AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qax

Rayon haqqında məlumat

Qax rayonunun adı haqqında bir neçə fikir söylənmişdir. Söylənən fikirlərin ən başlıcası odur ki, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olmuşdur. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatmışdır. Bu ad barəsində elmdə müxtəlif mülahizələr söylənsə də, bir həqiqət bizə məlumdur ki, hələ 3000 il bundan əvvəl, bu ərazidə yaşamış ən iri tayfalardan biri elə qax adlı tayfa idi. Həmin tayfanın bir qolu olan “er” qəbiləsi (“er”, “ər”, yəni cəsur, igid çox olduğundan qəbilədə onlar belə adlanırdı) hələ 2700 il bundan əvvəl xatırlanmışdı. Çox güman ki, qaxlar həmin ərazidə qədim dövrlərdən mövcud olmuşlar və böyük bir ərazidə yaşayırdılar. Güman ki, qaxlar III-IV əsrlərdə xristianlığı, VIII-IX əsrlərdə isə islam dinini qəbul etmişlər. Tədqiqatçı alim Nəbi Nəbiyev göstərir ki, Qax rayonu çoxlu bağlarla məşhur olduğundan, burada meyvə qurutmaq keçmişdən bəri yerli əhalinin məşğuliyyəti olduğundan bu ad meydana çıxmışdır. Tədqiqatçı Rəşid Təhməzoğlu isə Qax sözünün iki kökdən ibarət olduğunu qeyd edir. Yəni “qa” – yaşayış yeri, “ax” – çay yeri, çay məskəni kimi ifadə etməklə ilkin adının “Qaax” olmasını mümkün hesab edir. İ.Lineviç “Keçmiş İlusu sultanlığı” adlı əsərində İlusu sultanlığının Qax kəndinin qədim adının Torağay adlandırılmasını qeyd etmişdir. Qıpçaq-latın lüğətində “Torağay” sözü çökəklik, Mahmud Kaşğarlının “Divani Lüğət-it-türk” əsərində “Torağay” , “Toruq” kimi verilmişdir və dağlarla əhatə olunmuş gizlin yer və yaxud dağlar arasında gizlənmək üçün yer kimi açıqlanmışdır. Həqiqətən də, Qax rayonu üç tərəfdən dağlarla əhatə olunmuşdur və Qaxın Qıpçaq kəndinin mövcudluğu bu ərazidə V əsrdən burada qıpçaq türk tayfalarının məskunlaşdığını sübut edir.

2018-ci ilə olan məlumata əsasən rayon əhalisi 56.4 min nəfər olmaqla 59 yaşayış məntəqəsini (1 şəhər, 58 kənd) özündə birləşdirir. 82.51 %-ni azərbaycanlılar, 13.98 %-ni ingiloylar, 1.89 %-ni saxurlar, 0.48 %-ni ləzgilər və 1.14 %-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər və 58 kənd vardır. Qax Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. İnzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Rayonun ərazisi 1494 km2-dir. Şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala və cənub şərqdən Şəki inzibati rayonları ilə həmsərhəddir. Rayonun şimal və şimal-şərq hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissə Qanıx-həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Rayonun baş Qafqaz silsiləsinin cənub yamacına daxil olan dağlıq hissəsi dik və sıldırımlı olub, kəskin parçalanmış relyefə malikdir. Bu dağlıq ərazidə Yura və Təbaşir dövrlərinin dəniz mənşəli çöküntüləri yayılmışdır.

Rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarım rütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə 2 oS-dən yüksək, dağlıq ərazidə mənfi 100C-yə qədər, iyulda müvafiq olaraq 260C və 400C-dir. İllik yağıntı cənubda 300mm, şimalda 1600mm-ə qədərdir. Rayonun cənubunda quru, mərkəzdə mülayim isti və subtropik rütübətli iqlim, dağlarda soyuq, yağıntıların müntəzəm paylanması ilə səciyyəvi olan iqlim şəraitinə malikdir. Gördüyümüz kimi, burada nisbətən kiçik bir ərazidə dörd iqlim zonası vardır. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən Acınohur gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur. Rayonun iqliminin keyfiyyətlərindən biri onun xeyli sahədə subtropikliyidir.

Rayona aid qeyri-maddi mədəni irs nümunələri