AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cam

Nümunənin reyestr kodu : ST0702000011

Cam piyalə və kasa kimi süfrə qablar sırasına daxil olub, əsasən çay, şərbət, şərab və su içmək, qaymaq, qatıq, ayran və digər ağartı məhsullarını süfrəyə vermək üçün işlədilirdi. Xeyli sonralar saya, sadə camlardan hamam ləvazimati kimi də istifadə olunmuşdur.

Cam formaca dərin nəlbəkiyə oxşayıb, dulus, mis, bəzən bürünc, hətta qızıldan düzəldilmişdir. Maraqlıdır ki, ən qədim camlardan biri məhz qızıldan hazırlanmışdır. Təbriz şəhərindən təqribən 70 km aralı Urmiya gölü ətrafında yerləşən Həsənli (Cənubi Azərbaycanın Sulduz mahalı) təpəsindən arxeoloji qazıntılar zamanı tapılmış qızıl cam (hazırda Tehranın Arxeoloji muzeyində nümayiş etdirilir) dünyada məşhurdur. Hündürlüyü 21 sm, ağzının diametri 16 sm və ağırlığı 950 qr olan bu bədii qızıl cam üzərindəki təsvirləri ilə insanı heyran edir. Camın üzərindəki rəsmlər bəzi yerlərdə iki cərgə, bəzi yerlərdə isə üç cərgə şəklində yerləşdirilərək, bütün əşyanı başdan-ayağa örtmüşdür. Yuxarıda birinci cərgədə 3 araba rəsmi diqqəti cəlb edir. İnək bağlanmış birinci arabanı qanadlı insan, qatır bağlanmış digər iki arabanı isə birincinin başında qanad, o birisinin başında buynuz olan şəxslər idarə edir. Birinci arabanın qarşısında başını daramış və əyninə haşiyəli paltar geymiş kişi durmuşdur. Onun əlində hündür bir qab vardır. Arxasında həmin libasdan geymiş başqa iki nəfər bir cüt qoçu irəli sürürlər. Aşağıdakı cərgələrdə də diqqəti cəlb edən bir çox səhnəciklər vardır. Burada başına ilan dolanmış ovçu, onun yanında iki qoç üzərində dayanmış çılpaq qadın, üçbaşlı əjdahanın caynağından xilas olmaq üçün əllərini kənarda dayanmış pəhləvana uzadan bir kişi təsvir edilmişdir. Bu səhnəciklər camın orta hissəsindədir. Camın nisbətən aşağısında kiçik səndəldə oturmuş qoca bir kişi təsvir olunmuşdur. Bir qadın onun qarşısında duraraq, kiçik yaşlı uşağı ona tərəf uzadır. Bu səhnənin üstündə üzü səndələ tərəf olan kişi əlində naməlum qab tutaraq dayanmışdır. Şəkillərdə başına ilan dolanmış ovçu təsviri arasında üç başqa rəsm də vardır. Həmin təsvirlərin birində iki kişinin surəti əks edilmişdir. Onlar üçüncü bir kişinin əl və saçından tutaraq, sanki onu cəzalandırmağa aparırlar. Bu səhnənin üstündə aslan və onu yəhərləyib minmək üçün hazırlaşan gənc təsvir edilmişdir. Həmin səhnədən sonra böyük quşun belinə minib uçan bir şəxsin də təsviri nəzəri cəlb edir. Camın altı çoxlu xanalara bölünmüş, ətrafında isə 4 dağ keçisi təsvir edilmişdir. Qızıl cam təxminən m.ə. IX əsrə aiddir.

Orta əsrlərdə Təbrizdə hazırlanmış bir neçə bürünc məişət əşyası Londonun Viktoriya və Albert muzeylərində saxlanılır. Məsələn, 1319-cu ildə təbrizli usta Yusif Əhməd oğlu tərəfindən hazırlanmış bürünc cam diqqəti cəlb edir. Diametri 7,5 sm, hündürlüyü isə 19 sm olan bu qab Azərbaycanda qədimdən bu günədək geniş yayılmış ənənəvi saxsı kasaları xatırladır. Cam üz tərəfdən cızma və döymə üsulu ilə bəzədilmişdir. Camın üzərindəki bəzəklər isə iki hissəyə bölünmüşdür: qabın yuxarı hissəsini tamamlayan qurşaqvari bəzək və gövdəsində yerləşən dörd ədəd nəbati ornamentlərdən düzəldilmiş xonçalar. Qabın yuxarı hissəsinin qurşaqvari bəzəkləri xüsusilə maraqlıdır. Bu bəzək stilizə edilmiş zərif nəbati naxışlardan və kufi xətlə yazılmış sözlərdən ibarətdir. Buradakı yazı və nəbati ornamentlərin ardıcıl olaraq təkrarlanmasına baxmayaraq, sənətkar onları canlandırmaq üçün bəzilərini (sözləri) qabarıq, digərini isə (nəbati ornamentləri) nisbətən batıq verərək işıq və kölgə effekti yaratmışdır.

Adətən mis camların ağzının diametri 9,5-12,5 sm, oturacağının diametri 6 sm, hündürlüyü 3-66 sm, içərisi saya olmuş, üzərinə Orta əsr şairlərinin məşhur qəzəlləri və ənənəvi cızma naxışlar həkk olunmuşdur. Hazırda Milli Azərbaycan Tarixi Muzeyində, eləcə də digər muzeylərdə saxlanılan camların üzərində ərəb əlifbası ilə yazılar nəqş olunmuş məmulatlar çoxluq təşkil edir. Bu kitabələrdə “Qurani-Kərim”dən ayələr, klassiklərin əsərlərindən şeir parçaları, qab sahibinin, nadir hallarda isə ustanın adı və tarix həkk olunmuşdur.

Orta əsrlərdə Gəncə, Şamaxı, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil kimi Azərbaycan şəhərləri mis məmulatı istehsalında öncül mövqe tutmuşlar. Bu şəhərlərdəki misgər emalatxanalarında döymə və zərbetmə üsulu ilə cam, sini, məcməyi, qazan və s. əşyalar istehsal edilmişdir. XIX əsrin sonlarından etibarən Rusiyanın “Kuznetsov” fabrikinin Şərq, o cümlədən Azərbaycan bazarlarını ələ keçirmək məqsədilə yerli tələbatı nəzərə alaraq istehsal etdiyi çini və saxsı qablar geniş dəb aldığından, mis piyalə, cam və kasalar dəbin təsiri ilə aradan çıxmağa başlamışdı.