AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çayxana

Nümunənin reyestr kodu : DB0201000002

Təxminən 500 illik tarixə malik çayxanalar əvvəlcə qəhvə və çay satışı ilə məşğul olsa da, zaman keçdikcə insanların görüş yerinə, mədəni mərkəzə çevrilir və şəhərlərdə sosial mədəniyyətin formalaşmasına təkan verir. Çindən başlayaraq dünya ölkələrinə yayılan çay ənənəsi qloballaşma prosesinin ilkin mərhələsi sayıla bilər. Qəhvə və çay ilk olaraq iri ticari mərkəzlərdə tanındığından ilk qəhvəxana və çayxanalar da şəhərlərdə təsis edilir. Tədqiqatçıların qənaətinə görə, Səfəvilər dövlətində ilk qəhvəxana Şah Təhmasibin hakimiyyəti (1524-1576) dövründə Qəzvində açılır. Müsəlmanlar namaz vaxtını məscid yaxınlığındakı qəhvəxanada gözləyirdilər.

İlkin qəhvəxanalar şəhərlərarası yolların kəsişməsində yaranır. Çünki uzaq məsafəni qət edən yolçular qidalanmalı, dincəlib istirahət etməli idilər. Qəhvəxanaların sayının artması daha çox Şah Abbasın (1587-1629) dövrünə təsadüf edir. Şah xarici qonaqları buraya dəvət edir, onların şərəfinə qonaqlıq verirdi. Əsasən saray əhlinin, əyanların getdiyi qəhvəxanada qəhvə içməklə yanaşı, nağıllar, əfsanələr söyləynilir, söhbətlər aparılırdı. Bu da ruhani dairələrin qəti etirazına səbəb olur, onlar qəhvəxanada danışılan nağıl və əfsanələri yalan və batil sayırdılar. Səfəvi hökmdarları qəhvəxanaları himayəsinə alır və onların bağlanmasına imkan vermirlər.

Zaman keçdikcə, yaşıl çaya nisbətən ucuz satılan qara çay qəhvəni əvəz edir. XIX əsrin II yarısında “qəhvəxana” ifadəsi ilə yanaşı, xalq arasında “çayxana” sözü də işlənilir. XX əsrdə Azərbaycanda çayxanaların sayı artaraq kənd məskənlərinə də yayılır. Həmin əsrin 30-40-cı illərində sovet hökümətinin din əleyhinə apardığı kampaniya çoxlu sayda məscidlərin bağlanması ilə nəticələnir. Bu proses insanları yeni sosial mühit axtarmağa vadar edir. Beləliklə, bölüşmək, dərdləşmək və yeni xəbər almaq məkanı çayxanaya keçir. Burada məscidlərdən fərqli olaraq davranış normaları çərçivə daxilində deyil, sərbəst şəkildə formalaşırdı. Qadınların çayxanaya getmək hüququ yox idi.

Azərbaycanda mövcud olan çayxanalar öz funksiyası, onu idarə edənlərin və müştərilərinin kimliyi baxımından bir neçə qrupa bölünürdü: məhəllə çayxanaları, sənət-peşə üzrə ixtisaslaşan çayxanalar, mərəkəçi qəhvəxanalar, aşıq qəhvəxanaları, həmyerli çayxanaları, səyyar çayxanalar, açıq havada fəaliyyət göstərən çayxanalar və s.

Məhəllə çayxanaları qohumluq-qonşuluq münasibətlərinin, ənənəvi həyat tərzinin qorunmasına xidmət edir, müsəlman kişilər üçün məsciddən və təsərrüfat həyatından kənar yeni sosial mühit idi. Sənət-peşə üzrə ixtisaslaşan çayxanalar şəhərin iqtisadi həyatında rol oynayır, bu yerlər asudə vaxtın keçirilməsindən daha çox iş axtarma, sifariş qəbul etmə məntəqəsini xatırladırdı. Bu tip çayxana müştərilərini sənət-peşə və məslək birləşdirirdi. Tacirlər özlərinə ayrıca çayxana təşkil edir, burada ticarət sövdələşmələri aparırdılar. Müştərilər lazımi üsta üçün hansı çayxanaya müraciət edəcəklərini qabaqcadan bilirdilər. Burada işsiz fəhlələr sahibkarlarla danışıb sövdələşər, alverçilər satdıqları məhsul barədə məlumat verərdilər. Sonuncu ənənə XX əsrin 60-70-ci illərinədək davam edirdi. Məsələn, Bakı Bulvarında və Qubernator bağı yaxınlığında yerləşən çayxanaya daim müğənnilər toplaşar, toya dəvət alardılar. M.Ə.Sabir bağı yaxınlığında “Sabir çayxanası” deyilən çayxanaya gənc ziyalılar, müəllimlər, tələbələr toplaşar, burada qızğın fikir mübadiləsi aparardılar. Mərəkəçi çayxanalar bir neçə tipdə xarakterizə olunur: məddah çayxanası, nəqqal çayxanası, dərviş çayxanası və s. XX əsrin əvvəllərinədək fəaliyyətdə olan bu tip çayxanalar ədəbi-bədii klubu xatırladırdı. Professional teatrın, ədəbi-bədii dərnəklərin, əyləncəli klubların olmadığı zamanda çayxanalar el səhnəsini icra edirdi. Mərəkəçi çayxanalarda əyləncəli söhbətlər aparılır, təriflər yağdırılır, məhəbbət və qəhrəmanlıq dastanları nəql edilir, nağıllardakı div, pəri, əjdaha və digər mifik varlıqlardan bəhs olunurdu. Aşıq qəhvəxanaları əsasən kənd yerlərində üstünlük təşkil edirdi. Qəhvəxanalar sonralar xalq arasında “çayxana” adlansa da, “aşıq qəhvəxanası” öz adını qoruyub saxlayırdı. Lakin belə qəhvəxanalarda qəhvə deyil, çay satılırdı. Həmyerli çayxanaları müxtəlif məqsədlərlə şəhərlərə axışan əhali qrupları tərəfindən təşkil edilirdi. Bakıda bu tip çayxanalar XX əsrin ortalarından etibarən çoxalmağa başlayırdı. Heydər Əliyev Sarayının yaxınlığındakı “Sputnik” çayxanasına qazaxlılar toplaşır, “Araz” və “Dostluq” kinoteatrlarının yaxınlığında yerləşən çayxanalar ağdamlıların görüş yeri sayılırdı. Bunlardan başqa, şəhərlərdə səyyar çayxanalar da fəaliyyət göstərirdi.

