AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Daş üzərində oyma

Nümunənin reyestr kodu : ST0301000001

Azərbaycanda daşişləmə sənətinin kökləri burada qədim insanın təşəkkülü ilə eyni dövrə təsadüf edir. Azıx, Damcılı, Tağlar, Daşsalahlı arxeoloji abidələrindən tapılan maddi mədəniyyət nümunələri, bəsit daş alətlər Azərbaycanda yaşayan insanların yaradıcılığından xəbər verir. Daş məmulatının istehsal texnikasının təkmilləşdirilməsi nəticəsində daşişləmə xüsusi sənət sahəsinə çevrilərək ev sənəti kimi formalaşmışdı. Dəmirin kəşfindən sonra bu sahə daha sürətlə inkişaf etməyə başlamışdı. M.ə. VIII minilliyə aid edilən, oyma və cızma texnikası əsasında çəkilmiş Qobustan qaya rəsmləri oyma sənətinin nadir nümunələridir.

İlkin orta əsrlərdə daş üzərində oyma texnikası ilə hazırlanan abidələr, əsasən, qabarıq relyefli və dairəvi heykəllərdən ibarət idi. Qarabağda, Mil və Muğan düzlərindəki köhnə qəbristanlıqlarda, dağ və təpələrin üzərində belə abidələrə indi də rast gəlmək mümkündür. Daşdan səlis yonulub düzəldilmiş heyvan heykəlləri dağlıq və dağətəyi bölgələrdə daha geniş yayılmışdı. Bəsit yonma texnikası ilə düzəldilmiş insan heykəllərindən fərqli olaraq, at və qoç heykəlləri mükəmməl oyma texnikası əsasında düzəldilmiş, kompozisiyasının kamilliyi və gerçək görünüşü ilə seçilirdi. İnsan fiqurlarının düzəldilməsi VII əsrin axırlarından – ərəblərin Azərbaycanı istilasından sonra dayandırılır.

Oyma texnikasından, əsasən, həkkaklar istifadə edirlər. Onlar bu üsuldan istifadə etməklə qəbirüstü abidələr (başdaşı, sənduqə) və inşaat hissələri (bəzək ünsürləri, kitabələr və s.) düzəldirlər.

Azərbaycanda feodal münasibətlərinin möhkəmləndirilməsi, varlı zümrənin nüfuzunun daha da güclənməsi bir çox sahələrin, o cümlədən daş üzərində oyma sənətinin inkişafına təkan vermişdi. Aztəminatlı zümrələrdən fərqli olaraq, zadəgan təbəqənin nümayəndələri möhtəşəm saray və qəsr tipli əzəmətli yaşayış binaları inşa edirdilər. Daşdan tikilən bu abidələr zəngin bədii dekora malik oyma-nəqş ünsürləri ilə bəzədilirdi. Bütün bu amillər daşişləmə üsullarının tətbiq sahələrinin genişlənməsinə və texniki cəhətdən daha da təkmilləşməsinə səbəb olmuşdu. Bu səbəbdəndir ki, feodalizm dövründə daş üzərində oyma sənəti, əsasən, şəhər və qala tipli yaşayış məskənlərində təşəkkül taparaq inkişaf etmişdi.

Orta əsrlərdə oyma sənəti xəttatlığın bir çox xüsusiyyətlərini özündə birləşdirməklə inkişafının yüksək səviyyəsinə çatmışdı. Bu dövrdə yeni məzmun kəsb edən oyma sənətinin əsasını qrafik yazı, həndəsi və nəbati naxışlar, qismən də əşyavi təsvirlər təşkil edirdi. Ərəb əlifbasının müxtəlif üslublarından (kufi, nəsh, süls, təliq, nəstəliq, tövhi) məharətlə istifadə edən orta əsr həkkakları çox vaxt kitabənin boşluqlarını həndəsi və nəbati ornamentli kompozisiya ünsürləri ilə bəzədiklərindən onlar eyni zamanda nəqqaş vəzifəsini də görürdülər. Bu mənada Azərbaycanda oyma sənəti sinkretik səciyyə daşımaqla həm xəttatlıq, həm də nəqqaşlığın başlıca ünsürlərini özündə birləşdirir.

XI-XV əsrlərdə oyma texnikası, əsasən, memarlıq abidələri və qəbir daşlarında tətbiq olunurdu. Bakı limanında aşkar edilmiş Şirvanşahların “Bayıl qəsri” (1235) adlanan memarlıq abidəsinin üzərindəki yazı və relyef təsvirləri öz dövrünün nadir bədii oyma nümunələrindəndir. Dərin oyma üsulu ilə bəzədilmiş “Bayıl qəsri”nin maraqlı cəhəti bəzəklərdə yazılarla birlikdə canlı varlıqları təsvir edən çoxlu rəsmlərin olmasıdır. Daşların üzərində insan başının təsvir olunduğu xeyli oymalar aşkar edilmişdi. Səthi və cızma üsulla çəkilən təsvirlərdən fərqli olaraq, onlar qabartma səpkidə verilmişdi.

Oyma sənətində gödək dəstəkli həkkak çəkici, düz, çəp və çökək ağızlı olmaqla müxtəlif növ iskənələr, (tişə) zeh mişarı, pərgar, ülgü, həkkak qələmi, şir, kömür, hisqara və s. alətlər işlənmişdi.

Oymalar arasında Şirvan-Abşeron məktəbinə mənsub sənətkarların əl işləri diqqəti daha çox cəlb edir. Yumşaq əhəngdaşından düzəldilən müxtəlif formalı başdaşı və sənduqədən ibarət bu nümunələrə həm ayrılıqda, həm də vahid kompozisiya halında təsadüf edilir. XVIII əsrdən etibarən Azərbaycanda xanlıqların yaranması oyma sənətində məhəlli fərqlərin və spesifik xüsusiyyətlərin daha da artmasına səbəb olmuşdu.