Çərşənbə tonqalı
Nümunənin reyestr kodu : DB0204010007
Çilləbeçələrdə qalanan tonqalın xalq arasındakı adıdır. Çərşənbə tonqalı qurumuş ağac budaqlarından, qarğıdan, otdan və s. qalanır. Məsələn, Şuşa şəhərində çərşənbə tonqalı meşədən qırılıb gətirilmiş qarğıdan qalanırdı. Qarğı yandıqda düyümlərin arasındakı pərdələr şişərək partladığı üçün gurultulu səs çıxarırdı. Zəngilan rayonunun Zəngilan kəndində isə çərşənbə tonqalı adam ayağı dəyməmiş otdan qalanırdı. Ona görə hər kəs axır çərşənbədə yandırmaq üçün hələ qabaqcadan bir bağ təmiz ot saxlayırdı. Heyvanın qabağından çıxan, malın ayağı dəyən və ya tapdalanan otdan çərşənbə tonqalını qalamaq isə günah sayılırdı.
Çərşənbə tonqalı Novruz bayramına qədər qeyd olunan dörd çərşənbənin dördündə də qalanır. Məsələn, Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində od çərşənbəsində ailədə neçə oğlan varsa, hərəsinin adına bir ocaq qalanırdı. Kimin ocağı gec sönərdisə, deyərdilər “bu uşağın gələcəyi yaxşı gələcək, ata ocağını davam etdirəcəkdir”. Axır çərşənbə isə hər qapıda belə tonqal qalanırdı, bəzi bölgələrdə hətta hər ailə üzvünün adına bir ocaq çatılırdı.
Tədqiqatçılara görə, türk mifoloji təssəvürlərində od saflaşdırıcı element hesab olunmuş, ona görə bədxah ruhların səbəb olduğu bir çox xəstəliklərin müalicəsi zamanı onun təmizləyici gücündən istifadə olunmuşdur. Oda olan bu münasibət çərşənbə tonqalında da özünü qoruyub saxlamışdır. Çərşənbə axşamı hamı böyükdən kiçiyə “ağırlığım-uğurluğum odda yansın” deyərək tonqalın üstündən üç dəfə tullanır, hətta mal-qaranı, qoyun-quzunu da tonqalın üstündən addadırdılar. Bununla da köhnə ilin ağrı-acısının, qada-balasının tonqalda yandığına inanılırdı.
Çərşənbə tonqalının müqəddəsliyi xalq inanclarında da saxlanmışdır. Bəzi bölgələrdə çərşənbə ocağının külü süpürülmür, yeddi gün qalır. Azərbaycanın Lənkəran-Masallı bölgəsində axırıncı çərşənbədə yandırılan ocağın külü səhər ağacların dibinə tökülür, onda ağacların daha yaxşı məhsul verəcəyinə inanılır. Həmin ocağın külündən xalq arasında dəmrov adı ilə tanınan dəri xəstəliyinin müalicəsində də istifadə olunur. Belə ki, həmin ocağın külünü dəmrovun üstünə tökdükdə onun suyunu çəkib qurudur. Qurumuş hissəni südün qaymağı ilə sürtüb təmizlədikdən sonra dəmrovdan artıq əsər-əlamət qalmırdı.
Bəzi bölgələrdə çərşənbə tonqalı hündür təpələrin üstündə qalanır. Məsələn, Zəngilan rayonunun Mincivan qəsəbəsində cavanlar hələ üç gün qabaqcadan kəndin kənarındakı təpənin üstünə təkər yığıb ora qırmızı bayraq tikirdilər. Çərşənbə axşamı oğlanlar, qızlar bayram nemətindən yedikdən sonra həmin təpənin başına çıxıb təkərləri yandırırdılar. Rayonun Babayıl kəndində isə təpənin başına yığılmış təkərlərə od vurub onları kəndə sarı yumarlayırdılar. Həmin gün keçədən və ya köhnə parçalardan lopalar düzəldirdilər. Yaxşı yanması üçün keçə və ya parçanı məftillə bağlayıb bir gün qabaqcadan neftin içinə qoyurdular. Çərşənbə axşamı qızlar, oğlanlar həmin lopaları götürüb təpənin başına çıxır, onları yandırıb göyə atırdılar. Lopa atan zaman yarışırdılar. Kim öz lopasını ən hündürə atırdısa, onun adı xüsusi vurğulanırdı.
Bayramlar şər ruhların aktivləşdiyi, onların fəallaşdığı dövr hesab olunmuşdur. Ona görə axır çərşənbədə havaya yanan şarların atılması, patıltı səsi çıxardan qarğıların yandırılması şər ruhları qovmağa, qaçırtmağa xidmət etmişdir.
-
Azərbaycanda Novruz ənənə və inancları
Sevinc Qasımova
-
Zəngilanda Novruz adətləri
İlkin Rüstəmzadə
-
Şuşada Novruz adətləri
İlkin Rüstəmzadə
- Biblioqrafiya və tərtibçi