AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Boyun torbası, çiyin ağacı, xərəkə

Nümunənin reyestr kodu : DA0203030003

Sadə yük daşıma vasitələri nəqliyyatın ən qədimidir. İbtidai insanlar əldə etdikləri məhsulları, zəruri məişət əşyalarını və s. qucaqda, əldə, beldə, başda, çiyində daşımışlar. Xalqın empirik biliklərinin nəticəsi olaraq meydana çıxan bağlama, boyun torbası, çiyin ağacı, xərəkə, müxtəlif ölçülü səbət, heybə və xurcun uzaq məsafələrə yük daşımaq üçün rahat idi. Yaxın məsafəyə səfər edən, eləcə də müxtəlif növ çöl təsərrüfatı işləri ilə məşğul olan çobanlar, ovçular və başqaları şəxsi əşyalarını (ov bıçağı, xəncər, tüfəng, çörək torbası, tənbəki və pul kisəsi və s.) əl, qol, qoltuq, çiyin və yançaqlarında, kəmər, yaxud qurşaqlarında daşımışlar.

Bəzən yol azuqəsini “boyun torbası” (çanta), digər məişət yüklərini “çiyin ağacı” (düşəli) vasitəsilə də daşıyırdılar. Keçmişdə əhali yükləri boyun torbası ilə uzaq məsafələrə aparırdı. Əşyalarınn daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan çanta formaca, təyinatına görə torba, kisə, xurcun, heybə, səbət, zənbil ilə eyni mahiyyətli idi. Müasir dövrdə fərqli forma və təyinata görə, müxtəlif materiallardan hazırlanmış çantalar ortaya çıxsa da, ən qədim forması boyun torbasıdır. Məişətdə, təsərrüfatda, sülh və müharibə şəraitində geniş istifadə olunan boyun torbası (çanta) ən qədim dövrdən bəri təkmilləşərək müxtəlif formalarda ortaya çıxmışdır. Boyun torbası yun və ipək parça, cecim və s. materiallardan hazırlanırdı. Çanta tikiləcək şal (parça) əvvəldən nəzərdə tutulmuş ölçüdə olmaqla yer hanasında toxunurdu. Çiyinə, yaxud minik heyvanının tərkinə salmaq üçün aşırma bağı olurdu, içərisində əsasən yol azuqəsi daşınırdı.

Qədimdə “çiyin ağacı” su və ya başqa maye məhsulların daşınması üçün istifadə edilirdi, bəzi bölgələrdə “dişəli” adlandırılırdı. Palıd ağacının budaqlarından hazırlanan 2-2,5 metr uzunluğunda olan çiyin ağacı Azərbaycan ərazisində ən qədim dövrlərdə ortaya çıxmışdır. Daşınma prosesində maye qabları çiyin ağacının uclarından asırdılar. Tuluğu beldə daşımaq üçün üstündəki qayışla bədənə bağlanırdı. Tuluqda 3-4 vedrə su daşımaq olurdu.

Abşeronda əhalini içməli su ilə təmin edən “suçu”lar şirin sulu quyu və ovdanlardan bellərində içməli su daşıyırdılar, bunun üçün aşılanmış dəridən düzəldilmiş tuluqlardan (məşq) istifadə edirdilər. Qadınlar dulus və mis səhəngləri bellərində, yaxud çiyinlərində daşıyırdılar. Beldə yük daşıma formasının digər bir növü “şələ” idi. Şələni düzəltmək üçün yükü bir neçə yerdən ilgək və ya çatı vasitəsilə sarıyır, sonra bellərinə qaldırırdılar.

Abşeron suçuları bellərində su daşımaq üçün “xərəkə” adlanan taxtadan düzəldilmiş su daşıma vasitəsindən istifadə etmişdilər. Xərəkəni kəndir vasitəsilə kürəyə bağlayandan sonra su qabları (bardaq, səhəng və s.) onun oturacağına qoyulurdu. Belə formalı taxta alətə mis və ya saxsı qab dik şəkildə qoyulur, hər küpə ilə 1,5-2 vedrə su daşımaq mümkün idi. Beldə su daşımaq üçün Azərbaycanın rayonlarında “bardaq”, “cürdək”, yaxud mis “səhəng”, “güyüm” və s. maye qabları da düzəldilmişdir. Abşeronda su daşımaq üçün istifadə olunan səhəng, Azərbaycanın Qərb bölgəsində “bardaq” və ya “kuzə” adlandırılırdı. Qərb bölgəsinin səhəngləri isə Abşeron “farş”larına bənzəyirdi, amma daha iri idi.

“Xərəkə”nin bir başqa forması müştərək yükdaşıma idi. Bunun üçün bir cüt ağac zolağını azca aralı olmaqla yerə uzadıb üzərinə yük yığandan sonra dalqabaq getməklə əl və ya çiyinə götürüb lazımi yerə çatdırırdılar.

Quru yollarla piyada hərəkət edən adamların öz əzələ gücü hesabına yükdaşıması ilk bəsit nəqliyyat növü olmuşdur. Bəsit yükdaşıma üsulları təkmilləşdikcə “hambal” adlanan yükdaşıyan, habelə “çərçi”, yaxud “şatır” adı ilə bəlli olan müjdə (xəbər) yayan piyada peşəkarlar meydana çıxmışdır. Keçmişdə məktub və ya ismarıc çatdıran “qasid” peşəsi yaranmışdır. XIX əsrdə Azərbaycanda poçt və teleqraf xidməti yaranana qədər davam etmiş bu peşə sahiblərinin çoxu piyada hərəkət edən adamlardan ibarət olmuşdur. Onların bir qisminin xüsusi yükdaşıma vasitələri (hambal palanı, heybə, çanta və s.), bəzilərinin isə, hətta xüsusi geyimləri olmuşdur.

Keçmişdə kəndbəkənd gəzən “arşınmalçı”, “baftaçı”, “çərçi” və xalça-palaz satan digər ticarətçilər satış mallarını kisə, çanta və boxçalara doldurub bellərinə alır, yaxud xurcun və ya heybələrə yığıb çiyinlərində daşıyırdılar.