AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cəmiyyət

Nümunənin reyestr kodu : DA0100000001

Azərbaycanda cəmiyyətin özəyini təşkil edən ailələr nikah münasibətləri əsasında qurulmuş, qan qohumluğu prinsipi ilə formalaşmış, qarşılıqlı cavabdehlik, məsuliyyət və köməklik kimi ənənəvi münasibətlər sistemi ilə möhkəmlənmişdi. Hər bir cəmiyyətin əsasını ailə təşkil edir. Ailə iqtisadi, mədəni və sosial funksiyalar yerinə yetirməklə cəmiyyətin sosial-iqtisadi tərəqqisində, əhalinin təbii təkrar istehsal prosesində mühüm rol oynayır. Yəni, artım, tərbiyə, maddi-iqtisadi, təsərrüfat-məişət, mənəvi və digər funksiyalar ailəni təmin edən amillərdir. Xüsusi mülkiyyət və dövlətlə eyni dövrdə təşəkkül tapan ailə cəmiyyət inkişaf etdikcə onunla paralel inkişaf yolu keçmişdi.

Azərbaycanda ailə eneolit dövründə təşəkkül tapmışdı. Tunc dövrünün sonunda nəsli icmalar ailə icmaları ilə əvəz olunmuş, ibtidai icma quruluşunun dağılması ilə artıq ailə icmaları kiçik ailələrə parçalanmışdı. İslamın qəbulundan sonra Azərbaycanda ailə və ailə məişəti yeni məzmun kəsb etmiş, İslam əxlaq normaları əsasında yenidən formalaşmışdı. Əsrlər keçməsinə baxmayaraq, orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında ciddi fərq müşahidə olunmur. Bu da onu deməyə əsas verir ki, Azərbaycan xalqı ailə və ailə məişəti ilə bağlı adət-ənənələrini əsrlər boyu qoruyub saxlaya bilmiş, onu inkişaf etdirmiş və bugünkü günümüzə gətirib çıxarmışdı.

Azərbaycan cəmiyyəti nəsildən-nəsilə ötürülən zəngin ənənələr üzərində kök salmış, bu ənənələrə bağlılıq cəmiyyətin bütün üzvlərini bir arada tutan əsas amil olmuşdu. Belə ənənələrdən biri qarşılıqlı yardımlaşmadır.

İnsanlar əsrlər boyu məişətdə, təsərrüfat işlərində həmişə bir-birinə kömək olmuş, yardım etmişlər. Qarşılıqlı yardım və köməkliyə daha çox əkinçilikdə ehtiyac duyulmuşdu. Torpağın şumlanmasından başlayaraq səpin, alaq, əkinin suvarılması, taxıl biçini, dərzlərin döyülməsinə qədər əmək prosesində əkinçilərin bir-birinə kömək etmələri adət halını almışdı. Maldar əhali arasında kollektiv əmək mal-qaranın otarılmasından başlayaraq ot çalımı, maldarlıq məhsullarının emalı, yun qırxımı və yunun daranmasına qədər iş prosesində özünü göstərirdi. İnsanlar su arxlarının, su quyularının qazılması, bəndlərin, su anbarlarının tikilməsi, kəhrizlər şəbəkəsinin yaradılması, yolların çəkilişi, körpülərin salınması, yaşayış evləri və təsərrüfat tikililərinin inşası kimi ağır işlərdə birgə əməkdən istifadə etmişlər. Qarşılıqlı yardımlaşma əkinçilik, maldarlıq və tikinti kimi xalqın təsərrüfat həyatı ilə məhdudlaşmamış, eyni zamanda toy və yas mərasimlərini də əhatə etmişdi.

Azərbaycanda qarşılıqlı yardım formaları müxtəlif adlarla tanınır: iməcilik, əvrəz, avaja, növbələşmə, ortaqlıq, hoy, cey, mödgəm, həmgəl, bədəl, əvəzçilik, şəriklik, ziyanlıq, alışma, damazlıq, umya və s. Müxtəlif adlar daşısa da, məzmun etibarilə bir-birinə yaxın və oxşardır. Onların bir qismi ümummilli səciyyə daşıyaraq bütün ölkədə yayılmış, bir qismi isə məhəlli xarakter daşıyıb ayrı-ayrı bölgələrdə tətbiq edilmişdi.

Qohumluq münasibətləri cəmiyyətin sosial-mədəni həyatında mühüm rol oynayır. Azərbaycan dilində qohumluq münasibətlərini ifadə edən terminlər iki qrupa ayrılır: 1. Qan qohumluğunu bildirən terminlər. 2. Nikah qohumluğunu bildirən terminlər.

Qan qohumluğunu bildirən terminlərə ata, ana, nənə, baba, oğul, qız, nəvə, nəticə, kötükcə, yadıca, ötücə, qardaş, bacı, dayı, əmi, xala, bibi sözləri daxildir. Nikah qohumluğunu bildirən terminlərə isə ər, arvad, qayınana, qayınata, gəlin, yeznə, kürəkən, qayın, baldız, bacanaq, elti, quda və s. aid edilir. Qohumluq münasibətlərində iki cəhət özünü göstərir: yaxın və uzaq qohumluq. Yaxın qohumluq doğmalıq anlayışı ilə bağlıdır. Buraya atanın soyadını daşıyan və 3-4 nəsil həddində olan qohumlar, yəni doğma babalar, onların uşaqları, bacı və qardaşlar, onların uşaqları, ata və ana tərəfin qohumları aiddir.