XIX-XX əsrin əvvəllərində çayxanaların memarlıq üslubu və daxili sahmanı Şərq ənənələrinə əsaslanır, bir və ya ikiotaqlı tikilirdi. Divarlarını Şərq üslubundakı naxışlar və rəsm əsərləri bəzəyirdi. Otaqların mərkəzində hovuz düzəldilir, onun dövrəsində müştərilərin əyləşməsi üçün divarboyu səkilər tikilirdi. Sanballı şəxslərin yeri yuxarı başda idi. XX əsrdə parklarda, meydanlarda açıq havada çayxanalar təşkil edilirdi. Çinar ağacının yaxınlığında, bəzən iri gövdəli çinarların daxilində də çayxanalar (Basqal, Ağdaş, Cəbrayıl və s.) vardı.

Şərq xalqlarının unikal mədəniyyəti sayılan çayxananın əsas avadanlığı hər an qaynar vəziyyətdə saxlanılan samovar idi. Çaydan, stəkan, nəlbəki, qənddan, sini, parç, çaysüzən, çay qaşığı, qənddoğrayan, qəlyan və digər qablar çayxananın əsas ləvazimatı sayılırdı.

Çayxana sosial, əyləncəli istirahət, siyasi-iqtisadi, maarifləndirici, dini və s. funksiyaya malik idi: Çayxanalar əhalinin sosial birliyini artırır, insanlar arasında kommunikasiyanın yaranması, ümumi davranış tərzinin, adət-ənənələrin və ortaq mədəni dəyərlərin formalaşmasına aparır. Söhbətləşmə, yardımlaşma milli birliyə gətirib çıxarır. Şəhər məhəllələrinin qapalı həyat tərzi çayxanada üzə çıxır və bu məkan vasitəsilə sakinlər digərləriylə dialoq qurur, beləliklə, şəhər həyat tərzi formalaşırdı. İlk dəfə idi ki, məhəllə sakini qohum-qonşusundan savayı tanımadığı şəxslərlə söhbətləşir və bu məkan sayəsində tədricən küçə mədəniyyətini tanımağa başlayırdı. Burada gündəlik məişət söhbətlərindən tutmuş, xarici siyasətədək hər növ məsələlər məşvərət edilir, azad söz, sərbəst fikir ifadə olunurdu.

Çayxana yaranarkən əyləncəli istirahət məkanı kimi maraq doğurur. Burada müxtəlif stolüstü oyunlar, həmçinin qumar oynanılırdı. Bəzi yerlərdə hətta rəqqaslar da dəvət olunurdu. Bayram günlərində bu oyunlar daha izdihamlı keçirilirdi.

Çayxanalar zaman keçdikcə siyasi-iqtisadi mahiyyət kəsb edir. Səyyahlara görə, Səfəvilər dövründə ölkəyə gələn xarici qonaqlar, diplomatlar qəhvəxanaya dəvət olunurdular.

Çayxanada xalqın müxtəlif təbəqələri toplaşdığından burada şifahi xalq ədəbiyyatının əksər janrlarını izləmək mümkün idi. Sosial-maarifləndirici mahiyyət kəsb edən bu məkanda gündəlik qəzet, kitab və şeir oxunduğundan çayxana həm də qiraətxana mahiyyəti kəsb edirdi. Radionun fəaliyyətə başlamasıyla insanlar çayxanaya toplaşaraq xəbərlərə qulaq asardı. Texnologiyanın inkişafı, radio və televiziyaların, sosial şəbəkələr sisteminin artması, virtual münasibətlər və s. kimi proseslər insanların sosiallaşmasının qarşısını alır, çayxana və oradakı əyləncələr öz əvvəlki marağını itirir. Buna baxmayaraq, çayxanalar hələ də varlığını qoruyub saxlamaqdadır.