AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Boyaqçılıq

Nümunənin reyestr kodu : ST0200000001

Azərbaycanın ən böyük sərvətlərindən biri cəmiyyətin iqtisadi qüdrətinin möhkəmlənməsində mühüm rol oynayan, insanların sağlam həyatı, qüvvətli qida mənbəyi, gözəl geyimini təmin edən zəngin bitki örtüyüdür. Ölkəmizin ərazisində 4200-dən çox ali bitki növü yayılmışdı. Azərbaycan florasında ümumi tərkibin 36 faizini təşkil edən 110 fəsilə və 358 cins daxilində 1500 növə kimi boyaq xüsusiyyətli bitki vardır. Bunların 123 növü ağac, 235 növü kol, 110 növü yarımkol, 720 növü çoxillik, 70 növü ikiillik və 242 növü birillik olmaqla, 176 növü mədəni, 1324 növü isə yabanıdır.

Miladdan əvvəl IX-VII əsrlərdə Azərbaycanda toxuculuqla yanaşı, boyaqçılığın da mövcud olduğunu bir çox arxeoloji qazıntılar təsdiq edir. Yunan tarixçisi Herodot (m.ə.484-425) toxuculuqda boyaqçılığın xüsusi yer tutduğunu belə izah edir: “Bu yerlərin meşələrində elə ağaclar bitir ki, yerli əhali onların yarpaqlarını əzərək su ilə qarışdırıb paltarlarına naxış vururlar. Bu naxışlar silinmir, parça (xüsusilə yun) köhnələnədək qalır”. Tarixçi M.Kalankaytuqlu da m. ə. VII əsrdə albanlar arasında boyaqçılığın yayıldığı ilə bağlı məlumat vermişdi. O, albanların alaçıqlarının qırmızı xəzlə, eləcə də quyruqları qırmızı rəngə boyanmış hökmdar atlarının qırmızı parçalarla bəzədildiyini yazır. X əsr ərəb tarixçisi əl-Müqəddəsi Bərdədə istehsal olunan xalçaların, kəlağayıların, örtüklərin və onların rənglərinin tayı-bərabəri olmadığını qeyd edir.

Bütün Şərqdə olduğu kimi, Azərbaycanda da çox qədim dövrlərdən sənətkarlar bu ərazidə yetişən rəngverici xüsusiyyətə malik bitkilərdən böyük ustalıqla müxtəlif çalarlı boyaqlar əldə etmiş, xalça-palaz, kilim, xalı, eləcə də ipək və pambıq parçaların boyanmasında geniş istifadə etmişlər. IX-X əsrlərdə Ərdəbil şəhəri ipək və pambıq parça, həmçinin boya istehsalı ilə məşhur idi. Xalça toxuculuğunda müxtəlif bitkilərin toxum, kök, zoğ, ləçək, gül, yarpaq, qabıq, meyvə və giləmeyvələrindən istifadə etməklə yerli sənətkarlar çox çeşidli boyaq maddələri hazırlamışlar. Yun, ipək, pambıq və süni liflərin boyanmasında boyaqotu, sumaq, qoz, nar, zirinc, palıd, tut, qızılağac, çaytikanı, xınaotu, qantəpər, ətirşah, söyüd, biyan, andız, səhləb, baldırğan, dağlaləsi (tülpan), yemişan, yabanı alma, armud, ərik, badam və onlarla digər boyaq bitkilərindən istifadə etmək mümkündür. XIX əsrin əvvəllərində rus fabrikantı P.A. Zubov Azərbaycanın Quba qəzasında toxunan nəfis xalçaların özünün rəng gözəlliyinə və ahənginə görə İran xalçalarını üstələdiyini göstərmişdi. Bununla belə, keçmişdə sənətkarlara məlum olan 100-ə qədər boyaq bitkisindən yalnız 30-40-dan istifadə olunurdu.

Azərbaycanın Gəncə, Quba və Qazax qəzalarında boyaqçılıq başlıca istehsal sahəsi olmaqla, əsasən, meyvə ağaclarından istifadə olunur. Buraya payız vaxtı tökülən tut yarpağı, qurudulmuş nar qabığı, alma, alça, heyva, gavalı, ərik, şaftalı ağaclarının yerə tökülən yarpaqları, onların müxtəlif hissələri və s. daxildir. Bundan başqa, xalçaçılıq, ipəkçilik və toxuculuğun inkişaf etdirildiyi bütün bölgələrdə boyaqçılıq da bu və ya digər dərəcədə yayılmışdı. Meşə zonasında yerləşən xalçaçılıq rayonlarının əhalisi orada bitən qızılağac, qovaq, ağcaqayın, xurma, qarağat, itburnu, sumaq,zirinc və s. kimi ağac və kolların kök, budaq, oduncaq, yarpaq və başqa hissələrindən boyayıcı maddə kimi istifadə edilir. Bundan başqa, üzüm tənəyinin zoğları, cecəsi, soğan qabığı, zəfəran çiçəyi, indiqo, sarağan, dazı, qara və qırmızı səndəl, gülümbahar və s. bitkilərdən də istifadə edilir.

Azərbaycan florasında təbii boyaq bitkiləri arasında ən geniş yayılanı qızılboyadır. Xalçaçılar xalça məmulatı istehsalında qırmızı rəng almaq üçün, adətən, bu bitkidən, nadir hallarda isə “qırmızı qurd” – koşenildən istifadə edirlər. Koşenil daha çox ipək parça istehsalında işlədilir. Əl-Müqəddəsi yazır ki, qadınlar yaz günlərində görünən xırda qurdu (qırmızı) toplayıb mis qablara tökür və ocaqda qaynadırdılar. Bu məlumat belə düşünməyə əsas verir ki, həmin üsul Azərbaycan ərazisində çox qədim zamanlardan işlənir.