Canamaz (namazlıq)
Nümunənin reyestr kodu : SD0104000006
Canamaz (namazlıq) dini ayinlə əlaqədar meydana gəlmiş, xüsusi olaraq namaz qılanlar üçün nəzərdə tutulduğundan, xeyli kiçik ölçüdə (1m x 0,8 m), həm də yüngül olsun deyə, nazik toxunmuşdur. Çox nadir hallarda Cümə məscidləri üçün “səf səccadə” adlanan çox böyük ölçüdə canamaz xalça toxunardı. Keçmişdə canamazlar ibadət edən müsəlmanların əvəzolunmaz xalısı olmuşdur. O, əsasən hər evdə namaz qılanların sayına uyğun toxunurdu. Azərbaycanın başlıca xalça istehsalı mərkəzlərinin hamısında onun dekorativ bəzək tərtibatında mehrab kompozisiyası başlıca yer tutmuşdur. Məhz bu səbəbdən də canamaz çox vaxt həm də “mehrabı” adı ilə tanınırdı. Xovlu xalçanın bu növü fərdi səciyyə daşıdığından, çox vaxt sifarişlə astarlı toxutdurulurdu. Taxtüstü kimi, canamaz da keçmişdə, adətən, satışa çıxarılmırdı.
Canamazın Azərbaycanda “canamaz”, “namazlıq”, “mehrabi”, İranda “tağı”, “cənamaz”, Ərəbistanda və Türkiyədə “səccadə” adlanan növləri toxunmuşdur. Bu xalçalar istər formaca, istərsə də kompozisiya baxımından digər xalça məmulatlarından fərqlənirdilər. Canamazın yuxarı hissəsində əl və baş qoymaq üçün yerlər – kiçik tağ qurşağı yaradılır, kompozisiyanın ara sahə hissələrinə Qurandan ayələr daxil edilirdi. Canamazın kompozisiyasına dini binaların mehrab hissəsində təsadüf olunur. Görünür, bu kompozisiya əvvəllər memarlıq abidələrinin bəzək elementlərində, sonralar isə dekorativ-tətbiqi sənətdə (xalça, qələmkar parça, tikmə və s.) tətbiq edilmişdir.
Canamaz müxtəlif ölçülərdə toxunulurdu. Bir adamlıq canamaz ilə yanaşı, kütləvi namaz qılmaq üçün 30-40 tağlı (30-40 adamlıq) namazlıqlar da olurdu. Müsəlman əhalisi namaz ayinini icra edərkən yerə canamaz salıb üzərinə möhür qoyardı. Namaz ayini zamanı istifadə olunan möhürlərin üzərinə “Qurani-Kərim”dən ayələr yazılar, şöhrətli din xadimlərinin məqbərələri həkk olunar, bəzən də, sadəcə, nəbati naxışlar salınardı. MATM Etnoqrafiya fondunda belə canamazların xeyli hissəsi (116 ədəd) mühafizə olunmaqdadır (EF 1465, 4753, 6013, 8929, 3221, 2529, 8608, 4150 və s.). Belə canamaz nümunələrindən biri də (EF 1221) qələmkar canamazdır. Ağ rəngli çit parça üzərində müxtəlif rəngli nəbati və həndəsi basma naxışlar salınıb hazırlanmaqla, astarı ağ güllü çitdən tikilmişdir. Ölçüləri 119x89 sm olan canamazın üzü astarı ilə birlikdə sırınmışdır. Digər bir canamazın (EF 6871) üzəri ağ və qırmızı zolaqlı darayı parçadan, astarı isə zolaqlı çitdən tikilməklə, 41x45 sm ölçüdədir, iki tərəfinə sarı rəngli qanovuz parçadan yanlıq salınmışdır. Canamazın ətrafının köbəsi qara sətin parçadandır. Üçüncü bir namazlıq (EF 6909) üzü müxtəlif rəngli, buta naxışlı tirmənüma, astarı bənövşəyi rəngli qanovuz parçadan tikilməkə, köbəsi miləmil darayı parçadandır. Bir tərəfində ağ ipək sapla ərəb əlifbası ilə “№ 47. Fərmayişi no zühur memar Səttar...” sözləri təkəlduz tikmə ilə tikmələnmişdir. Onun ölçüləri 93x73 sm-dir. Üzərindəki naxışlar baxımından diqqəti çəkən digər bir canamaz (EF 9706) üzərində İslamın bütün simvolları toxunmuşdur. Burada kompleks şəkildə məscid, üzərində hilal və ulduz, mehrab, qəndillər və “Zülfiqar” qılıncı toxunmuş, ərəb əlifbasının xəttatlıq üslubunda müxtəlif ayələr yazılmışdır. Namazlığın XX əsrə aid olmasını onun üzərində hicri təqvimi ilə 1331 (milad təqvimi ilə 1960-cı il) yazılması göstərir. Namazlığın üzərində Həzrəti Əlinin qılıncı ilə yanaşı, oğlanları Həsən və Hüseynin də adını oxumaq mümkündür. Namazlığın yuxarı sağ küncündə isə “həmd və həmd” yazılmışdır.
Canamaz ölçülərinə (kiçik və böyük), təyinatına (tək adamlıq və kütləvi), naxış-dekor kompozisiyasına (həndəsi, nəbati naxışlar, tağ və mehrab kompozisiyası və s.), adlarına (“mehrabi”, “cənaməz”, “namazlıq”, “taği”, “səccadə” və “səf səccadə”), eləcə də rənginə və hazırlandığı parça materialına (qələmkar, darayı, tirmənüma və b.) görə bir-birindən fərqləndirilirdi.
Xovlu xalça məmulatının bir nümunəsi kimi canamaz islami düşüncə və dekorativ-tətbiqi təfəkkürün məhsulu olaraq müsəlman məişətinə VII əsrin əvvəllərindən daxil olmuşdur. Azərbaycanda Ərəb Xilafəti hakimiyyəti bərqərar olandan sonra, bütün müsəlman aləmində olduğu kimi, burada da namaz ayinini icra etməkdən ötrü canamazdan istifadə edilmiş, bu ənənə hazırda da davam etdirilməkdədir. Canamazın ən yaxşı nümunələri Təbrizdə toxunmuşdur.