AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cəhrə

Nümunənin reyestr kodu : SD0402000014

Azərbaycanda ənənəvi ev məişətində daraq, cəhrə, əliyi, hörmə milləri, sürtkəc və kirkirə kimi alətlər kütləvi səciyyə daşımışdır. Yun, pambıq və ipək (keci) liflərdən eşilməklə (burulmaqla) ip əyrilməsində istifadə olunan əl iyi (teşi, əyircək, dük), yaxud müxtəlif quruluşlu cəhrə (dövr) universal əyirmə və eşmə vasitələri sırasına daxil idi. Əvəzedilməz əmək alətlərindən biri olan cəhrə yun, pambıq və ipək liflərdən ip əyirmək üçün istifadə edilmiş, uzun inkişaf yolu keçərək təkmilləşmişdir. Keçmişdə digər toxuculuq alətləri kimi cəhrə də yerli ustalar tərəfindən hazırlanırdı. Xarrat çarxı vasitəsi ilə xüsusi peşəkar ustalar tərəfindən yonulub hazırlanan bütöv toplu cəhrədən fərqli olaraq, qurama cəhrəni dülgərlikdə az-çox səriştəsi olan hər bir kəs düzəldə bilirdi. Ən ibtidai yunəyirmə vasitəsi olan əl iyi ilə müqayisədə cəhrə daha məhsuldar əmək aləti sayılırdı. Keçmiş məişətin ən zəruri istehsal ləvazimatı kimi ona hər bir evdə rast gəlmək mümkün idi.

Azərbaycanda cəhrənin qurama və bütöv toplu olmaqla iki tipi yayılmışdı. Xarrat çarxında yonulub hazırlanan bütöv toplu cəhrə nisbətən baha başa gəlsə də, onların iş prinsipində və məhsuldarlığında ciddi fərq yox idi. Bir qayda olaraq, ip sağdan sola doğru həm əyrilir, həm də bükdərilirdi. Tətbiq sahəsindən asılı olaraq ipin əyirmə və bükdərmə texnikasında fərq nəzərə çarpırdı. Əriş, ciyə və s. məqsədlər üçün ip möhkəm əyrilirdi. Ona nisbətən arğac ipi bir qədər boş, ilmə ipi isə tamam boş əyrilirdi. Bu səbəbdən də ilmə ipinin hazırlanması Azərbaycanın bəzi bölgələrində “əyirmə” deyil, “üşələmə” adlanırdı.

Cəhrə bir neçə hissədən ibarətdir. Cəhrənin başı “top” adlanan təkər formasındadır, top pərli və ya bütöv ola bilər. Cəhrə iy, təkərə birləşdirilən ön və arxa qollardan, qolla qulpu biri-birinə birləşdirən ağac “ox”dan, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kirişdən ibarətdir. Aşağıda “baldır” adlanan hissəyə dəmirdən hazırlanan iy keçirilir, qır və ya mumla yağlanmış ipə “kiriş” əsasən qoyun dərisindən hazırlanırdı. Kiriş topdan keçərək iyə dolanır, iyin birinci baldırdan keçən hissəsinə göndən düzəldilmiş qulaqcıq keçirilir. Qulaqcığın əsas işi iyin baldırda möhkəm durmasını təmin etməkdir. Cəhrə yerindən tərpənməsin deyə baldırla qolu birləşdirən alt ağacının üstünə yarıdəyirmi, yarıyastı göy-qara daş (cəhrə daşı) qoyurdular.

İlmə istisna olmaqla ipin qalan növləri (əriş, arğac, hörmə ipi) cəhrə vasitəsilə bükdərilirdi. İşin tələbindən asılı olaraq cəhrənin iydən çıxarılmış “dükcə” ipi bükdərilmək üçün əvvəlcə ikişər, üçəm və dördqat edilərək yumaq halına salınırdı. Bükdərmə əməliyyatından sonra ip “qırtız” adlanan dəmir mil vasitəsilə qırtızlanmaqla düyündən təmizlənir və hamar hala salınırdı.

Xalça-palazı toxumaq üçün ilk növbədə yun daranır, sonra isə cəhrə vasitəsilə əyrilmiş ip milə dolanır və hazır məhsula çevrilirdi. Üçbucaq şəklində taxtanın ucuna bərkidilən dəmir dişlərdən ibarət daraq ip əyrilməsində mühüm rol oynayır. Toxuma məqsədi ilə yuyulub çubuq və ya yay vasitəsilə atılmış yun, əvvəlcə daraq ilə daranıb əlçimlənir. Yun əyrilib ip olmazdan öncə daraqda daranaraq piltə-piltə bir yerə yığılır. Piltələrin dağılıb bir-birinə qarışmaması üçün üstünə ya ləpik daş, ya da kərpic qoyulurdu. Sonra əlçim edilmiş yun piltələri əl iyi (teşi) və ya cəhrə ilə əyrilib yalınqat ip halına salınırdı. Bunun üçün əvvəlcə bir dəstə yun darağın dişinə keçirilir və hər iki əllə yanlara dartılır. Sonra alınmış iki yun dəstəsini üst-üstə qoyub bu proses yenidən təkrarlanır. Bu iş bütün yun dəstəsi daranana qədər və yun telləri bir-birinə paralel olanadək davam edir. Qadınlar dizlərinin arasına aldıqları daraqda yuyulmuş yunu darayaraq piltə halına salırdılar. Daha sonra həmin piltəni yanlarına yığaraq bir əliylə cəhrənin qulpunu fırladır, digər əli ilə piltəni iyə dolayırlar. Bu zaman hər iki əli hərəkətdə olur. İyə dolanan piltələr “düyçə” (dükcə) adlandırılırdı. Daraqda daranan yun düyçə şəklinə düşəndən sonra düyçələr yumaq halına salınır, daha sonra həmin yumaqları dizlərinə altüst keçirərək kələf halına gətirirlər. Yalnız bundan sonra sonuncu mərhələ – iplərin boyanma mərhələsi başlayır. Yun ip hazır olduqdan sonra müxtəlif bitkilərdən hazırlanmış boyalarla rənglənirdi. İplərin bir hissəsindən corab, əlcək, köynək və digər geyimlər, qalan hissəsindən isə xalça toxunur.

Ənənəvi ipəyirmə vasitələri təkcə əl iyi və cəhrədən ibarət olmamışdır. Keçmişdə Azərbaycanın bir sıra etnoqrafik bölgələrində vəlvələ, fırlağan, novşa, dük kimi bəsit ipəyirmə vasitələrindən də istifadə olunmuşdur.