Çahargah
Nümunənin reyestr kodu : FM0302030001
Yaxın Şərq xalqlarının şifahi ənənəli musiqisində geniş intişar tapmış “Çahargah” Azərbaycanda əsas muğam dəstgahlarından biridir. Onun mayə pərdəsi birinci oktavanın “do” səsindən ibarətdir. XIX əsr Azərbaycan musiqişünası Mir Möhsün Nəvvab “Çahargah” muğam dəstgahının aşağıdakı şöbə və guşələrdən ibarət olduğunu qeyd edir: “Çahargah”, “Segah”, “Zabul”, “Yədi-Hasar”, “Müxalif”, “Məğlub”, “Mənsuriyyə”, “Zəmin-xarə”, “Mavərənnəhr”, “Hicaz”, “Şahnaz”, “Azərbaycan”, “Əşiran”, “Zənge-şotor”, “Kərkuki”. Göründüyü kimi, “Çahargah” muğam dəstgahının tərkibində “Segah”, “Şur”, “Bayatı-Qacar” kimi başqa dəstgahların səsdüzümünə uyğun gələn şöbə və guşələr də öz əksini tapmışdı. Bu şöbələr “Çahargah”ın nə kökünə, nə də intonasiya xüsusiyyətinə uyğundur.
Azərbaycan muğamlarının gözəl bilicisi, görkəmli tar ifaçısı Mirzə Fərəcin (1847-1927) cədvəlində şöbə və guşələrin adları həqiqətə daha çox uyğundur, həmçinin intonasiya xüsusiyyətlərinə görə bir-birinə yaxın şöbə və guşələri özündə birləşdirir: “Çahargah”, “Bəstə-Nigar”, “Firuz”, “Manəndi-müxalif”, “Müalif”, “Cövhəri”, “Müxalif”, “Hasar”, “Gülriz”, “Zirkeş”, “Rübənd”, “Qürrə”, “Müxalif”, “Məğlub”, “Mənsuriyyə”, “Hüzzal”, “Çahargah”.
Türk Musiqi texnikumu üçün qəbul edilən proqramda (1925) “Çahargah” aşağıdakı 12 şöbə və guşədən ibarətdir: “Mayeyi-Çahargah”, “Balı-Kəbutər”, “Bəstə-Nigar”, “Manəndi-müxalif”, “Hasar”, “Qürrə”, “Müxalif”, “Məğlub”, “Mənsuriyyə”, “Hüzzal”, “Müxalif”, “Çahargah”. Hazırda isə “Çahargah” muğam dəstgahı aşağıdakı tərkib hissələrlə ali və orta ixtisas musiqi məktəblərində tədris olunur, konsert zallarında, radio dalğalarında və mavi ekranlarda səslənir: “Bərdaşt”, “Mayeyi-Çahargah”, “Bəstə-Nigar”, “Hasar”, “Müxalif”, “Qürrə”, “Müxalif”, “Mənsuriyyə”, “Hüzzal”, “Çahargaha kadensiya”.
“Çahargah” muğam dəstgahının inkişafı başqa dəstgahlar kimi, eyni adlı məqamda tədricən daha yüksək istinad pərdələrini tutmaqla əldə edilir. Bəmdən zilə qədər bu inkişaf prinsipi muğamda qabarıq şəkildə öz təcəssümünü tapır. “Çahargah”ın oxuma diapazonu, “Şur” dəstgahı kimi, iki oktava yarım daha böyükdür. “Çahargah” parlaq virtuoz, qəhrəmani xarakterli, dərin dramatik məzmunlu bir dəstgahdır. Ə.Bakıxanovun təbirincə desək, “Çahargah” müharibə, döyüş ruhludur. Bu xüsusiyyətlər “Çahargah” dəstgahının şöbə və guşələrinin musiqi məzmununda tədricən, aramla açılır. Ü.Hacıbəyli “Çahargah” muğamından öz əsərlərində necə istifadə etdiyini bu cür şərh edir: ”Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda mən “Çahargah” muğamını işlədirəm”.
Azərbaycan muğam sənətinin inkişafında əvəzsiz xidmətləri olan bir çox məşhur xanəndələrin – Səttar, Bülbülcan, Cabbar Qaryağdı oğlu, Mirzə Məhəmmədhəsəni, Məşədi Məhəmməd Fərzəliyev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının simasında “Çahargah” öz uğurlu ifasını tapmış, həmçinin bu gün görkəmli muğam ustaları Arif Babayev, Alim Qasımov, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Təyyar Bayramov və başqaları bu muğamın böyük ifaçıları hesab olunur. Yeri gəlmişkən, qeyd edək ki, görkəmli xanəndə Seyid Şuşinskinin ifa etdiyi “Çahargah” muğamı bütün dövrlərdə (bu gün də) ifa olunan çahargahların ən mükəmməlidir. Həmçinin qadın xanəndələr arasında ilk dəfə Zeynəb Xanlarova “Çahargah” muğamını ifa etmişdi.
-
Çahargah muğam dəstgahının nəzəri əsasları
Ramiz Zöhrabov
2000
-
İslam Rzayevin ifasında "Çahargah" muğam dəstgahının təfsiri
Səadət Verdiyeva
2015
- Biblioqrafiya və tərtibçilər