AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məişət nağılları

Nümunənin reyestr kodu : FL0110050001

Azərbaycan məişət nağılları sehrli və heyvanlar haqqında nağıllarla müqayisədə, əsasən, ictimai və məişət problemlərinə daha yaxındır. Başqa nağıl qruplarından fərqli olaraq burada uydurma təsəvvür olunan hadisələrin adi düşüncə normalarına uyğun gəlməsi əsasdır. Fantastik uydurma bu halda da bütün təhkiyənin əsasını təşkil edir.

Öz məzmununa görə məişət nağılları müxtəlifdir. Bu nağıllar tapmacanın, çətin sualın müdrik cavabı, rəhmsiz və ağılsız padşahın, ağanın, mollanın, tənbəlin ələ salınması və sair barədə süjetləri birləşdirir. Məişət nağıllarının mövzusu kimi mənşəyi də müxtəlifdir. Müdrik cavab, məsləhət haqqında süjetlər qədim mərasim, toy qaydalarından doğur, yelbeyin, fərsiz barədə, quldur və oğrulardan bəhs edən süjetlərin mənbəyi məişətlə bağlıdır. Bir sıra nağıllar isə təbəqələr arasındakı ictimai ziddiyyətlərdən törəyir.

Məişət nağıllarının öz süjet dövrəsi, obrazları, spesifik bədii təsvir vasitələri var. Sehrli nağıllardan fərqli olaraq, onlar tamamilə başqa ideya və zəmin əsasında qurulur. Xalqın əxlaqi görüşləri, ədalətli hökmdar haqqında təsəvvürləri bu nağılların məzmununu müəyyənləşdirir. Məişət nağıllarının qəhrəmanı həqiqi dünyada yaşayır, öz zirəkliyi, ağlı ilə istəyinə çatır. Sehrli nağıllarda qəhrəman qarşıya qoyduğu məqsədə sehrli əşya və köməkçilərin köməyi ilə çatırsa, məişət nağıllarında ağlın, zəkanın, hazırcavablığın köməyi ilə nail olur. Ona görə də Azərbaycan məişət nağıllarında baş rolun iştirakçıları hazırcavab çobanlar, ağıllı qardaşlar, zirək və hazırcavab qızlar, müdrik və ədalətli şahlar, qazılardır. Padşahın verdiyi çətin suala naxırçının ağıllı qızı və ya adi çoban cavab tapır, qardaşlar yerdəki izə görə itmiş dəvənin əlamətlərini müəyyənləşdirirlər, düşmən ölkəni müharibə ilə hədələdikdə padşah ağıllı, hazırcavab insanların sayəsində ölkəni xilas etməyə nail olur. Bir sözlə, bu nağıllar insan ağlının, zəkasının bir təntənəsinə çevrilir. Məişət nağıllarında da köməkçi iştirak edir, amma sehrli nağıllardan fərqli olaraq bu funksiyanı fantastik predmetlər və ya varlıqlar deyil, mürdik qocalar, ağıllı insanlar yerinə yetirir. Qəhrəman məhz onlardan aldığı məsləhət sayəsində məqsədinə çatır. Ona görə də məişət nağılları digər nağıl qrupları ilə müqayisədə reallığa, həyat həqiqətlərinə daha yaxındır.

Məişət nağıllarının bədii məkanını səciyyələndirsək, fantastiklikdən deyil, şərtilikdən danışmalıyıq. Bu şərtilik nağılçının təqdim etdiyi tipikləşdirmə vasitəsidir. Eyni cəhəti məişət nağıllarının zamanı haqqında da demək olar. Təsadüfi deyil ki, nağılçı nağıldakı hadisələrin məkan və zamanını xəbər verərkən bəzən bir kəndin, şəhərin adını çəkir. Dinləyiciləri yaxın bir kəndə, şəhərə aparır, özünü hadisələrin iştirakçısı kimi təqdim edir. Burada bir cəhəti də yada salmalıyıq. Bütün bunlar o demək deyil ki, məişət nağılları sehrli nağıllarla müqayisədə son dövrlərin məhsuludur. Belə bir fikir yanlış olardı. Çünki bu tip nağıllarda da arxaik elementlər, zəif hiss olunsa da, vardır.

Məişət nağıllarında konflikt məişət çərçivəsində inkişaf edir. Bu tip nağıllarda məişət motivləri nağılların əsasını təşkil edir. Məişət nağıllarının qəhrəmanı fəal olur, o, əsasən, möcüzəli köməkçilərsiz hərəkət edir.

Sehrli nağıllarla müqayisədə məişət nağılları üçün ənənəvi formullar, epitetlər, çoxsaylı təkrarlar səciyyəvi deyil. Məişət nağıllarında həyatın təsviri, hadisə iştirakçıları (kəndli, tacir, muzdur, molla, qazı və b.) sehrli nağılların təmtəraqlı üslubunu qəbul etmir. Məişət nağıllarında daha çox ümumdəyər səciyyəli epitetlərdən istifadə olunur.

Məişət nağılları özünəməxsus sonluqla bitir. Sonluqda nağıl boyu təsvir olunan hadisələrin nəticəsi ifadə edilir. Bəzən isə nağılın nəticəsi aforizm şəklində atalar sözü və məsəllə ifadə olunur, həm də bu, mücərrəd formada deyil, məzmunla sıx bağlı olur. Məsələn, “Yaxşı deyiblər, su axar, çuxurunu tapar”, “Əsl qazanc zəhmət, bacarıq, ağıl nəticəsində əldə edilir” və s.