AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Nəqliyyat vasitələri

Nümunənin reyestr kodu : DA0203000001

Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da nəqliyyat vasitələri ictimai istehsal elementi kimi böyük təsərrüfat əhəmiyyəti daşıyır. Nəqliyyat vasitələri bəşər cəmiyyətinin ilk dövrlərində meydana gəlmiş, xüsusi mülkiyyət və əmtəə istehsalının yarandığı dövrdə maddi istehsalın bir sahəsi kimi formalaşmışdı. Nəqliyyat vasitələrinin, eləcə də onların hərəkəti üçün yolların olması müxtəlif tarixi dövrlərdə maddi mədəniyyətin inkişaf səviyyəsini göstərir.

Ənənəvi nəqliyyat vasitələri quru və su nəqliyyatı olmaqla, iki istiqamətdə inkişaf etmişdi. İbtidai insanlar yaxın və uzaq məsafələri piyada qət etmiş, ən zəruri yükləri özləri ilə piyada daşımış, iş fəaliyyətini asanlaşdırmaq üçün bir sıra yükdaşıma üsul və vasitələrindən istifadə etmişlər. Ənənəvi olaraq, Azərbaycanda tarixən sadə yük nəqliyyatı, minik-yük nəqliyyatı, qoşqu nəqliyyatı və su nəqliyyatı vasitələri mövcud olmuş, bu vasitələr təkmilləşdirilərək inkişaf etdirilmişdi.

Şəhər və kəndlər, yaylaq və qışlaqlar arasında əlaqəni təmin etmək, zəruri məişət və təsərrüfat yükləri daşımaq, satmaq və ya dəyişmək üçün bazara məhsul çıxarmaq, köç yolları boyunca sürüləri müşayiət etmək, ipək, duz, neft və s. xammalını beynəlxalq ticarətə tanıtmaq, ümumiyyətlə, müxtəlif səpkili əlaqələr yaratmaq üçün xalq nəqliyyat vasitələrindən geniş istifadə edilmişdi. Sadə yük daşıma vasitələrinə xərək, bağlama, şələ, səbət, heybə, xurcun, boyun torbası (çanta), çiyin ağacı (düşəli) aiddir. Bir sıra yükləri xurcun, yaxud heybəyə doldurub çiyindən aşırırlar. Su, süd, ayran və s. məhsulları daşımaq üçün səhəng, güyüm, tayqulp, dolça, aftafa, satıl, sərnic, abgərdən, gülabdan, kuzə, cürdək, bardaq, tuluq və s. qablardan istifadə olunur.

Azərbaycanda ənənəvi qoşqu nəqliyyatının sürütmə və təkərli olmaqla iki növü mövcud olmuşdu. Bir neçə budağın bağlanması ilə düzəldilən “əl sürütməsi” ilə ot, odun, dərz, çırpı daşınır. Sürütməni ilk vaxtlar insanlar özləri çəkmişlər. Sürütmənin qoşqu heyvanlarının qoşulduğu “çəpə”, “xizək”, “kirşə” kimi təkmilləşdirilmiş növləri vardır. Sürütmə üsulunun geniş yayılmış növlərindən biri vəl olmuşdu. Öküz və ya ata qoşulmuş vəli xırmana sərilmiş taxıl dərzinin üzəri ilə sürütməklə onu döyüb hasilə gətirirdilər.

Təsərrüfat məşğuliyyəti, eləcə də ölkə ərazisinin dağlıq və düzənliklərdən ibarət olan mürəkkəb relyefi ilə əlaqədar olaraq, XIX-XX əsrin əvvəllərində ənənəvi minik-yük nəqliyyatı əməli əhəmiyyətini itirməmişdi. Təkərli nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi dağlıq yerlərdə nəqliyyatın bu növündən geniş istifadə olunurdu. Keçmişdə düzənlik ərazilərdə yağmurlu vaxtlarda aran yolları keçilməz hala düşürdü, yol getmək və yük daşımaq üçün minik-yük heyvanları yeganə sərfəli nəqliyyat növünə çevrilir, əsasən at, qatır, dəvə, uzunqulaq, qismən isə kəl və öküzdən istifadə olunurdu.

Azərbaycanda təkərli nəqliyyat vasitələrinin müxtəlif növləri (tayçarx əl arabası, iki və dörd təkərli qoşqu arabaları) təşəkkül tapmışdı. Birtəkərli əl arabaları itələməklə hərəkətə gətirilirdi. Qoşqu vasitəsilə hərəkətə gətirilən ikitəkərli araba dördtəkərli arabaya nisbətən daha geniş yayılmışdı. XIX-XX əsrin əvvəllərində ikitəkərli və dörtəkərli arabaların 3 tipi – öküz və ya kəl arabası, at arabası, uzunqulaq arabası olmuşdu.

Araba istehsalı bir sıra peşə sahələrinin yaranmasını labüd etmişdi. Araba banı bağlayan və “bançı” adlanan ustaların əməli fəaliyyəti dülgərlik sənəti ilə bağlı olub xüsusi peşə sahəsi təşkil edirdi. Belə ixtisaslaşma təkər istehsalında da baş vermişdi. Xüsusi peşə hazırlığı və spesifik əmək alətləri tələb edən təkər istehsalı ilə təkərçi məşğul olurdu. Keçmişdə təkərə tələbat çox olduğu üçün təkərçilik ayrıca sənət sahəsinə çevrilmiş, bir sıra sənət sahələri (dülgərlik, xarratlıq və dəmirçilik) ilə bağlı olmuşdu.

XIX əsrdə su nəqliyyatında “kolaz”, “bərə”, “barj”, “kirjim” və ya “sandal”, müxtəlif yelkənli və buxarla işləyən gəmi növləri olmuşdu.Qədim su nəqliyyatı vasitələrinin bir çoxu aradan çıxsa da, bəzi vasitələr XX əsrədək gəlib çatmışdı. “Kötük”, “sal” və müxtəlif formalı qayıqlar və s. kimi arxaik su nəqliyyatı vasitələri Kür və Araz çaylarının bəzi sahil kəndlərinin əhalisi tərəfindən işlədilir.