AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Can əvəzinə can

Nümunənin reyestr kodu : FL0110050004

Bir gün bir kişi dünyasını dəyişirmiş. Oğluna vəsiyət eliyif ki, get, filankəsdə, filankəsdə borcum var, al, filankəsə də borc verə​siyəm, onu ver, qayıt gəl. Mənim uje vaxdım çatıf, mən ge​dəjəm. Bu oğlan getdiyi yerdə görüf yolnan bir atdı gedir. Gəlif buna yanaşır. Deyir ki, hara gedirsən? Deyif belə-belə. Deyif: “Mən də sənnən gedirəm”.

Bular yolda çörəh yiyəsi olullar. Kişi də oğluna tapşırıf ki, yoldaş olduğun adama birinci çörəyini ver, o kəssin. Əgər o kəsif çoxunu özünə götürüf azını saa versə, o adamnan uzaxlaş, onnan yoldaş olma, ehtibar yoxdu ona. Amma azın özünə götürüf çoxun saa qaytarsa, o adamdan saa xeyir gələr, onnan yol yoldaşı ol. Getdihləri yerdə deyir bir tikə çörəh kəsəh. Oturullar. Oğlan çörəyi çıxardır bu böyründəki yoldaşa uzadanda o alır çörəyi, yeddi tikə qərəli kəsir, qalanını qaytarır oğlana. Oğlan fikirrəşir: “Hə, atamın vəsiyətidi, demək, bunnan yoldaş olmax olar”.

Bunnan gedillər. Bir az getmiş deyir: “Sən get, mən bu yola dönüf qayıdıram”. Dönür belə kəndin qırağına. Bir də görür ki, bu getdiyi yerdə bir qiyamət, bir qışqırışma qopdu. Qayıdır gəlir, bunnan gedillər. Bir az getmiş gənə deyir: “Mən bura dönüf qayıdıram”. Görür orda da qışqırışma düşdü. Uje bu oğlan şübhələnir. Deyir ki, qardaş, nəyə görə sən mənnən aralanıf gedəndə, getdin orda kimisə döydün, söydün, nağardın ki, qiyamət qopdu. Mən isdədim gələm saa kömək eliyəm. Deyif: “İndi ki bunu mənnən soruşursan, qardaş, biz çörəh kəsmişih, – gör duz-çörəh nə qədər qiymətdidi, – mən sirrimi saa deməliyəm. Mən Azreyiləm. Həmən yerdəkilərin ajalı çatmışdı, onçün saa de​dim ki, get, gəlirəm. Getdim oların canını aldım. İndi sən gedirsən, borc alacağın adamdan birinci borcunu al, soora düş atdan. Borcunu almamış düşmə”.

Bular gedillər. Bu oğlan dirənif ki, yox ey, atamın vəsiyyətidi, gərəh mən birinci borcumu alam, onnan sora düşəm sizə. Bunun borcunu verillər. Verən kimi həmən adam dünyasını dəyişir. Azre​yil deyir ki, görürsən, ona görə saa dedim ki, birinci borcunu al, onnan sora atdan düş. Sən düşəjeydin, bu ölənnən sora bunnan borc ala bilmiyəjeydin.

Deyir: “Yaxşı, indi ki belədi, biz yoldaşıx. De görüm, buyünnən belə mənim neçə il ömrüm var?” Deyir: “Buyünnən belə sənin iyirmi il ömrün var. Amma çalış tez evlən, yurdunda bir nişanan qalsın”.

Bu yazıx da pis zamana imiş da, kasıfçılıxdı, nədi, bu gün burda, savah orda. Yubanır, yubanır, iyirmi il tamam olan günü toy eliyir özünə. Toy eliyir, gəlini gətirif evə qoyur. Çağırıllar bunu. Çıxıfdı ki, uje Azreyil kəsif qapını. – “Qardaş, bəs nağarmısan?” Deyif: “Vallah, indicə toy eləmişəm, gəlini gətirif düşürmüşəm evə”. – “Bə niyə belə eləmisən?”

Deyif: “Nağarım, imkan olmuyuf”. Anasına deyif: “Ana, uje mənim vaxdım çatıf, Azreyil canımı almağa gəlif”. Anası qışqırıf: “Yox, ay bala, mənim canımı alsın”. Azreyil ona yönələndə deyif: “Yox, başına dönüm, kimə gəlmisənsə ona get”.

Sora atasına deyif, atası da deyif: “Gəlsin mənim canımı alsın”. Azreyil buna yönələndə bu da deyif: “Kimə gəlmisən, get onun canını al”. Bu gəlin baxıf ki, Azreyil oğlanın canını alajax. Deyif ki, mənim canımı al. Gəlin də indicə gəlif, heş bu oğlannan salam məlöykü yoxdu. Bu, nə qədər gəlinin üsdünə yönəlifsə, gəlin elə dediyin deyif: “Yox, mənim canımı al, oğlana dəymə”. Demək, Allah-talaya bunun ehtibarı, etiqadı o qədər xoş gedifdi ki, bu günnən belə bu oğlana əlli il ömür verif. Azreyil deyif: “Allah-taladan səda gəldi, sənin o yoldaşın heylə ehtibarrı olduğuna görə əlli il saa ömür verdi, get yaşa”.

Mətni söylədi: Hüseynova Minayə İsa qızı, Ağcabədi rayonu Afşar kəndi, 1946-cı il təvəllüdlü.