Çayçı
Nümunənin reyestr kodu : DA0104000070
Azərbaycanda qədim zamanlardan bəri müxtəlif otlar, giləmeyvələr qaynadılıb dəmlədilərək isti halda içilirdi. Bu dəmləmələr həm süfrə içkisi, həm də müalicəvi məqsədlərlə istifadə olunurdu. XIX əsrdən Azərbaycanda çay bitkisindən istifadə yayılmış, əsrin sonunda Lənkaran qəzasında çay bitkisi becərilməyə başlanmışdır. İnsan orqanizmi üçün şəfaverici xüsusiyyətlərə malik olması çayı tezliklə süfrələrin sevimli içkisinə çevirmişdir. Bədənin ümumi yorğunluğunu aradan qaldıran çay əsəbləri sakitləşdirir, baş ağrısını aradan qaldırır, susuzluğu yatırır.
Adətən çay quru meyvələrlə, dişləmə qəndlə, müxtəlif mürəbbələrlə, şirniyyatla içilmişdir. Çayın yayılması müəyyən qədər əhalinin sosial təbəqələrinin vəziyyəti ilə bağlı olsa da, zənginliyindən asılı olmayaraq çay dəstgahı süfrə mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Yemək öynəsindən asılı olaraq çayın qəbulu fərqlənmişdir. Məsələn, səhər yeməyində şirin çay, günorta və ya axşam naharı zamanı isə dişləmə çay içilmişdir.
Çayın asudə vaxtda, istirahət zamanı içilməsi çayçı peşəsinin, çayxanaların yaranmasına gətirib çıxarmışdır. Xüsusi ilə şəhər və qəsəbələrdə, əhali sayı çox olan kəndlərdə geniş yayılan çayxanalarda müştərilərə çayla yanaşı, qəlyanaltılar da verilir. Əsasən kişilərin məşğul olduğu çayçılıq peşəsi müəyyən inkişaf yolu keçmişdir. Əvvəllər çayçılar bazarlarda və digər ictimai yerlərdə fəaliyyət göstərən dükanlarında çay dəmləyir, siniyə üst-üstə yığılan stəkanlarda müştərilərə çay paylayırdılar.
Çayçı əsasən qara quru çay yarpaqlarından çay dəmləyir, bəzi hallarda kəklikotu, digər müalicəvi otlardan da əlavə olaraq çay dəmlənir. Bu, çayçının öz seçimi, eyni zamanda sifarişlə də olur. Çay quru və sərin yerdə saxlanılır. Çayçı quru çayın üzərinə dağ su tökür, 5-7 dəqiqə ocaqda dəmləyir. Müştərinin zövqünə görə çaya hil, mixək, darçın, zəncəfil və s. ədviyyatlardan da qatılır, bu, çaya özünəməxsus dad və ətir verir. Çay üçün su mis, tunc çaydanda və ya samovarda qaynadılır, çini qəhvədanda (dəm çaydanı) dəmlənilirdi. Çayçı qəhvədanın vam ocağın üzərində dəmlənməsini diqqətlə izləyir, qaynamasına imkan vermir. Çayın masalara verilməsinin də özünəməxsusluqları vardır. Evlərdə çaydandan və qəhvədandan istifadə edilir, dəmlikdən bir qədər çay, samovar və ya çaydandan isə qaynar su stəkana (armudu və s.) süzülür. Çayxanalarda isə müştərilərə yalnız qəhvədanlar verilir, çayla birlikdə qənd nimçədə və ya qənddanda stola qoyulur. Çayçı masalarda çayın olub-olmamasını izləyir, müştərilərin sifarişlərini yerinə yetirir, masanın təmizliyinə nəzarət edir.
Tədricən qəhvəxanaları əvəz etməyə başlayan çayxanalar əhali arasında ünsiyyəti artırırdı. Əsasən kişilərin toplaşdığı çayxanalarda müxtəlif stolüstü oyunlar (nərd, şahmat və s.) oynanılır, qəlyan çəkilirdi. Buraya təkcə çayxor adamlar deyil, həm də gündəlik xəbərləri dinləmək, həmşəhərliləri ilə hal-əhval tutmaq istəyənlər yığışırdılar.
Azərbaycanda XX əsrin əvvəllərindən çayçı peşəsi yayılmış, məşhur çayçılar adla tanınmışdır. Hətta çayçıların bir neçə şagirdi olar, müştərilərə xidmət edərdilər. Maraqlıdır ki, Azərbaycanın ən görkəmli maarifçilərindən biri, pedaqoq Məhəmməd Tağı Sidqi kasıblığın daşını atmaq üçün Ordubadda çayxana işlətmiş, burada toplaşan insanların dünya hadisələrindən xəbərdar olması üçün mümkün vasitələrdən istifadə etmişdir. Təsadüfi deyil ki, onun bu çayxanası görkəmli şəxsiyyətlər tərəfindən “maarif ocağı” kimi də qiymətləndirilirdi. Oğlu Məmmədəli Sidqi nəhəng pedaqoqun çayxanası haqqında bunları yazmışdır: “O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi olduğuna, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunurdu. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan “Nasiri”, Baxçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi “Tərcüman”, İstanbulda çıxan “Əxtər” qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri arasında gizlicə oxunarmış”.
Müasir dövrdə rayon mərkəzlərində, iri kəndlərdə çayçı peşəsi ənənəvi xüsusiyyətlərini saxlamaqdadır.
-
Azərbaycan qanaqpərvərliyi
Şirin Bünyadova
2005
- Tərtibçi və biblioqrafiya
-
El ocaq başına yığışar
Tofiq Babayev
1998