AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çay dəstgahı

Nümunənin reyestr kodu : DB0201000001

Azərbaycan ərazisində çay ilk olaraq XIX əsrin sonunda Lənkəran qəzasında becərilirdi. Çaydan istifadə ardıcıl olaraq Çindən Hindistana, İngiltərəyə, Rusiyaya, Azərbaycana, İrana və s. ölkələrə keçmişdi. Müasir zamanda geniş yayılan, isti içki növlərindən olan çay uzaq keçmişdə qidalar sırasında deyildi. Tədqiqatçılara görə, insan orqanizmi üçün bir sıra müsbət xassəni özündə birləşdirən çayın şəfaverici qüvvəyə malik olmasını çinlilər hələ qədim dövrlərdə bilirdilər. Bu bitki IX yüzildə Yaponiya və Koreyada, XIX əsrdə İndoneziya, Hindistan, Seylon və başqa ölkələrdə becərilməyə başlanmışdı. Çay Avropa ölkələrində ilk dəfə XVII əsrdə hollandların süfrəsində görünmüşdü. İngilislər Çindən su yolu ilə apardıqları bu bitkiyə “ti” (“tea”) deyirlər. Ruslar isə onu quru yolu ilə daşıyır və “çay” adlandırırlar.

Azərbaycan şəhərlərinin İpək yolunun üzərində yerləşməsinə baxmayaraq, orta əsrlərdə aşağı təbəqə qara çayla hələ tanış deyildi. Qara və yaşıl çay kütləvi şəkildə yayılmazdan əvvəl daha çox meyvə suyu qəbul edilirdi. Keçmişdə müxtəlif meyvə və müalicəvi otlar ― darçın, kəklikotu, mərzə, yarpız, məkkəgülü, gavzəban gülü (borage) və s. dəmlənib isti halda içilirdi. Gilənar çayı, narış çayı (qurudulmuş narınc qabıqları) və digər meyvələr çay yarpaqları kimi dəmlənirdi. Rusiyanın Tula şəhərində samovar istehsalının genişlənməsi qara çayın istifadəsini daha da artırmışdı.

Çay yığımında yalnız təzə yarpaqlar lazım gəlir və əl ilə yığılır. Çay yarpaqları 3-cü, yaxud 4-cü ildə bahar, yay və payızda yığılır. Quru çay sərin və quru yerdə müəyyən müddət saxlana bilir. Çaydan ilk dəfə olaraq xalq təbibləri şəfaverici vasitə kimi istifadə edirdilər. Ondan istifadənin yaşı təqribən 200 il olsa da, azərbaycanlılar arasında qara çay sürətlə yayılaraq əsas içkiyə çevrilmişdi. Quru çayın üzərinə dağ su tökülür, 5-7 dəqiqə ocaqda dəmlənir. Ona müxtəlif Şərq ədviyyatları (hil, mixək, darçın, zəncəfil və s.), həmçinin müalicəvi bitkilər (kəklikotu, mərzə və s.) də qatılır. Çay üçün su mis çaydanda və ya samovarda qaynadılır. Çay bitkisi, əsasən çini qəhvədanda (dəm çaydanı) dəmlənir, masqurada, stəkan və fincanda süfrəyə təqdim edilir. Dəmlənmiş çay əhali arasında qısa vaxtda içilir. Boyat çayın qəbulu isə məsləhət görülmür.

Azərbaycanda XX əsrdə ailə və ictimai məişətlə bağlı bir sıra mərasimlər, rəsmi qəbullar və s. çay dəstgahı olmadan keçinmir. Gündəlik olduğu kimi, mərasimlərdə də çay süfrəsinə qənd, limon, müxtəlif şirniyyatlar, mürəbbələr, meyvələr, xüşkəbar və çərəz düzülür. Armudu stəkana süzülən pürrəngi çay daha çox dişləmə qəndlə içilir. Yemək öynəsindən asılı olaraq çayın qəbulu fərqlənir. Səhər yeməyində şirin çaya üstünlük verilir.

Qonaqlıq məclislərində süfrə ətrafında əyləşənlərə əvvəl şirniyyat (noğul, nabat və s.), meyvə və çay verilir. Bunlar yığıldıqdan sonra çörək və xörəklər, şərbət və digər təamlar gətirilir. Elçilik mərasimində “hə” cavabı aldıqdan sonra qız və oğlan tərəfi mütləq şirin çay içib ağızlarını şirin edirlər.

Tədricən qəhvəxanaları əvəz etməyə başlayan çayxanalar əhali arasında sosial birliyi artırırdı. Əsasən kişilərin toplaşdığı çayxanalarda müxtəlif stolüstü oyunlar (nərd, şahmat və s.) oynanır, qəlyan çəkilir. Buraya təkcə çayxor adamlar deyil, həm də gündəlik xəbərləri dinləmək, həmşəhərliləri ilə hal-əhval tutmaq istəyənlər yığışırlar. Zaman keçdikcə kişilərə məxsus çayçılıq peşəsi formalaşmışdı. Çayçılar bazar-dükanlarda və digər ictimai yerlərdə siniyə üst-üstə yığılan stəkanlarda əhaliyə çay paylayırlar.

Hazırda çaydan təbabətdə də istifadə edilir. Göz ağrısı, göz şişləri zamanı qara çaya tənzif batırılaraq göz qapaqlarının üstünə qoyulur. Yaşıl çay arıqlamağa kömək edir. Bədənin ümumi yorğunluğunu aradan qaldıran çay həm də əsəbləri sakitləşdirir, baş ağrısını aradan qaldırır, susuzluğu yatırır.