Cəfərova Şərqiyyə (nağılçı)
Şərqiyyə Əli qızı Cəfərova 1946-cı ildə Saatlı rayonunun Hacıqasımlı kəndində anadan olub. Yeddinci sinfə qədər Hacıqasımlı kənd orta məktəbində oxuyub, daha sonra təhsilini Saatlı şəhərində qiyabi davam etdirib. Uzun müddət Saatlı rayon xəstəxanasında tibb bacısı işləyib.
Şərqiyyə Cəfərova yas məclislərini aparmasına baxmayaraq, tək bir janr üzərində köklənməyib, olduqca zəngin repertuara malikdir. Onun repertuarından sehrli nağıllar, dini nağıllar, novellavari nağıllar və qaravəllilərə dair maraqlı nümunələr, həmçinin lətifələr, peyğəmbərlər, dini şəxsiyyətlər haqqında rəvayətlər yazıya alınmışdır. Ümumiyyətlə, Şərqiyyə Cəfərovadan 24 nağıl, 10 əfsanə və rəvayət, 6 lətifə toplanmışdır.
Şərqiyyə Cəfərova uşaqlıq illərini şifahi ənənənin gözəl bilicisi Seyid Xədicənin yanında keçirmişdir. Özünün dediyinə görə, payız axşamları, məhərrəmlikdə, orucluqda ağbirçəklər Seyid Xədicəgilə yığılardılar. Həm hana toxuyar, həm də maraqlı söhbət edər, hədislər danışardılar. Uşaq vaxtından belə söhbətlərə marağı olan Şərqiyyə Cəfərova ağbirçəklərin yanında oturub söhbətlərinə qulaq asmaqla, onları hafizəsində saxlamışdır.