Böyük çillə
Nümunənin reyestr kodu : DB0204010003
Qışın dekabrın 22-dən yanvarın 31-ə qədər olan dövrünün xalq arasındakı adı. “Çillə” “cehl” sözündən olub qırx rəqəmini bildirir. Xalq arasında qışın ən soyuq dövrünə verilən addır və ağırlıq, çətinlik mənasında başa düşülür.
Böyük çillə dekabrın 21-dən 22-nə keçən gecə daxil olur. Bəzi bölgələrdə çillə bayramı adı ilə tanınan həmin gün həyətdə tonqallar yandırılır, odun üstündən tullanılır, tonqal ətrafında rəqs edilir, əyləncəli oyunlar, tamaşalar göstərilir. Böyük çillənin şərəfinə hər evdə açılmış süfrəyə bədənə istilik gətirən dadlı-ləzzətli yeməklər qoyulur. Böyük çillə süfrəsinin ən sayılıb-seçilən çillə qarpızıdır. Çillə qarpızı hələ sentyabr-oktyabr aylarında xüsusi olaraq seçilir və samanlıqda quru otun, samanın arasında qorunub saxlanılır. Çillə qarpızını adətən evin böyüyü kəsir. Qarpız dilimlənir, ailənin hər bir üzvü bu qarpızdan yeyir, ondan qonşulara da pay göndərilir. Çillə qarpızının tumları isə yığılıb saxlanılır. İnama görə, çillə qarpızının tumları atılması günahdır, onda növbəti il bol məhsul olmaz.
Bölgədən asılı olaraq çillə gecələrinin keçirilməsində müəyyən fərqlilik müşahidə olunur. Məsələn, Ağdaş rayonunda çillə gecələri böyük çillə girəndən başlayıb qurtarana qədər davam etmiş və imkanlı şəxslərin evində keçirilmişdi. Məsələn, kənddə iyirmi imkanlı ailə varsa, iki gündən bir onlardan birinin evinə toplanılırdı. Çillə gecələrində kişi və qadınlar üçün ayrı-ayrı otaqlarda süfrə açılırdı. Uşaqlar şuluqluq salmaması üçün qabaqcadan qonşuya göndərilirdi. Çillə gecəsi ev sahibi hər adamın adına bir qarpız kəsirdi – məclisdəki adamlardan birinin adına qarpız kəsilməsəydi, o, inciyərdi. Ona görə də ev sahibi çox vaxt qarpızların sayına uyğun adam dəvət edirdi. Qarpız kəsiləndən sonra hərə ondan bir tikə dadır, ondan sonra həmin qarpızdan qadınlara, qohum-qonşuya pay göndərilirdi. Çillə qarpızından sonra ortaya plov gətirilirdi. Yaşlı sakinlərin dediyinə görə, keçmişdə süfrənin sanbalı şərbətlərin sayına görə təyin edilirdi. Ona görə də ev sahibi süfrənin sanballı olması üçün ortaya limon, bal, alma və digər meyvələrdən hazırlanmış şərbətlər qoyurdu. Böyük çillənin axırıncı gün məclis ən imkanlı adamın evinə salınır və daha təmtəraqlı keçirilirdi. Ev sahibi ayrıca heyvan kəsir, o gün böyük-kiçik hamı o evə toplanırdı.
Bəzi bölgələrdə çillə qarpızı kəsilməz, ailə böyükləri tərəfindən ortalığa çırpılardı. Məsələn, Masallı rayonunda böyük çillə girəndə ailənin böyüyü əlində qarpız otağa daxil olar və qarpızı ortalığa, bəzən də təpsinin üstünə çırpardı. Qarpız paralanıb ortalığa səpələnər, ondan sonra hər kəs yığılıb onu yeyərdi. Evdə qarpız olmadıqda onun əvəzinə boranı kəsilərdi. Kəsilən qarpızdan və ya boranıdan mütləq qohuma, qonşuya da pay verilərdi.
Çillə axşamları qarpız kəsilməsi Azərbaycanın Cənub bölgəsində bu gün də davam etdirilir. Hətta qarpız saxlamağa imkanı olmayan ailələr bazardan da olsa boranı, qarpız alıb bayramı qeyd edirlər. İnama görə, qışda ağ boranı bişirdikdə və ya qarpız kəsdikdə o il qış daha mülayim keçər və ruzili olar.
Çillə gecəsində nişanlı qızlara oğlan evindən hədiyyə göndərilməsi Naxçıvan bölgəsində adətdir. Qız evinə müxtəlif meyvələr, hədiyyə, şirniyyat ilə bərabər çillənin rəmzi hesab olunan qarpız da göndərilir. Çilləlik adlanan bel hədiyyələr xüsusi qablara qoyulur, üstü ağ və ya qırmızı şal ilə örtülür. Çilləlik hava qaralmadan hazırlanıb göndərilir. Etnoqrafların yazdığına görə, qızın və ya gəlinin ana-atası hədiyyə gətirənləri üzərlik yandıraraq qarşılayar, hədiyyələri gətirənlərə pul, yun corab kimi hədiyyələr verərdilər.
İbtidai təfəkkürdə insanlar əşyalarla ətraf aləm arasında bir bağ görmüşlər. Məsələn, yağışlı havalarda günəşi çağırmaq üçün Azərbaycanın şimal bölgəsində maxara (süd çörəyi) bişirilir. Yumurta, süd və undan hazırlanan maxara sacın üstündə bişirildikdə ətrafları süzülür, günəşə bənzəyir. Eyni ilə çillə gecələrində qarpız, boranı kimi şirin meyvələr kəsilməklə qışın mülayim keçməsi arzu edilmişdir. Bu istək çillə qarpızı kəsilərkən icra olunan falda da öz əksini tapır. Belə ki, qarpızın saplaq tərəfindən kiçik bir hissəsi dairəvi şəkildə kəsilib dörd yerə bölünür. Niyyət edilib həmin parçalar yerə atılır. Əgər parçaların əksəriyyəti və ya hamısı üzü üstə düsərsə, qışın isti keçəcəyinə, ağzı yuxarı düşərsə soyuq keçəcəyinə inanılırdı. Hər iki tərəf bərabər düşərsə, onda qışın mülayim keçəcəyinə inanılırdı.
-
Azərbaycan etnoqrafiyası
Baş redaktoru Teymur Bünyadov
2007
-
Azərbaycan mərasim folklorunda və ədəbiyyatında yelda gecəsi
Almara Nəbiyeva
- Tərtibçi və biblioqrafiya