Muğam dəstgahları
Nümunənin reyestr kodu : FM0302000001
Muğam dəstgahları şifahi ənənəli professional musiqinin klassik formasıdır. Azərbaycan muğam dəstgahları bunlardır: “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Şüştər”, “Humayun”, “Bayatı-Şiraz”, “Mahur Hindi”, “Orta Mahur”, “Bayatı Qacar”, “Mirzə Hüseyn Segahı”, “Orta Segah”, “Zabul Segah” və s. Bu dəstgahlar 7 məqama əsaslanır. Hər bir muğam dəstgahı “Dəraməd” və “Bərdaşt” adlanan giriş xarakterli hissələrdən, “Mayə” adlanan mərkəzi şöbə, dəstgahın digər orta şöbələri, onların arasında ifa olunan rəng və təsniflərdən ibarətdir. Vokal-instrumental muğamlar bir qayda olaraq, “dəstgah” adlanırlar. Dəstgah fars mənşəli söz olub, kompleks, birgə, birlikdə anlamına gələn “dəst”, məqam, mövqe, məkan anlamına gələn “gah” hissələrindən yaranmışdır.
Dəstgah təkcə muğamın ifası ilə bağlı deyil, həm də muğamın forması, quruluşu ilə bağlı anlayışdır. Yəni muğam dəstgah ifası xüsusi və konkret forma, kompozisiya xüsusiyyətlərinə malikdir. Birincisi, dəstgahın kompozisiyası muğamdakı şöbə və guşələrin məntiqi ardıcıllığına, şöbələrin dramaturji rol daşımasına və şöbələrin vahid bədii məzmun yaratmasına əsaslanır. İkincisi, dəstgahlarda vokal və instrumental ifa, yəni xanəndənin oxuması ilə instrumental sazəndə muşayiəti və çalğısı bir-biri ilə vəhdət təşkil edərək muğamın vahid formada qavranılmasını təmin edir. Üçüncüsü, dəstgah muğamın forması vokal və instrumental ifaların növbələşməsi prinsipinə, yəni xanəndə və sazəndənin ifasının növbələşməsinə, ardıcıllığı prinsipinə əsaslanır.
Muğamın dəstgah kompozisiyasının qurulmasında improvizasiyalı muğam melodiyası ilə birlikdə şifahi-peşəkar musiqi janrları olan dəraməd, rəng və təsniflər də mühüm formayaradıcı rol oynayırlar.
Bütün muğam dəstgahları dəraməd ilə başlayır. Dəraməd insturmental janr olub, rəngin bir növüdür. Dəraməd ağır, orta, sürətli tempdə olub marşvari, rəqsvari, lirik xarakter daşıyır. Özünəməxsus kompozisiyası olan dəramədlər formaca ya kiçik, ya da iri həcmli olurlar. Dəraməd dəstgahın instrumental girişi olmaqla, dinləyicini muğamın lad-intonasiya, bədii-emosional məzmunu ilə tanış edir, dinləyicini muğamın bədii ovqatına, lad məntiqinə, melodik ifadəliliyinə kökləyir. Dəstgah muğamlarda dəraməddən sonra ilk şöbə kimi bərdaşt çalınır. Mürəkkəb quruluşa malik dəstgahlar guşə və şöbələr adlı hissələrdən qurulur. Guşə şöbəyə nisbətən kiçik melodik quruluşa malikdir. Bəzən, bir şöbə bir neçə guşədən də ibarət ola bilir. Şöbə və guşə dəstgah muğamlarda struktur rolu oynayırlar. Hər bir şöbə özünəməxsus melodiya xəttinə və lad-melodik məzmuna malikdir. Dastgahlarda şöbələr arasında instrumental rənglər və vokal-instrumental təsniflər ifa edilir.
XIX əsrdə Azərbaycanda vokal-instrumental dəstgahlar, əsasən, Şamaxı, Şəki, Şuşa, Bakı, Gəncə, Lənkəran şəhərlərində geniş yayılmışdı. Azərbaycan alimi Mir Möhsün Nəvvab özünün “Vuduh ul-ərqam” (Rəqəmlərin şərhi – 1884) risaləsində ilk dəfə dəstgahın elmi təsvirini vermişdi. Bununla belə, XX əsrin 20-ci illərinədək dəstgahların sabit forması olmamışdı. Qarabağ, Bakı və Şamaxı muğam ifaçılıq məktəblərində eyni bir dəstgah fərqli versiyalarda ifa olunmuşdu.