Tarixi şəxsiyyətlər haqqında rəvayətlər
Nümunənin reyestr kodu : FL0111040001
Azərbaycan rəvayətlərinin bir qismi tarixi şəxsiyyətlər, konkret tarixi hadisələrlə bağlı yaranmışdı. Belə rəvayətlər tarixi hadisələrin konkret şahidləri tərəfindən yaradılsa da, ağızdan-ağıza keçdikcə dəyişikliyə uğramış, öz tarixi zəminindən uzaqlaşmışdı. Bəzi şişirtmələrdən, təxəyyül və fantaziyadan istifadə olunmasına baxmayaraq, bu rəvayətləri danışan şəxslər oradakı qəhrəmanların gerçəkliyinə, hadisələrin həqiqiliyinə inanır.
Tarixi şəxsiyyətlər haqqında rəvayətlər vacib tarixi hadisələr əsasında formalaşır və bölgə sakinlərinin tarixi keçmişi haqqında məlumat əldə etmələri üçün şifahi qaynaq rolu oynayır. Ona görə də, bölgənin keçmişinin, tarixinin öyrənilməsində, tarixdə baş vermiş hadisələrə bölgə sakinlərinin münasibətinin müəyyənləşdirilməsində bu rəvayətlərin rolu danılmazdır. Məhz bu səbəbdən belə rəvayətlər bir çox tarixi əsərlərin mövzusu olmuş, bəzi tarixi hadisələrə işıq tutulmasında vacib mənbə rolunu oynamışdı.
Tarixi şəxsiyyətlər haqqında rəvayətlər həm ümumilli, həm də regional səciyyə daşıyır. Makedoniyalı İsgəndər, Şah Abbas, Nadir şah kimi bir çox tarixi şəxsiyyətlər haqqında rəvayətlər ümumilli səciyyə daşıyır və onlar haqqında mətnlərə Azərbaycanın müxtəlif bölgələrində rast gəlmək mümkündür. Amma bəylər, xanlar və b. bu kimi məhdud bölgə daxilində tanınan şəxslər haqqında rəvayətlər isə məhəlli xarakter daşıyır, yalnız bu bəylərin yaşadığı, onların nüfuzunun yayıldığı region daxilində yayılmış olurlar. Bunun nəticəsidir ki, Qarabağ xanları haqqında rəvayətlər Qarabağ zonasında, Soltan bəy, Paşa bəy haqqında rəvayətlər Laçın və ətraf rayonlarda, Şəmşəddin sultanları, Tovuz bəyləri – Allahyar bəy, Nəsib və Usub bəy qardaşları haqqında rəvayətlər isə Tovuz və ətraf rayonlarda geniş yayılmışdı.
Azərbaycan folklorunda tarixi şəxsiyyətlərə maraq İsgəndər haqqında rəvayətlərlə meydana çıxır. Bu obrazın xalq arasında məşhurlaşmasında İsgəndərin vaxtilə bu bölgəyə təşkil etdiyi yürüşlə yanaşı, müsəlmanların müqəddəs kitabı Quranın da böyük təsiri olmuşdu. İsgəndər haqqında rəvayətlər bəlli sayda süjetlərlə – “İsgəndərin ölümü”, “İsgəndərin zülmətə səfəri”, “İsgəndərin əbədi həyat qazanmaq istəməsi”, “İsgəndərin quşlardan və balıqlardan bac alması”, “İsgəndərin xəzinəsi” süjetləri ilə məhdudlaşır. Ondan fərqli olaraq, xalqın yaddaşında ədalətli hökmdar kimi qalan Şah Abbas haqqında rəvayətlər şifahi ənənədə daha geniş yayılmış, süjet tərkibinin rəngarəngliyi, çeşidliliyi ilə seçilir. Şah Abbasın ədalətli hökmdar olması haqqında təsəvvürün formalaşmasında onun hakimiyyəti dövründə aldığı qərarlar, Səfəvi torpaqlarını Osmanlı işğalından azad edib bir hakimiyyət altında birləşdirməsinin mühüm rolu olmuşdu.
Tarixi şəxsiyyətlər haqqında rəvayətlərin böyük bir qismini sosial ədalətsizliyə, sovet rejiminə, işğalçı güclərə qarşı aparılan mübarizə təşkil edir. Bu yarımqrupa çar zülmünə qarşı mübarizə aparmış Qaçaq Nəbi, Qandal Nağı, Qaçaq Kərəm haqqında, sovet rejiminə qarşı vuruşmuş Sarıtel Aslan, Kürdoğlu Məhəmməd, Əlyanlı qaçaqları, Sobu qaçaqları və b. haqqında rəvayətlər daxildir. Azərbaycan folklorunda bu mətnlər daha çox qaçaqçılıq folkloru kimi tanınır. Maraqlı haldır ki, sovet dövründə rejimə qarşı mübarizə aparmış bu şəxslər vaxtilə xalq düşməni kimi damğalanmış və onları xalqın gözündən salmağa çalışmışlar, amma rəvayətlərdə bunun tam əksi – xalqın öz qəhrəmanlarına sevgisi, məhəbbəti müşahidə olunur, onların rejimə qarşı apardığı mübarizə, göstərdiyi igidlik obrazlı şəkildə öyülür, tərənnüm olunur. Sonralar bu rəvayətlərdən istifadə etməklə aşıqlar “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Qandal Nağı” haqqında dastanlar yaratmışlar.
Tarixi şəxsiyyətlər haqqında rəvayətlər konkret tarixi şəxsiyyətlərlə bağlı olsa da, beynəlxalq süjet və motivlər, yazılı mənbələrdən gələn mətnlər hesabına süjet tərkibini xeyli genişləndirmişdi.
-
Azərbaycan türklərinin xalq rəvayətləri
Sədnik Paşa Pirsultanlı
2011
-
Əsatirlər, əfsanə və rəvayətlər
Tərtib edənlər: Arif Acaloğlu, Cəlal Bəydili
2005
- Tərtibçilər