AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Carcar

Nümunənin reyestr kodu : DA0303010004

Azərbaycanın ənənəvi əkinçilik аlət və vаsitələrinin kоmplеksinə aid edilən, tаxılın döyülməsində istifadə olunan vəl uzun inkişaf yolu keçmişdir. Daş vəl, ağac vəl, carcar, döyümdaşı vəlin növləri sayılır. Sürütmənin ən təkmil və geniş yayılmış növlərindən biri kimi vəl, əsasən, ağacdan, qismən də daşdan düzəldilirdi. Dağ və dağətəyi bölgələrdə, bir qayda olaraq, vəllər iri və qalın olurdu ki, bu da döyüm prosesini nisbətən asanlaşdırırdı. Düzənlik ərazidə isə əksinə, taxılın daha quru olması ilə əlaqədar, vəllər yüngül və kiçik həcmli olurdu. Yerli şərait, taxılın növü və qoşqu qüvvəsindən asılı olaraq, ağac vəllər iki cür – tay və qoşa olurdu. Tay vəl qoşa vələ nisbətən sadə, ağır və nisbətən iri idi.

Orta əsrlərdə taxılın döyülməsində həlledici alət ağac, daş vəllərlə yanaşı, qismən də carcarlar olmuşdur. Quruluşca bir-birinə oxşayan bu alətlər döyüm prosesində biri digərini tamamlamış və prosesi sürətləndirməyə zəmin yaratmışdır. Carcar öz quruluşu etibarilə daha təkmilləşmiş döyüm aləti olmuşdur.

Hazırlanması nisbətən asan və sadə quruluşa malik olan döyümdaşı dövr etibarilə daha qədimdir. Döyümdaşının uzunluğu 1-1,25 m-ə qədər olub, müxtəlif diametrlidir. Daşın üzəri ya kələ-kötür, ya da müxtəlif istiqamətdə oyulmuş cızıqlardan ibarətdir ki, bu da taxılın döyülməsini asanlaşdırır və tezləşdirir. Döyümdaşının hər iki ucu oyularaq ox keçirilir. Oxun ucları ağac qol vasitəsilə boyunduruğa bərkidilir. Qoşqu heyvanı xırmanda küləşin üstü ilə gəzən zaman bu alət öz oxu boyunca fırlanır və taxılı döyür.

Taxılın döyülməsində əsrlər boyu istifadə edilən alətlərdən ağac carcar daha mürəkkəb quruluşa malikdir. Carcar davamlı ağacdan hazırlanaraq üç əsas hissədən – çərçivə, ox və oturacaqdan ibarətdir. Qolların qalınlığı 10-12 sm, uzunluğu 2-2,5 metrə qədər olurdu. Möhkəm pərçimlənmiş çərçivəyə araba oxuna bənzər iki ox keçirilirdi. Onların gövdəsinə təxminən 15-25 ədəd kərkiyə oxşar dəmir sancılırdı. Bu metal hissələrin bəzən daş və ağacdan düzəldilməsi də məlumdur. Çərçivənin ortasına taxtadan düzəldilən oturacaq bərkidilirdi. Çarçar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi “diri” qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb “dənə düşəndən” sonra xırmanda ağac vəllə sürülürdü. Çox vaxt isə qalın küləşli xırmanda əvvəlcə carcar, sonra vəl sürülürdü. Buna görə carcarla vəl döyüm prosesində bir-birini tamamlayırdı.

Xırmanda taxıl döyümü zamanı ağac yaba, şana, kürək, xəlbir, şadara, hövsər və b. əmək alət və vasitələrindən istifadə edilirdi. Taxıl döyülüb qurtarandan sonra sovrulub bir kənara “tığ” yığılır, xırmanda qalan saman yığan vasitəsilə topalanır, sonra da səbət və ya araba ilə daşınıb samanlığa yığılırdı. Digər dənli bitkilərdən fərqli olaraq, çəltik döyülüb bəlimdən çıxarılandan sonra həm də sərilib qurudulur və təkrar dibək və ya ding vasitəsilə döyülüb qılafdan təmizlənirdi.

Azərbaycanda m.ə. III minillikdən etibarən cüt əkinçiliyinin inkişafı daha təkmil döyüm qaydalarının tətbiqini tələb edirdi. Ona görə də döyüm qaydaları dövrünə görə daha əlverişli və münasib olmalı idi. Bu dövrdən döyümdə sadə vəl və onun işlədilməsində iribuynuzlu heyvanlardan istifadə edilmişdir.

Cənubi Qafqazda ağac carcar o qədər intişar tapmamış və əsasən Naxçıvan ərazisində yayılmışdır. “Carcar” Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində “vəli əvəz edən dəmir dişli alət” mənasında başa düşülür.

XVII əsrdə Azərbaycanda olmuş fransız səyyahı J.Şarden Naxçıvan, Culfa, Mərənd, Təbriz, Ərdəbil və Azərbaycanın başqa vilayətlərində carcardan genış istifadə edildiyini xəbər verir. Maraqlıdır ki, Osmanlı imperiyasında 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Cərcəyis kəndinin adı əksini tapmışdır. Tarixən azərbaycanlıların yaşadığı bu kənd XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasına aid olmuş, hazırda isə Ermənistanın Alagöz (Araqadz) rayonunun ərazinə daxildir.