güllər” kompozisiyalı məşhur xalçaları buna misal ola bilər. Bu xalçaların naxışları Pavlovski Posad şəhərində istehsal olunan güllü yaylıqlardan götürülmüşdür. Ona görə ilk dəfə “Güllü yaylıq” adlandırılan bu xalçalar sonralar “Bağçada güllər” adı ilə məşhurlaşmışdır. Şuşada toxunan “Saxsıda güllər”, “Bulud” xalçaları da rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir. İlk dövrlər güllü naxışlar kiçik ölçülü xalçalara, sonralar isə dəst xalı-gəbələrə da tətbiq olunmağa başlamışdır.

Röya Tağıyevanın yazdığına görə, XIX əsrin II yarısından etibarən Şuşada toxunan bütün xalçaların təqribən 35 faizi “Balıq” kompozisiyalı xalça nümunələri idi. Vaxtilə Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunan bu xalçaların istehsalı XVIII əsrin II yarısından etibarən Şuşa şəhərində cəmləşir. “Əfşan” kompozisiyası əsasında qurulan bu xalçalar Cənubi Azərbaycanda “Mahi”, Qarabağda isə “Balıq” adı ilə tanınmışdır.

XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. Toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa XIX əsrdə Qarabağda birinci yeri tuturdu. İncəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən “Ləmpə”, “Qoca”, “Bulud” xalçaları və “Dəst xalı-gəbə” kimi xalça dəstləri burada toxunub.

Qarabağın əksər məntəqələrində, o cümlədən Şuşa şəhərində toxunan xalçalar əmtəə xarakterli olub Rusiya, Avropa, Asiya ölkələrinə ixrac olunmuşdur. Statistik məlumatlara görə, 1885-1887-ci illərdə Şuşanın xalça istehsalından gəliri 30 min rubl olmuşsa, 1890-cı illərdə bu gəlir artıq 200 min rubla çatmışdır.