AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çilingağac

Nümunənin reyestr kodu : FO0104000003

Çiling və toxmaqla oynanılan uşaq oyunlarından biridir. Əsasən açıq sahədə oynanılır. Oyunun qaydası belədir:

Oyuna başlamazdan əvvəl iki nəfər bəy durur, digər oyun​çular isə özlərinə şərti ad qoyaraq iki-iki halay bəylərin yanına gəlirlər. Məsələn, biri özünə “qar”, digəri “yağış” və yaxud biri “qoz”, digəri “fındıq” adını qoyur. Halay bəy hansını seçsə həmin oyunçu onun yanında, digər oyunçu isə digər halay bəyin yanında durur. Dəstənin bütün üzvləri məlum olduqdan sonra işləyən tərəfin kim olduğunu müəy​yən etmək üçün püşk atılır. Püşkü udan tərəf başda qalır, uduzan dəstə isə işləyən tərəf olur. Həmin dəstənin üzvləri ətrafa dağılaraq hər kəs öz yerini alır.

Oyun çiling və toxmaqla oynanılır. Çiling bir qarış uzunluğunda, toxmaq isə ən azı yarım metr uzunluqda olur. Öncə yerdə çala qazılır. Ona mətə deyilir. Vuruşu edən şəxs də mətənin baş tərəfində duraraq vuruşları gerçəkləşdirir.

Oyun üç mərhələdən ibarətdir. Birinci mərhələ toxmaq vuruşu adlanır. Bu mərhələdə toxmağın yuxarısından bir qarış buraxaraq aşağısından əllə tutulur. Daha sonra çiling toxmağın ucuna qoyulur. Çilingi havaya atıb toxmağın arxasıyla onu irəli vururlar. Vuruşu etdikdən sonra toxmaq mətənin ortasına qoyulur. Çiling havada ikən rəqib oyunçu onu ya əli ilə tutmağa, ya da əlindəki toxmaqla vurmağa çalışır. Çilingi tuta bilər​sə, vuran oyunçu yanır. Tuta bilmədikdə isə çiling hara düşübsə, oradan atıb toxmağı vurmalıdır. Vura bilirsə, həmin şəxs yanır, bu səfər vurmaq növbəsi dəstənin o biri üzvünə keçir. Çiling havada ikən rəqib oyunçu toxmaqla onu vurduqda isə, cəza olaraq vuruşun biri artır. Yəni çilingi oyuna daxil edən tərəf əvvəl üç toxmaq vurma​lı idisə, indi dörd vuruş etməli olur.

Toxmaqda hər oyunçunun üç dəfə vuruş etmək haqqı olur. Üç vuruşdan sonra yanqu vuruşu gəlir. Yanquda vuruşların sayı beş, yeddi və daha çox ola bilər. Bu oyun​çular arasındakı razılıaşmadan asılıdır. Yanqu vuruşunda oyunçu çilingi havaya atıb toxmaqla onu irəli vurur, rəqib oyunçu isə toxmaq​la çilingi havada ikən vurmağa çalışır. Vura bilərsə, həmin oyunçu yanır. Vura bilmədikdə isə çilingi mətəyə elə atmalıdır ki, o bir ağac boyu qədər mətəyə yaxınlaşmalıdır. Vuran tərəf mətəylə çilingin ara​sındakı məsafəni ölçür, əgər çiling bir ağac boyundan yaxın düşübsə, vuruşu edən tərəf yanır.

Yanqu vuruşu qurtardıqdan sonra qara yan​qu gəlir. Qara yanquda isə vuruşların sayında məhdudiyyət yoxdur. Rəqib oyunçular çilingi mətənin içinə salana qədər oyun davam edir.