AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bəhmənli xalçası

Nümunənin reyestr kodu : SD0101020003

Qarabağ qrupuna daxil olan xalça kompozisiyasının adıdır. Bu xalçalar öz adını indiki Füzuli rayonuna daxil olan Böyük Bəhmənli kəndinin adından alıb. Xalça tacirləri arasında “Xan-Qarabağ” və ya “Xanlıq” adı ilə də tanınır. “Bəhmənli” xalçası Lənkəran, nadir hallarda isə Qazax rayonunda da istehsal edilib.

Xalça təkcə məişət əşyası deyil, həmçinin xalqın mənəvi aləmini əks etdirən bir məfhumdur. Onlardan həm döşənəcək, divar örtüyü kimi istifadə edilib, həm də toy, bayram və yas mərasimləri üçün əvəzsiz sayılıblar. Xalçaların düyün ipləri (əriş), arğac və xovu yundan olub. Bu məqsədlə müxtəlif növ qoyun cinslərinin yunundan istifadə edilib. Toxunduğu regiondan asılı olaraq xovlu xalçaların xovunun hündürlüyü və sıxlığı fərqli olub. Soyuq bölgələrdə bir qayda olaraq hündür xovlu qalın xalçalar toxunub.

“Bəhmənli” xalçasının ara sahənin kompozisiyasını bir-birinin ardınca sıra ilə düzülmüş orijinal formalı fiqurlar təşkil edir. Bəhmənli kəndinin qocaman xalçaçıları bu fiqurların mənşəyi barədə müxtəlif fikirlər irəli sürürlər. Bəziləri bu fiqurların heykəl, manqal və ya xərçəng, digərləri tısbağa təsviri olduğunu deyirlər. Lənkəran xalçaçıları isə onları xərçəngə bənzədirlər. Belə nəticəyə gəlmək olar ki, heyvan təsvirlərinə bənzəyən bu fiqurlar hansısa bir tayfanın totemi olub.

“Bəhmənli” xalçasının ara sahəsində adətən bir fiqur, Lənkəran və Muğanda toxunan “Bəhmənli” xalçasının ara sahəsində isə 2 fiqur yerləşir. Ara sahənin yerliyi adətən qırmızı və ya sürməyi olur. Bəzən əsas medalyonlar arasında 8 guşəli ulduz təsvirlərinə də rast gəlinir.

“Bəhmənli” kompozisiyalı uzunsov xalılar XVIII əsrdən başlayaraq toxunmağa başlayıb. Bu xalçaların ölçüsü təxminən 100x150 sm-dən 125x180 sm-dək olur. Hər kvadrat desimetrə 35x35-dən 40x40-a qədər ilmə düşür. Xovun hündürlüyü 6-8 mm-dir.

“Bəhmənli” xalçaları yüksək keyfiyyəti ilə seçilirdi. XIX əsrin sonunadək toxunan bu xalçalar sonralar tənəzzülə uğrayaraq bədii dəyərini itirmişlər.