AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çığırtma

Nümunənin reyestr kodu : ST0902030001

Çığırtma üstünə yumurta vurulmuş toyuq və tərəvəzdən hazırlanan qızartma xörək növüdür. Çığırtmanın əvəzedilməz komponent yumurtadır, ona əlavə olunan digər ərzaqlar isə dəyişə bilir. Azərbaycan mətbəxində yalnız toyuq yumurtasından istifadə olunur. Dəyərli ərzaq məhsulu olan yumurtanın hər hansı xörəyə əlavə edilməsi onun qidalılığını, kalorililiyini və dadını yaxşılaşdırır. Tərkibində lesitin olduğu üçün yumurta insanın beyin hüceyrələrinin qidalanmasında da əvəzsiz rol oynayır.

Çığırtma xırda doğranmış ərzağın qızardılması yolu ilə hazırlanır. Qızardılıb bişmiş ətin (toyuğun, tərəvəzin) üstünə ayrıca tavada hazırlanmış yağ-soğan, abqora (və ya 2-3 qaşıq ilıq suda həll edilmiş limon duzu), yumurta, duz, istiot, sarıkök bir yerdə çalınaraq əlavə olunur və vam odda ağzı bağlı tavada və ya fırında bişirilir. Çığırtma süfrəyə daha çox plov xuruşu, həmçinin müstəqil xörək kimi verilir.

Hazırlanmasına görə, Azərbaycan mətbəxinə çığırtmanın a) göyərti çığırtması, b) tərəvəz çığırtması və c) quş əti çığırtması növləri məlumdur.

Tərəvəzli çığırtmanın badımcan çığırtması, lobya çığırtması, pomidor çığırtması kimi çeşidləri vardır. Badımcan çığırtması tərəvəzli çığırtmalar arasında ən geniş yayılanıdır. Onun hazırlanması üçün soyulmuş badımcan xırda-xırda doğrandıqdan sonra duzlanır və suyu çıxarılır. Suyu çıxarıldıqdan sonra badımcan yuyulur, yağda qovrulmuş soğanın üzərinə tökülür, içərisinə qabığı soyulub doğranmış pomidor və bibər əlavə olunur. Dibi yanmaması üçün xörək arabir qarışdırılır, süfrəyə verilərkən də üzərinə göyərti səpilir.