AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çıraq

Nümunənin reyestr kodu : ST0702000007

Qədimdən çıraqlar əhalinin məişətində mühüm rol oynamışdır. Xarici görünüşlərinin müxtəlif olmalarına baxmayaraq, onlardan əsasən işıqlandırma vasitəsi kimi istifadə edilmişdir. Azərbaycan ərazisindən aşkar edilmiş ilk orta əsr çıraqları lüləsiz, kasavarı, ağzı dairəvi, ellips formalı və vaza formalıdırlar. İlk orta əsr abidələrindən başqa gil məmulatına nisbətən lüləsiz kasavari çıraqlar çox az tapılmışdır. Onların ağzının kənarı içəriyə qatlanmış və bir tərəfindən piltənin ucu üçün kiçik novça düzəldilmişdir. Çox da hündür olmayan kasavari çıraqlar əldə hazırlanmış və digər çıraqlara nisbətən pis bişirilmişdir. Ağzı dairəvi, ellipsformalı, uzunlüləli çıraqlar orta əsrlərdə Azərbaycan ərazisində geniş yayılmış və son zamanlara qədər istifadə olunmuşdur.

Qəbələnin Səlbir hissəsində 1,5 m dərinlikdən tapılan kasavari çırağın üstü basma dairəciklərlə bəzədilmişdir. Bu çırağın oturacağının diametri 9, ağzının diametri isə 12 sm-dir. Lüləsiz kasavari çıraqlar V-VI əsrlərə aid edilir, bu çıraqlarının ağzında iki kiçik novlu çıxıntı vardır. Ağzı dairəvi çıraqların lülə, qulp və gövdəsi ayrılıqda hazırlanmış və sonradan bir-birinə birləşdirilmişdir. Bəzi çıraqlarda bu hissələrin birləşmə izləri aydın görünür. Bunların ağzı enli, oturacaqları yastıdır. Belə çıraqlara Səlbirin bütün təbəqələrində təsadüf olunur. Bu da həmin çıraqların ilk orta əsrlərdən başlayaraq əhalinin məişətində mühüm yer tutduğunu söyləməyə imkan verir.

Azərbaycanın ilk orta əsr abidələrindən ağzı ellips formalı çıraqlar da tapılmışdır. Xınıslı yaşayış yerinin daş qutu qəbirlərindən aşkarlanan çıraqlar kiçikgövdəli, dik lüləlidir, bunların qulpu yandadır. Ağzı ellips formalı çıraqların gili açıq qırmızı rəngdədir. Çıraqların birinin qulpu qazıma üsulu ilə vurulmuş bir-birinə paralel qırıq xətlə naxışlanmışdır. Onun hündürlüyü 8, oturacağının diametri 7, ağzının enli hissədən diametri isə 12 sm-dir. Belə çıraqların lüləsi o birilərindən fərqli olaraq boruformalı və eyni zamanda gövdədən 2-3 sm düz uzadılaraq dik yuxarı qaldırılmışdır. Bəzən bu çıraqların lüləsində içəridən kəsiklər olur. Bu kəsiklər yanan fitilin içəriyə düşməməsi üçündür. Oturacağı yastı belə bir çırağın lüləsi gövdəyə doğru daralır. Bu çıraqların lüləsi yoxdur və qulpu novun əks istiqamətindədir.

Azərbaycanın ilk orta əsr abidələrindən vaza formalı çıraqlar da tapılmışdır. Onların üstü kasavari olub, qulpunun əks tərəfindən piltənin ucu üçün kiçik nov düzəldilmişdir. Bu çıraqlar xarici görünüşlərinə görə də bir-birindən fərqlənir. Mingəçevirin 2 və 3 nömrəli yaşayış yerindən tapılmış vazavari çıraqların oturacaqları yuxarı hissələrinə nisbətən kiçik olduğu halda, Qəbələnin Səlbir hissəsindən tapılmış çıraqlarda bu, əksinədir. Hər iki abidədən tapılan çıraqlar kasavari olub, ağzında piltənin çıxarılması üçün kiçik novçası vardır. Bu tip çıraqların oturacağı dairəvidir. Belə çıraqlarda neft deyil, yağ yandırmışlar. Mingəçevirin ilk orta əsr yaşayış yerində aşkarlanmış bu cür çıraqlara maye halında yanan maddələr (neft, yağ) tökərək istifadə edilmişdir.

Hazırlandığı materialın növündən asılı olaraq, çıraqların gil, mis və tunc olmalqa üç fərqli növü vardır. Mis və tunc çıraqlar tökmə üsulu ilə hazırlanır. Texniki cəhətdən tökmə üsulu bu və ya digər məmulat növünün, o cümlədən çırağın yumşaq mum modelini hazırlayıb onun üzərinə qılaf rolunu oynayan gil (üzlük) çəkməyə əsaslanırdı. Çıraq qəlibi quruyandan sonra bişirilib saxsı halına salınır və onun içindəki mum əriyib tökülürdü. Həmin boşluğa mis, bürünc ərintisi tökməklə lazımi məmulat növü əldə edilirdi. Soyuyub hazır hala düşmüş məmulatı qılafından çıxarmaq üçün saxsı qəlib sındırılırdı. Beləliklə, hər bir məmulat növü üçün yeni model və onun formasına müvafiq təzə qəlib düzəldilirdi. Metal çıraqları əsasən misgərlər hazırlamışlar. Onlara Beyləqan, Şabran, Bakı və Qəbələ şəhər yerlərində aparılmış arxeoloji qazıntılarda daha tez-tez rast gəlinir. Belə çıraqlardan biri də Abşeron mayakı ətrafında – Gürgan qəsəbəsi yaxınlığında son Tunc və ilk Dəmir dövrünə aid daş qutu qəbirlərdən tapılmışdır.

Tunc dövrünün qəbirlərində dulusçuluq və metal məmulatları üzərində günəş təsvirlərinə rast gəlinir. Bəzən qəbirlərdə çıraqlara, ocaq qalıqlarına, oxra ilə boyanmış qırmızı daşlara və oxra boyalarına təsadüf edilir. Belə fikir oyanır ki, bəlkə də əcdadlarımız qəbirlərin, axirət dünyasının işıqlandırılması qayğısına qalmış və bu məqsədlə günəşi andıran müxtəlif vasitələrdən istifadə etmişlər. Maraqlıdır ki, indi də adam vəfat edərkən “qəbri nurla dolsun” deyirik. Görünür ki, bu qəbrin işıqlı olması ideyasının mirasıdır.

Qazıntı zamanı əldə edilən saxsı məmulatları göstərir ki, XI-XV əsrlərdə Azərbaycanın şəhər və kəndlərində külli miqdarda müxtəlif formalı və bəzəkli saxsı qablardan istifadə edilirmiş. Bunlardan küp, kuzə, sürahi, kasa, nimçə, çıraq və s. göstərmək olar. Bu dövr saxsı məmulatları həm şirli, həm də şirsiz olurdu. Şirsiz saxsı məmulatların əksəriyyəti böyük küplər, bardaqlar və çıraqlardan ibarət idi. Şirsiz saxsı məmulatların istehsalında boyadan istifadə olunmadığı üçün bəzəklər, əsasən, cızma və qabartma üsulu ilə edilirdi. Belə bəzəklər içərisində nəbati, həndəsi ornamentlərlə bərabər, müxtəlif heyvan, quş, hətta insan fiqurlu motivlərə də rast gəlirik.