AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Həvə və kirkit

Nümunənin reyestr kodu : SD0402000012

Azərbaycan xalçaçılıq sənətində toxucu dəzgahları ilə yanaşı toxuculuq alətləri də mühüm rol oynamışdır. Xalçaçılıqda əsas texnoloji proseslər qarmaqlı bıçaq, həvə və qayçı vasitəsi ilə həyata keçirilmişdir. Bu alətlər müasir dövrdə daha təkmil formada olsa da, XIX-XX əsrlərdə mövcud olmuş alətlərdən çox az fərqlənirlər və eyni funksiyanı yerinə yetirirlər. Xalça-palaz məmulatının bütün növləri, əsasən, eyni dəzgahda – dik hana vasitəsi ilə toxunurdu. Toxuma prosesində həvə, kirkit, bıçaq və qayçıdan istifadə olunurdu.

Toxuma prosesi arğac ipinin əriş taylarının arasından keçirilməsi ilə başlanırdı. Bu məqsədlə müvafiq rəngli arğac ipləri xırda kələfcə halına salınırdı. İlk arğacın ucu “ağız çubuğunun sağ kənarına bağlanandan sonra dal ağacı yuxarı qaldırılaraq əl ilə əriş taylarının üzərindən basılırdı. Bunun sayəsində gücü ağacının alt hissəsində əriş taylarının dal-qabaq vəziyyəti dəyişib bir-birindən azca aralanırdı. Arğac ipi əriş taylarının arasından mərhələ-mərhələ, sağdan sola və əksinə olmaqla keçirildikcə kirkit vasitəsilə döyəclənib aşağı yatızdırılırdı. Bir qayda olaraq, xalça-palaz məmulatının “dəhnə” adlanan “ağız” (baş) və ayaq hissələri kətansayağı bəsit toxuma texnikası ilə hazırlanırdı. Birbaşa ötürülən arğac keçirmələrindən fərqli olaraq, rəngli ilmə ipləri xüsusi qaydada dolama üsulu ilə hər dəfə bir cüt ərişə bənd edilirdi. Bunun üçün bir cüt əriş tayı götürülüb müvafiq ilmə ipinin sərbəst ucu onların arasından içəri keçirilərək, əvvəlcə ərişin sol tayına dolanıb geri qaytarılır, sonra isə sağ tayın ətrafına fırladılmaqla yenidən qoşa tayların arasından bayıra çıxarılırdı. İlmə aşağı dartışdırılıb arğacın üzərinə endiriləndən sonra ilmənin ucu əyri bıçaq ilə kəsilirdi. Bu qayda ilə çeşnini əmələ gətirən bəzək ünsürlərinin tələbindən asılı olaraq, müvafiq rəngli iplə növbəti ilmələr yan-yana qoşa əriş taylarına bənd edilirdi. Toxuculuq sənətində bu əməliyyat “ilmə çalma” adlanırdı. Bir çin ilmə düzümü əriş taylarına bəndlənib qurtarandan sonra xovların ucları çəkişdirilirdi.

Hər ilmə çininin üzərindən əvvəlcə sağdan sola, sonra isə soldan sağa olmaqla, bir cüt arğac (alt və üst arğaclar) keçirilib kirkit və həvə vasitəsilə döyəclənirdi. Hər iki arğacı döymək üçün istifadə olunan həvə metal dişli alət, kirkit isə ağac və buynuzdan düzəldilmiş alət idi. Həvə hər iki arğacı döymək üçün, kirkit isə ikinci arğacı döymək üçün istifadə olunurdu. Həvə arğacı döyməklə ilmələri yerinə oturdur, yatım sıxlığını nizama salır. Zaman keçdikcə bu alətlər arğacdöymə işinin bütün tələblərinə cavab verməmişdir. Həvənin dəstəyinin yöndəmsizliyi, dişləri arasındakı məsafənin ilmənin sıxlığına uyğun gəlməməsi, sınması səbəbindən bu alət təkmilləşməyə məruz qalmış, texnoloji baxımdan dəyişikliyə uğramış, metal həvələr meydana çıxmışdır.

XII əsrdən başlayaraq xalçaçılığın şəhər emalatxanalarında təşkil edilməsi arğacdöymə alətlərinin təkmilləşdirilməsini sürətləndirmiş, XVI əsrdə ağac həvələrin dişlərinə metal əlavə edilməsi yeni həvələrin yaradılması üçün şərait yaratmışdır. Metal həvələrin ilk nümunələri XIX əsrin sonlarında xalçaçılıqda istifadə olunmuşdur. XX əsrin ortalarında metal həvələrin müxtəlif növləri hazırlanmış, 1956-cı ildən “Azərxalçaittifaq” sistemində ağac dəstəkli, münasib metal həvələrin tətbiqinə başlanmışdır. Bu həvələrin dişlərinin sayı 15, qalınlığı (sıxlıqla əlaqədar) 1-2 mm, uzunluğu 16-18 sm, ağırlığı isə 350-400 qram idi.

Arğackeçmə işində baş verən dəyişiklik, metal həvələrin istehsalata tətbiqi kirkiti tamamilə sıradan çıxarmışdır. Nəticədə arğacdöymə əməliyyatında iki alət əvəzinə bir alət işlədilmiş, arğaclar yerinə ağac dəstəli metal həvələrlə oturdulmuş və döyülmüşdür. Xalçanın sıxlığı ilə əlaqədar həvələrin texniki şəratini dəyişib dişlərinin sayını, qalınlığını, fasiləsini, ağırlığını artırıb-əksiltmək mümkün olmuşdur.