Xalçaçılıq sənəti
Nümunənin reyestr kodu : SD0100000001
Azərbaycan məişətində ta qədimdən otaqların, alaçıqların bəzədilməsində, yerin döşənməsində, ərzaq və yüklərin saxlanmasında, paltarların hazırlanmasında və s. xalça və xalça məmulatından geniş istifadə olunmuşdu. Hətta müəyyən dövrlərdə xalçanın miqdarı zənginliyin göstəricisi sayılmış, orta əsrlərdə bir çox bölgələrdə vergilər xalça və xalça məmulatı ilə ödənmişdi.
Xalçaçılıqda ilməvurmanın “asimmetrik” (yandansalma) və “simmetrik” (aradansalma) növlərindən istifadə olunur. Elmi ədəbiyyatda “farsbaf” və “türkbaf” adı ilə tanınan bu metodlar, Röya Tağıyevanın fikrincə, “türkbaf” toxuma metodunun növləridir. Cənubi Azərbaycanda hər iki metoddan bu gün də istifadə olunur, Şimali Azərbaycanda isə “aradansalma” metodu geniş yayılaraq əsas toxuma üsuluna çevrilmişdi. “Yandansalma” məhsuldarlığı yüksəltmək, istehsal prosesini sürətləndirmək və səmərəsini artırmaq məqsədilə tətbiq edilirsə, naxış və ornamentlərin dəqiqliklə əks etdirilməsində “aradansalma” üsulunun əvəzi yoxdur. Beləliklə, Azərbaycan xalçaçılıq sənətini səciyyələndirən əsas cəhətlər ilməvurmanın türkbaf metodu, ilmələrin əriş və arğac üzrə eyni sıxlığı və iki arğaclılıqdır.
Azərbaycan xalçaçılıq sənəti texniki və bədii xüsusiyyətlərinə görə bir-birindən fərqlənən dörd əsas mərkəzdə təşəkkül tapmışdı: Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz. Həmin ərazilərin Azərbaycanda qoyunçuluq təsərrüfatının inkişaf etdiyi mərkəzlər olması, xalçaçılığın xammal bazasının mövcud olduğu ərazilərdə təşəkkül tapıb inkişaf etdiyini göstərir. Həmin mərkəzlərin hər biri bir neçə iri istehsalat regionundan ibarətdir. Bu regionlar özünəməxsus texniki və bədii xüsusiyyətləri ilə seçilir ki, bu da Azərbaycan xalçalarına orijinallıq verən rəng, ornament, kompozisiya çoxvariantlılığını təmin edir, eyni kompozisiyanın müxtəlif versiyalarının yaranmasına səbəb olur.
Gərgin əl əməyi hesabına başa gələn Azərbaycan xalçaları toxuma texnikasına görə iki əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar.
Xovsuz xalçalara çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax toxunuşlu xalçalar daxildir. Bu qrupa aid xalça məmulatı arğac ipləri əriş iplərə “sadə keçirtmə”, “mürəkkəb keçirtmə” və “sadə dolama” üsulla keçirilməsi ilə toxunur. Xovsuz xalçalar insanların yarımköçəri həyat tərzi keçirdiyi dövrlərə aid olub, çadırların, arabaların döşənməsində, üstlərinin, yan-yörələrinin örtülməsində istifadə olunmuş, həmçinin pərdə, örtük, ayaqaltı kimi işlənmişdi. Xovlu xalçalara isə xalı və xalçalar daxil edilir ki, “düyünləmə”, yəni “dolama” və yaxud “qullabı” ilmə üsulu ilə toxunur.
Arxeoloji qazıntılar zamanı tapılmış neolit dövrünə aid primitiv toxuculuq alətləri, xalça dəzgahlarının qalıqları, yunan tarixçisi Herodotun Qafqazda parçaların boyanması haqqında verdiyi məlumatlar xalçaçılıq sənətinin bu çoğrafiyada tarixinin xeyli qədimlərə gedib çıxdığını göstərir. Tədqiqatçıların fikrincə, hələ tunc dövründə – miladdan əvvəl II minillikdə bu coğrafiyada yun xalçalar mövcud olmuşdu. VII əsr Çin səyyahı Xuan Tes-Ankın Azərbaycanı xalça istehsalının iri mərkəzi adlandırması bu coğrafiyanın ta qədimdən xalça istehsalının əsas mərkəzlərindən biri olduğunu göstərir.
Çoxəsrlik inkişaf yolu keçmiş Azərbaycan xalçaçılıq sənəti qonşu xalqlara da təsir göstərir, elmi və bədii nailiyyətləri ilə onların mədəniyyətini zənginləşdirir. Araşdırmalar təsdiq edir ki, Azərbaycan Qafqaz xalçaçılığı üçün məktəb olmuş və Qafqaz xalça kompozisiyalarının 90 faizini Azərbaycan ustalarının kompozisiyaları təşkil edir.
XIV əsrdən başlayaraq kütləvi şəkildə Avropaya çıxarılan Azərbaycan xalçalarının dövrün məşhur rəssamları – Hans Memlinq (XV əsr), Hans Holbeynin (XVI) və b. əsərlərində təsvir olunması onların Avropada da populyarlıq qazandığını göstərir. Dünya xalçaçılıq xəzinəsinə bənzərsiz incilər bəxş etmiş Azərbaycan xalçaçılıq məktəbinin nümunələri bu gün də Ermitajda, Moskvanın Şərq xalqları mədəniyyəti muzeyində, Top-qapı, İrane-Basitan, Viktoriya və Albert, Pold-Pedzoli, Metropoliten və dünyanın digər adlı-sanlı muzeylərində qorunub saxlanır. Azərbaycan xalçalarının bu şöhrəti, şübhəsiz ki, onların yüksək estetikası, güclü emosional təsir doğurmasından irəli gəlir.
-
Azərbaycan xalçası
Tərtib edəni: Röya Tağıyeva
2007
-
Azərbaycan xalçaları
Vidadi Muradov
2008
-
Azərbaycan xalça sənəti: tarixi, məktəbləri, texnologiyası
Vidadi Muradov
2013
-
Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları
Vidadi Muradov
2015
-
Azərbaycan xalçaçılığı tarixinə kulturoloji baxış
İlqar Hüseynov
2013
-
Azərbaycan xalçaları: İrəvan qrupu
Layihə rəhbəri: Vidadi Muradov
2011
-
Ковровое искусство Азербайджана
Н.Абдуллаева
1971
- Biblioqrafiya və tərtibçilər