AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Fındığan xalçası

Nümunənin reyestr kodu : SD0101010002

Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalça nümunəsidir. “Fındığan xalçası”nın adı Bakıdan 70 km şimal-qərbdə yerləşən Fındığan kəndinin adından götürülüb. Bu xalçalar ilk dəfə bu kənddə istehsal edilmişdir.

“Fındığan xalçası”nın ara sahəsinin kənarlarında digər xalçalardan fərqli olaraq müxtəlif növ haşiyələrdən istifadə edilir. Xalçanın ara sahəsinin kompozisiyası bir neçə böyük altıbucaqlı uzunsov göllərdən ibarətdir. Bu göllərin aşağı və yuxarı mərkəzi bucaqları digər bucaqlara nisbətən şaquli ox boyunca uzanır. Belə göllər əvvəllər "Qobustan" xalçaları üçün də xarakterik idi. Altıbucaqlı uzunsov göllərin ətrafını qarmaqvari motivlər bəzəyir.

“Fındığan xalçası”nın ara sahəsində müxtəlif adlarla adlandırılan və müəyyən məna kəsb edən bir çox elementlər təsvir edilir. El arasında “pitrax” adlandırılan və bədnəzəri qaytarmaq üçün istifadə olunan bu elementə əksər xalçalarda rast gəlmək mümkündür. Fındığan xalçalarında təsvir olunan “əlibelində” adlanan element isə bolluğu, taleyi və xoşbəxtliyi ifadə edir. Haşiyədə verilmiş “axar su” elementi gül və göz motivlərinin təkrarından ibarətdir. Bu xalçalarda təsvir olunan heyvan motivləri isə bərəkəti, bolluğu və gücü simvolizə edir.

Uzunsov formada olan “Fındığan xalçası”nın ölçüləri 100x250 və 120x300 sm arasında dəyişir. “Fındığan xalçası”nda orta sahə adətən üç və daha artıq sayda göllərlə bəzədilir, orta sahəsi iki göllə bəzədilən “Fındığan xalçası”na nadir hallarda rast gəlinir.

“Fındığan xalçası”nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 38x38 ilmədən 42x42 ilməyə qədərdir. Bir kvadrat metrə isə 145 minlə 176 min arası ilmə düşür. “Fındığan xalçası”nda xovun hündürlüyü 3-5 mm-dir.