AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cəvahirsaz

Nümunənin reyestr kodu : DA0104000017

Metalişləmənin başlıca sahələrindən biri olan zərgərlik sənəti həm də ləl-cavahiratın işlənməsi texnikasını – cavahirsazlığı əhatə edirdi. Son orta əsrlərdə ixtisaslaşmanın dərinləşməsi ilə əlaqədar zinət əşyaları istehsalında zərgərliklə yanaşı, gümüşbəndlik və cavahiratsazlıq müstəqil sahələr kimi fəaliyyət göstərirdi. Cavahirsaz dedikdə, qızıl məmulatı üstündə qiymətli daşlardan, daş-qaşdan (almaz, yaqut, ləl, zümrüd, gövhər və s.), yəni cəvahirdən boyunbağı, qolbağ və s. kimi zinət əşyaları hazırlayan usta, zərgər nəzərdə tutulur.

Orta əsrlərdə bəzək-zinət əşyaları, xüsusi ilə qadın bəzəkləri geniş çeşidliliyi ilə seçilmişdir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində sikkələr və gövhərlərlə bəzədilmiş qızıl kəmər, qaşlı-qaşsız tacidar rolunu oynayan üzüklər, tuği, gərdənbənd, xalxal, zərli həmayıl, ənbərinə boyunbağı, tac, saça taxılan ağ möhrələr, sırğalar, eləcə də libasa vurulan bəxyələr Azərbaycan qadınının milli libasının zənginliyini, eləcə də zərgərliyin və bu sənət daxilində xüsusi ixtisaslaşma olan cavahirsazlıq peşəsinin yüksək inkişaf səviyyəsini göstərir.

Zinət ustaları iş prosesində həm yekcins metal (qızıl və ya gümüş), həm də cavahiratdan (ləl, yaqut, firuzə, inci, brilyant, əqiq və s.) ibarət müxtəlif materialların ahəngdar qatışığından istifadə etdiklərindən həmin üsulların, demək olar ki, hamısına mükəmməl bələddilər. Bu və ya digər zinət növünün hazırlanması prosesində həndəsi, nəbati, zoomorf və astral motivli naxış ünsürləri tətbiq edilirdi. İstehsal texnikasına görə zərgərlik məmulatı sadə, yaxud mürəkkəb quruluşda hazırlanırdı. Mürəkkəb naxışlı zinət növləri qarışıq tərkibli olmaqla, qızıl və ya gümüşün ləl-cavahiratla qatışığından ibarət müxtəlif komponentlərdən düzəldilirdi. Bu növ zinətlər yerlik, haşiyə və mərkəz sahə olmaqla, müxtəlif bəzək ünsürlərindən, çox vaxt isə əlavə bəndləyici hissələrdən ibarət olurdu. Zinətin növündən asılı olaraq məmulatın ümumi özülü, yaxud onun ayrı-ayrı bəzək ünsürləri işlənib hazırlanarkən bu hissələrin hər birinin məzmununa uyğun material və nəqş motivi seçilirdi.

Son orta əsrlərdə Azərbaycanda zərgərliyin başlıca mərkəzləri Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Gəncə, Naxçıvan və digər şəhərlər idi. Məşhur səyyah ibn Bəttutə XIV əsrin əvvəllərində Təbrizdə olmuş və burada qiymətli daşlar və zərgərlik məmulatı bazarına heyran qalmışdır. Evliya Çələbi isə Təbrizdən bəhs edərkən bildirir ki, heç bir ölkədə buradakı kimi gözəl naqqaş, rəssam və zərgər yoxdur. Başqa bir orta əsr müəllifi yazır ki, Təbrizin örtülü bazarında şəhərin ən zəngin və ən nəfis malları satılır. Burada zərgərlərin və gümüşbəndlərin cərgəsi vardır. Oxşar zərgər, gümüşbənd və cavahirsaz cərgəsi Ərdəbil şəhərində də fəaliyyət göstərirdi.

XIX əsrdə Quzey Azərbaycanın Naxçıvan, Ordubad, Gəncə, Şəki, Şamaxı, Bakı, Quba, Şuşa, Lənkəran, Salyan şəhərləri başlıca zərgərlik mərkəzləri sayılırdı. Həmin əsrin sonlarında Bakı Azərbaycan zərgərliyinin ən böyük mərkəzinə çevrilmişdi, 1900-cu ildə burada 130 nəfər zinət ustası, onların 89 şagirdi qeydiyyatdan keçmişdi. Zərgər ustaları, əsasən şəhərlərdə, qismən isə şəhər tipli qəsəbələrdə cəmləşmişdir. Çox vaxt sifarişlə iş görən bu dükanlar bazar və karvansaralarda, nadir hallarda isə ustanın şəxsi mülkündə yerləşirdi. Orta əsr şəhərlərində olduğu kimi XIX əsrdə də zərgər dükanları çox vaxt ustanın şəxsi mülkündə yerləşirdi.

Orta əsr şəhərlərində olduğu kimi, XIX əsrdə də zərgər dükanları çox vaxt ayrıca cərgə təşkil edirdi. Vaxtı ilə Təbriz və Ərdəbil qeysəriyyələrindəki tağlı zərgər dükanlarından ibarət sənət cərgələrinin hədsiz zəngin məmulatları Avropa səyyahlarını heyran qoymuşdur.

XIX əsrin sonlarında Rusiyada zərgərlik fabriklərinin meydana gəlməsi, texniki gerilik girdabında çırpınan milli ucqarlarda dağ-mədən işinin zəif inkişafı üzündən xammal kasadlığının daha da güclənməsi Azərbaycan zərgərliyinin sonrakı inkişafına mənfi təsir göstərmişdir. Bununla belə, Azərbaycanın zərgərlik mərkəzlərinin məhsulları milli koloritinə, forma kamilliyinə və naxış səlisliyinə görə, nəinki Avropa və Rusiyanın, habelə Qafqazın digər məhəlli zərgərlik mərkəzlərinin hazırladığı zinətlərdən yüksəkdə dururdu. Azərbaycan zərgərləri öz sənətlərinin sirlərini kamil bilməklə avropalı həmkarlarından xeyli üstün idilər. Onların hazırladığı məmulatlar naxışlarının bədii məziyyəti və dekor ayrıntılarının səlisliyi baxımından insanı heyran edirdi. Avropanın yeknəsəq biçimli zərgərlik məmulatının kütləvi istehsalında tətbiq edilən hər cür cihaz və avadanlıqdan məhrum olan bu ustaların bütün sənət məhsulları hövsələli zəhmətin və mahir əllərin bəhrəsi idi.