Mis kasa
Nümunənin reyestr kodu : ST0702000022
Kasalar süfrə qabları sırasına daxil olub, əsasən duru yeməklərin və ağartı məhsullarını süfrəyə vermək üçün işlədilirdi. Duru xörəklərə ənənəvi olaraq müxtəlif növ şorbalar, piti, bozbaş, küftə, xaş, kəllə-paça, kələfir, püşdəmə, bozlama, düşbərə və s. daxildir. Bu xörəklər dərin boşqab və ya kasalarla, fərdi qaydada süfrəyə verilməklə, əsasən qaşıqla yeyilirdi. Bir qayda olaraq, duru xörəkləri çömçə ilə qazandan birbaşa kasa və boşqablara çəkirdilər.
Girdə formada düzəldilən kasa camın orta ölçülü forması olaraq, içərisi saya, üzəri naxışlı hazırlanırdı. Əsasən, süfrədə işlənirdi. Bir qayda olaraq, kasanın oturacağı dımıqlı düzəldilirdi.
Hazırda Azərbaycanın muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan, nümayiş edilən kasalar ölçü fərqlərinə, bəzək üsul və formalarına görə seçilir. Məsələn, XVIII-XIX əsrlərdə hazırlanmış mis kasaların ağzının diametri 13-20,7 sm, oturacağının diametri 7,5-24 sm, hündürlüyü 5-24 sm ölçüsündə olurdu. Kasaların üzərində bəzəklərlə yanaşı, dini sözlər, kasa sahibinin adı əksini tapırdı.
Kasa digər mis qablar kimi oxşar texnoloji əməliyyatlara uyğun hazırlanırdı. Proses zamanı mis ərintisi tədricən bərkiyib qəlibin formasına uyğun dairəvi təbəqə şəklinə düşürdü. “Qırs” adlanan həmin ərintilər ölçülərinə görə çeşidlənir, sonra qırslar “tapdanılırdı”. Birinci tovdan (qırsın qızdırılıb döyülməsi) çıxmış qalın mis təbəqəsi “girdəbur” istidöymə yolu ilə bir neçə dəfə tapdanmaqla “lavaşa” adlanan nazik təbəqə halına salınırdı. Kasa kimi qabları hazırlamaq üçün lavaşa bir sıra əlavə texnoloji proseslərdən keçirdi. Bu səbəbdən kasa kimi qabların istehsalı “izafə” adlanırdı. İzafə iş tutmaq üçün qabın hissələrinə uyğun olaraq lavaşa döyülüb çuxur (çökək) hala salınır, sonra “pəsdayı edilirdi”. Bir qayda olaraq qazan kimi dərin qablar bir neçə hissədən (dib, orta, boyun, qulp və s.) ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı.
Mis kasanın ayrı-ayrı hissələri müxtəlif növ zindan (“qiblə” zindan, “qulaqlı” zindan) üzərində döyülüb müvafiq formaya salınandan sonra “calğa” adlanan həmin hissələrin kənarı doğranıb dilimlənirdi. Calğa dəndələri bir-birinə keçirilərək ağız-ağıza birləşdirilir və zindan üzərində tapun ilə tapdanıb aşağı yatızdırılırdı. Bu əməliyyat başa çatandan sonra calğaların calaqları lehimlənib bir-birinə birləşdirilirdi. Ənənəvi misgərlik sənətində qalay, qurğuşun və duzdan hazırlanmış “qaraqaynaq”, sink, bürünc və tənəkardan ibarət “misqaynaq” adlanan iki cür lehim işlədilmişdir. Lehimləmədən sonra mis məmulatı (qazan) çarxa verilərək səthindəki çəkic izləri itirilirdi. Mis məmulatının bu qrupu “çarxı” qab, çarxa verilməyənlər isə “qaratapdaq” adlanırdı.
Kasanın kiçik növü olan “piyalə” altının oturacaqsız olması ilə fərqlənirdi. Evlərin daxili interyerinin bəzədilməsində piyalədən geniş istifadə edilirdi. Buna görə də piyalələrin bədii naxışlanmasına xüsusi diqqət yetirilirdi. Rəflərə düzülən piyalələr ailənin sosial vəziyyətini əks etdirirdi. İmkanlı ailələrdə hətta qızıl və gümüş piyalələrdən də istifadə olunurdu.
Orta əsrlərdə Azərbaycan misgərlərinin düzəltdiyi yüksək bədii keyfiyyətli məişət əşyaları dünya muzeylərinin fəxri eksponatlarına çevrilmişlər. Təbrizdə hazırlanmış bir neçə bürünc məişət əşyası Londonun Viktoriya və Albert muzeylərində saxlanır. 1319-cu ildə təbrizli usta Yusif Əhməd oğlu tərəfindən hazırlanmış bürünc cam və ya kasa xüsusilə diqqəti cəlb edir. Diametri 7,5 sm, hündürlüyü isə 19 sm olan bu qab Azərbaycanda qədimdən bu günədək geniş yayılmış ənənəvi saxsı kasaları andırır. O, üz tərəfdən cızma və döymə üsulu ilə çox lakonik tərzdə bəzədilmişdir. Kasanın üzərindəki bəzəklər iki hissəyə bölünmüşdür: qabın yuxarı hissəsini tamamlayan qurşaqvari bəzək və gövdəsində yerləşən dörd ədəd nəbati ornamentlərdən düzəldilmiş xonçalar. Qabın yuxarı hissəsinin qurşaqvari bəzəkləri xüsusilə maraqlıdır. Bu bəzək stilizə edilmiş zərif nəbati naxışlardan və kufi xətlə yazılmış sözlərdən ibarətdir. Buradakı yazı və nəbati ornamentlərin ardıcıl olaraq təkrarlanmasına baxmayaraq, sənətkar onları canlandırmaq üçün bəzilərini (sözləri) qabarıq, digərini isə (nəbati ornamentləti) nisbətən batıq verərək işıq və kölgə effekti yaratmışdır.
XIX əsrin sonlarından etibarən müxtəlif materiallardan məişət qabları istehsal edən zavod-fabrik məhsullarının geniş yayılmağa başlaması bir sıra məişət əşyaları kimi mis kasaların da tədricən məişətdən çıxmasına səbəb olmuşdur.